LUKAŞENKO “İSTİ YAYIN BİTDİYİNİ” ELAN ETDİ – Əhalini iş başına dönməyə çağırdı

75

Belarus Prezidenti Aleksandr Lukaşenko artıq bir aya yaxındır davam edən kütləvi etirazların sona yaxınlaşdığına və ölkənin stabil həyata qayıtdığına dair açıqlama verib. “AzPolitika.info” xəbər verir ki, Belarus prezidentinin ölkədəki kolleclərin birinə səfəri zamanı söylədiyi fikirlər mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə ki, Lukaşenko çıxışında “isti yayın bitdiyini” elan edib. Bu barədə məlumat verən “BELTA” Agentliyinin yazdığına görə, Belarus prezidenti əhalini iş başına dönməyə çağırıb: “Artıq enerjini quruculuq istiqamətinə yönəltməyin vaxtı çatıb. Hər kəsin işə cəlb olunmasının vaxtıdır…”

Lukaşenko “isti yayın bitdiyini” məcazi mənada söylədiyini bildirib və bununla da ölkədə son dönəmdə baş verən və bütün dünyanın diqqət mərkəzində olan etirazlara son qoyulmalı olduğuna işarə edib. Lakin təhlilçilər Belarus prezidentinin guya etirazların səngidiyinə və hətta bitdiyinə dair optimizmini qətiyyən bölüşmürlər.

Belə ki, avqustun 9-da keçirilən və Lukaşenkonun guya 80 faiz səslə qalib gəlməsindən sonra başlayan etiraz aksiyaları səngimək bilmir. İki gün öncə, avqustun 30-da Minskdə keçirilən aksiyada 100 mindən artıq insan iştirak edib.

Aksiyadakı şüarlar isə dəyişməyib, insanlar Lukaşenkonun getməsini, təkrar seçki keçirilməsini və etirazçılara qarşı törədilən vəhşiliyə görə cavabdeh olanların hərbi tribunal qarşısında cavab verməsini tələb ediblər.

Müşahidəçilərin fikrincə, Lukaşenko nə qədər özünü arxayınlaşdırmağa çalışsa da, xüsusilə əhaliyə qarşı saymazyana üslubu, insanları “siçanlar” adlandırması, ictimaiyyət qarşısına avtomatla çıxması, əhalini hədələməsi və s. davranışları ilə daha da artıq qıcıq yaradır və etirazların alovlanmasına xidmət edir.

Tahir