Lukaşenko-Putin danışıqları: “Nə qədər lazımdır, o qədər də davam edəcək”

51

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar start götürüb.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.

Görüş Rusiya liderinin Soçi iqamətgahında təkbətək formatda baş tutur.

Putin və Lukaşenkonun ikitərəfli məsələləri və strateji tərəfdaşlığı müzakirə edəcəyi gözlənilir. Birlik dövləti çərçivəsində inteqrasiyaya və iri layihələrə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Peskovun sözlərinə görə, danışıqlar üçün limit müəyyənləşdirilməyib: “Nə qədər lazımdırsa, o qədər də davam edəcək”.

Prezidentlər görüşdən sonra ortaq sənədlər imzalamağı və mətbuat konfransı keçirməyi planlaşdırmırlar. Öz növbəsində Lukaşenko ikitərəfli münasibətlərin həssas məsələlərinə nöqtə qoyacağını söyləyib.

Soçiyə işgüzar səfər Belarus liderinin avqustun 9-da keçirilən və respublikada bir aydan çoxdur davam edən kütləvi etirazlara səbəb olan prezident seçkilərindən sonra ilk xarici səfəridir. Putin və Lukaşenko səsvermədən sonra şəxsən görüşməyiblər, ancaq bir-birlərinə bir neçə dəfə zəng ediblər.