“Lukaşenko müxalifət nümayəndələriylə danışıqlara gedəcək”

126

Qabil Hüseynli: “Belarusda siyasi yumşalmaların olması qaçılmazdır

“Belarus istəyir ki, Avropanın mərkəzində olan ölkə olsun və Avropa dəyərlərinə sahib olsun”

Son günlər Belarusdakı prezident seçkiləri ətrafında yaranan siyasi proseslər artıq geosiyasi ölçü əldə edib. Seçkilərdən sonra daha da gərginləşmiş mitinqlərdə ölən, yaralananlar və xeyli sayda saxlanılanlar var. Görəsən, Belarusdakı son proseslər kənardan idarə olunurmu?

Mövzuyla bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə söhbətləşdik. O, “Hürriyyət”ə açıqlamasında Belarus prezidenti Aleksandr Lukaşenkonun müəyyən güzəştlərə, müxalifət nümayəndələriylə danışıqlara gedəcəyini və siyasi yumşalmaların olacağını bildirib:

– Belarusun müxalifət lideri ölkəni tərk etsə də, xalq müxtəlif şəkildə etirazını davam etdirməkdədir. Belarusda proseslərin gedişini necə görürsünüz?

– Belarusda səslərin hesablanmasında müəyyən yalnışlıqlar oldu. Hər halda, rəsmi məlumata görə, Lukaşenko 80,8 faiz səslə qalib gəldi. Müxalifətin qadın namizədi Svetlana Tixanovskaya isə prosesləri yarımçıq saxlayaraq ölkədən çıxdı. Bu səbəbdən, müxalifətin aksiyaları səngiməkdədir.

Lukaşenko nə qədər səhvlərə yol versə də, bütövlükdə iradəli formada və əvvəlki kimi prezidentlik funksiyasıyla proseslərə başçılıq edir. Ona görə də, müxalifətin qalib gəlməsi yox dərəcəsindədir.

– Lukaşenkonun bu etirazlar qarşısında geri çəkilərək, saxlanılanların buraxılmasına göstəriş verməsi nəylə bağlıdır? O kütləvi etirazların artacağından, yoxsa xaricdən təzyiqlərin olmasından ehtiyat edir?

– Zənnimcə, Lukaşenkonun geriyə çəkilməsinin əsas səbəbi xarici basqıların olmasıdır. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Pompeo bəyan etdi ki, ABŞ Belarusa neft satmaya bilər. Belarus artıq Rusiyadan neft almır. Əksinə, nefti ABŞ-dan alır. Üstəlik də Avropa Birliyi və digər beynəlxalq təşkilatlar da seçkinin saxtalaşdırılması və seçki nəticəsində meydana çıxan nəticələrə görə, insanlara qarşı polis zorakılıqlarının həyata keçirilməsini pisləyiblər. Lukaşenko bu səbəbdən geriyə çəkilib. Saxlanılan adamlar da buraxılmağa başlanılıb. Məncə, Lukaşenko çox doğru addım atır.

– Belarus prezidenti bəyan etdi ki, aksiyalar bir neçə Avropa ölkəsindən gələn göstərişlər əsasında baş tutub. Bəzi media orqanları isə burda Rusiya xüsusi xidmət orqanlarının əlinin olduğunu düşünür. Həqiqətən də bu proseslər kənardan idarə olunur?

– Əlbəttə ki, xeyr. İnsanların içərisində təpər olmasa, aksiyaları təşkil etmək olmazdı. Xalq 26 ildir ki, Lukaşenkonun hökmranlığından bezib və yeni sima görmək istəyir. Həm də ölkədə müyyən dəyişikliklər oldu. Bu qədər dəyişikliklərin olması gözlənilən idi. Çünki xalq fəaldır. Fəal olmasa, istənilən xarici dövlət xalqı ayağa qaldıra bilərdi. Amma xaricdən də müəyyən təsirlər var. Bu, danılmazdır. Rusiya əvvəldən də bura 200-dən çox muzdlu ordu göndərmişdi. Xüsusi xidmət orqanlarına işləyən 33 nəfər həbs edildi. Digələri isə müxtəlif yollarla başqa ölkəyə keçə bildilər. Rusiya Belarusdakı vəziyyəti qarışdırmaq istədə də, amma tam buna nail ola bilmədi. Çünki xalq ayaq üstə və hər an tətikdəydi. Digər tərəfdən, xarici ölkələrdən gələn təpkilər xalqın daha da coşmasına və meydanlara axışmasına səbəb oldu. Düşünürəm ki, Lukaşnko müəyyən güzəştlərə və müxalifət nümayəndələriylə danışıqlara gedəcək. Siyasi yumşalmaların olması qaçılmazdır.

– Belarus üzərində Çin, Amerika və Rusiyanın rəqabət aparmasıyla bağlı iddialar haqda nə deyə bilərsiniz?

– Belarus üzərində ən çox iddialı olan Rusiyadır. Rusiya Belarusu öz ərazisinə qatmaq istəyir. Necə ki, Ukraynanı qatmaq istəyirdi, eləcə də Belarusu. O da ki, alınmadı. Çünki Belarus istəyir ki, Avropanın mərkəzində olan ölkəs olsun və Avropa dəyərlərinə sahib olsun.Hurriyyet.org

YƏHYA