Lukaşenko geri çəkilir…

225

 

“Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram”

Belarus Prezidenti Aleksandr Lukaşenka deyib ki, yeni seçki olmayacaq, ancaq o, hakimiyyəti bölüşdürməyə və konstitusiyanı dəyişməyə hazırdır. Amma prezident bunu etirazçıların təzyiqi altında etməyəcəyini söyləyib.

“Mənim nəyisə təzyiq altında etdiyimi görməyəcəksiz. Təkrar seçki olmayacaq, çünki bu halda Minsk Təkər Traktor Zavodu, Minsk Avtomobil Zavodu, BelAZ olmayacaq. Hər şey yarım ilə dağılacaq”, – Lukaşenko avqustun 17-də traktor zavodunun fəhlələri qarşısında çıxışında söyləyib. Xəbəri BelTA xəbər agentliyi yayıb.

O əlavə edib ki, konstitusiyaya hakimiyyətin yenidən bölüşdürülməsini mümkün edəcək dəyişikliklər üzərində iş artıq başlayıb, ancaq detalları açıqlamayıb.

Tixanovskaya əhaliyə müraciət etdi

“Belarusa rəhbərlik etməyə hazıram”

Belarusun müxalifət siyasətçisi Svetlana Tixanovskaya mübahisəli seçkidən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib.

Avqustun 16-da “YouTube”-da yerləşdirdiyi videomüraciətdə Tixanovskaya yeni ədalətli seçkinin keçirilməsini təmin edəcək hüquqi çərçivə yaratmağa çağırıb. Rəsmi seçki orqanının 80 faiz səslə qalib elan etdiyi Lukaşenko isə bu təklifi dərhal rədd edib.

37 yaşlı Tsikhanouskaya hazırda Litvadadır, videobloqer ərinin həbsindən sonra seçkiyə qatılıb. O deyib ki, təhlükəsizlik və hüquq-mühafizəəməkdaşları Lukaşenko hökumətini tərk edərək tərəf dəyişərlərsə onların keçmiş davranışı bağışlana bilər.

“Ölkənin sakitləşməsi və normal ritmə dönməsi üçün məsuliyyət götürərək milli lider kimi hərəkət etməyə hazıram”, – Tixanovskaya avqustun 16-da “YouTube” sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə deyib.

Lukaşenko isə hakimiyyətdə qalmaq əzmindən əl çəkmir, avqustun 17-də vertolyotla “Minsk təkərli dartıcılar” zavoduna gedib.

Belarusda baş verənlərə region ölkələrindən reaksiyalar gəlməkdədir. Polşa avqustun 17-də bəyan edib ki, Belarusla sərhədin monitorinqini aparır. Bu həftə Belarus ordusu Polşa və Litvayla həmsərhəd Qrodno regionunda təlimlər planlaşdırır.

Britaniyanın Xarici işlər naziri Dominik Raab avqustun 17-də bəyan edib ki, Lukaşenkonun təkrar seçilməsi saxtadır və Britaniya hökuməti seçkinin nəticələrini qəbul etməyəcək. “Bu saxta prezident seçkisindən sonra Belarus hakimiyyətinin dinc etirazçıları boğmaqdan ötrü əl atdığı zorakılığı dünya dəhşətlə izləyib”, – o vurğulayıb. “Britaniya nəticələri tanımır”, – nazir bəyan edib.

“Gedəcəyəm, bəlkə, bir və ya iki il sonra…”

Lukaşenko hakimiyyəti hansı şərtlə təhvil verəcəyini açıqladı

“Gəlin oturub konstitusiya üzərində işləyək və referenduma çıxaraq. Bundan sonra, konstitusiyaya əsasən, səlahiyyətlərimi təhvil verəcəyəm. Ancaq nə təzyiq altında, nə də küçə etirazları yolu ilə yox”.

TASS xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib.

O əvvəl-axır hakimiyyətdən gedəcəyini də vurğulayıb: “Əlbəttə, nə vaxtsa gedəcəyəm. Bəlkə, bir və ya iki il sonra. Ancaq konstitusiyanı naməlum birinə vermək olmaz. Çünki bu, fəlakətə yol açacaq. Mən ən çox elə bundan qorxuram”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.