Londonda yaşayan azərbaycanlı məmur övladları – ONLAR KİMLƏRDİR…

    18

    Onlar Dumanlı Albionda ancaq pul xərcləmirlər, həm də qazanırlar

    Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbəri gündəmin əsas mövzularından birinə çevrilib. Yada salaq ki, A.Məmmədov manat ekvivalentində təxminən 25 milyon xərcləməklə Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunur.

    Məlumata görə, onun qaynı, son prezident seçkilərindən sonra postunu itirən kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. O da cibində Britaniya vətəndaşı olmasını təsdiqləyən sənəd gəzdirdiyi xəbəri var. Yada salaq ki, 2017-ci ildə Asif Əsədzadə London küçələrində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” ilə “avtoşluq” etməsi əks olunan video ilə gündəmə gəlmişdi.

    Heydər Əsədovun oğlu Asif Əsədzadə ile ilgili görsel sonucu

    Video yayılandan sonra Hafiz Hacıyev “İngiltərədə heç bir məmurun, biznesmenin oğlunun etmədiyi qələti Heydər Əsədovun oğlu edir” deyə qəzəblənib naziri rüşvətxorluqda suçlamışdı. O, hüquq-mühafizə orqanlarını Heydər Əsədovu və Ziya Məmmədovu həbs etməyə çağırmışdı: “Görün o, nə qədər özündən çıxıb ki, avtomobilini təyyarəyə qoyub Londona aparır”.

    Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Azərbaycanın zəngin adamları sırasına daxil edilir. İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. Ona məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir. Böyük Britaniya vətəndaşı olduğu bildirilən İlqar Bəşirovun adı əsasən neft qaçaqmalçılığı ilə bağlı xəbərlərdə mərkəzi fiqur kimi keçib. İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və vətəndaşlığını daşıdığı Böyük Britaniyanı əhatə edir.

    Ä°lgili resim

    Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadəni şıltaq övlad adlandırmaq olar. Adı ilk dəfə Azərbaycan mətbuatının gündəminə təhsil aldığı Londonda özünün əvəzinə digər bir şəxsi imtahana yollaması ilə gəlmişdi. Məlum olmuşdu ki, Elnar Əsgərov Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi(manatın indiki kursu ilə təxminən 4 min 500 manatdan artıq). Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazmışdılar. Sonradan isə Elnar Əsgərovun Bakıya qayıtması barəsində məlumat yayılmışdı.

    Elnar Əsgərovun London macəraları bununla bitmir. O, Londonda təhsil alarkən adam bıçaqlaması haqda da xəbərlər vardı. E.Əsgərovun bıçaqladığı şəxsin milliyyətcə ingilis olduğu və hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilirdi.

    Dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1"in ”Qran Pri" yarışının təşkilatçısı Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Onun da Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar var.

    Məmur övladları maqnit kimi çəkən Avropa dövlətlərinin vətəndaşlığını alma qaydaları necədir? Hansı şərtlər, meyarlar əsas götürülür? Çamadanları yığmazdan əvvəl nələri bilmək vacibdir?

    Avropa dövlətlərində vətəndaşlıq almaq üçün alternativ yollar var. Mülk alırsan, yatırım qoyursan və vətəndaşlığı avtomatik olaraq satın almış olursan. “Washington Post” qəzeti bu xüsusda “Pulun varsa, vətəndaşı ola biləcəyin və ya yaşayış icazəsi ala biləcəyin 7 ölkə” sərlövhəli yazıya diqqət etmək lazımdır. Qəzet yazır ki, Macarıstanda vətəndaşlıq almaq istəyən əcnəbinin 322 min dollarlıq bond alması kifayətdir. Avropa Birliyi ölkələrindən fərqli olaraq Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Ən bahalı vətəndaşlıq verən ölkə Kiprdir. Burada vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır. Dominikan Respublikasında vətəndaşlıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müqəddəs Kits və Nevlis – Karib dənizində 2 adadan ibarət olan bu ölkədə vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır. Bundan başqa ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir. Antiqua və Barbuda – bu ölkələr də Müqəddəs Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən. Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən burada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir. Azərbaycanlı məmur övladlarının sevimli məkanı – Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt(2 milyon 340 min manat) ödəmək kifayətdir. İnvestor 750 funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır.

    Avstraliyada 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir. Almaniyada nisbətən ucuzluqdur. Burada isə minimum kapital 250 min avro təşkil edir. Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən az 10 işçisi olanlar vətəndaşlıq ala bilərlər. Bolqarıstan azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.

    Portuqaliya və İspaniyada 500 mindən çox avro ödəyərək daşınmaz əmlak alanlara vətəndaşlıq verirlər. Kanada əcnəbi şəxs ölkə iqtisadiyyatına 800 min Kanada dolları sərmayə yatırmalıdır ki, vətəndaşlıq ala bilsin. ABŞ-da varlı investorlar amerikan start-uplarına minimum 500 min dollar sərmayə yatırdıqda və minimum 10 leqal iş yeri yaratdıqda, biznesmen məşhur amerikan Green Card-nı əldə edə bilər./musavat.com/