Lukaşenko Putinlə həmfikir olduğunu bildirib

81

 

“Bu gün onlar təxribata əl atıblar ki, biz hərbçilərimizi daxili fəaliyyətə çəkək”

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində baş verən qarışıqlıq məsələsində Rusiya prezidenti Vladimir Putinlə həmfikir olduğunu bildirib.

Bu barədə məlumatı “Sputnik Belarus” yayıb.

“Bu gün onlar təxribata əl atıblar ki, biz hərbçilərimizi daxili fəaliyyətə çəkək. Əşi, Putinlə həmfikirik: bütün bu qarışıqlıq boşuna deyil”.

Ölkə başçısı həmçinin hakimiyyətin çökmədiyini də vurğulayıb:

“Onlar insanları sosial şəbəkə ilə zəhərləyiblər. Bəziləri düşünüb ki, bitib, artıq hakimiyyət yoxdur, hakimiyyət çöküb. Hakimiyyət heç vaxt çökməyib. Siz məni bilirsiniz. Onlarla isə məşğul olacağıq. Sadəcə səbir etmək lazımdır”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Rusiya xüsusi texnikası Belarus sərhədinə doğru yola düşüb

Rusiyada 40-dək “Ural” və KamAZ markalı nömrəsiz yük maşınlarının Belarus sərhədinə doğru irəlilədiyi müşahidə edilib.

“Report” “Fontanka”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Conflict Intelligence Team (CIT) yayıb.

Məlumata görə, həmin nəqliyyat vasitələrində 600-dək insan yer ala bilər. Bununla birgə, “Twitter”də Belarusda ZTR karvanının görüldüyü barədə məlumatlar yayılıb.

Qeyd edək ki, avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sərhədyanı bölgədə yerləşən Vitebskdəki desant briqadasını ölkənin qərbindəki Qrodnoya göndərib. Buna səbəb ölkənin Qrodnoda vəziyyətin gərginləşməsinin qarşısını almaq olub.

Ukrayna Belarusdakı səfirini geri çağırıb

Ukrayna rəhbərliyi Belarusla münasibətlərin gələcək perspektivlərini qiymətləndirmək məqsədilə Minskdəki səfirini geri çağırıb.

Bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.Hurriyyet.org