Əllərimiz göydə, ürəklərimiz ELÇİ BƏYDƏ

    6

    Böyükdən böyük, uşaqdan uşaq olan öndərimiz!

    Nədən başlayım, bilmirəm. Hər çağ ödülə görə, şərtlə yazı yazmaqdan qaçmışam. Bu nədəndən adını ortalıq 50 il öncə – 12-14 yaşlarım olanda Azərbaycan tarixi müəllimimizdən eşitdiyim Əbülfəz Elçi Bəydən “umacaqlı” anım yazmaq ağır olduğu qədər də çətindir, bir az da utancvericidir.

    Yanılmıramsa, 6-cı sinifdə oxuyanda Bakıdan doğma Ağsu rayonuna “sürgünə” göndərildiyi pıçıltı ilə söylənilən, bir neçə ildir dünyasını dəyimiş Kamil müəllimin (Kamil Abdullayev,son iş yeri AzTV-nin ədəbi dram verilişləri redaksiyasında böyük redaktor – M.B.) gerçək Azərbaycan tarixindən dərs deməyi ilə gözlərimiz açıldı, ürəklərimiz Quzeydən Güneyə yönəldi, Təbrizlə bir döyünməyə başladı.

    Elə Əbülfəz bəyin də adını ARAZ KÖRPÜSÜ kimi onda(n) eşitdik, amma gözümüz önündə ağ saçlı, “yekəqarın” görkəmdə canlanırdı. Axı, universitet müəllimini ağlımızda, fikrimizdə başqa necə canlandıra bilərdik?!

    Universitetdə oxuduğum ilk ildə isə üzünü görmədiyim Əbülfəz müəllimin tutulduğunu eşitdim.

    Bir də 20-ci yüzilin 80-90-cı illərində Əbülfəz müəllimi bu yol lap yaxından gördüm və uca boylu, düz gövdəli, düz sözlü, boz(qurd) üzlü UCA BAYRAQ TUTAN ELÇİ BƏY kimi tanıdım!

    …1906-cı il doğumlu, 30 il öncə dünyasını dəyişən, Stalin repressiyasının ağrı-acısını “otaq şəraitində” “Allah Stalinə lənət eləsin!” deməklə “yelə verən” dədəm 1-ci kursun ilk tətilində kəndə qayıdanda Rəsulzadədən nə danışıldığını soruşdu. “Rəsulzadə kimdir” sualımı atam acı, tikanlı gülüşlə cavablandırdı. 15 il sonra bildim ki, heç demə, dədəmi faşist əsirliyindən qurtaran elə ULU ÖNDƏRİMİZ, BAYRAQ BABAMIZ Məhəmməd Əmin Rəsulzadə olub. Yoxdan bir BAYRAQ yapıb başı üzərinə qaldıran, “Bir daha yüksələn BAYRAQ bir daha enməz” deyə, onu özündən sonrakı nəsilə əmanət edən ULU ÖNDƏRdən BAYRAQ estafetini bizim nəslin öndə gedən ELÇİsi Əbülfəz bəy aldı. Elə bu BAYRAQ altında da ölkədə demokratik rejim quruldu, üzərində Rəsulzadənin- Bayrağımızın şəkli olan milii pulumuz buraxıldı, yad ordu dışlandı, Milli Ordu Dağlıq Qarabağın yarıdan çoxunu üçboyalı, ay-ulduzlu BAYRAQın altına saldı. Nə yazıq, hakimiyyət hərisləri yurddaşlarımızla birgə bayrağımızı da doğma yurd-yuvalarından didərgin saldılar.

    İndi Məhəmməd Əminin, Elçi Bəyin, şəhidlərimizin son örtüyü üçboyalı bayrağımızın kölgəsində nə Məhəmməd Əminin, nə də Elçi Bəyin heykəlinə-portretinə yer tapılır. 30 il öncə Akademiyanın qarşısındakı mitinqdə toplaşanlara əl çalmağı qadağan edən, sonra Meydanda qurucu babalarımızın, özəlliklə Məhəmməd Əmin Rəsulzadənin portretini BAYRAQ etməyi tövsiyə edən Elçi Bəyin də, Məhəmməd Əminin də yeri, heykəli xalqımızın demokratiyaya, azadlığa təşnə yanıqlı ürəklərindədir.

    7 il öncə dünyasını dəyişmiş anam Firuzəbəyimin doğma yurdum Azərbaycanın bağımsızlığını açıqladığı gün, ay və ildə – 28 may 1918-ci ildə döğulduğu kimlik kartında yazılmışdı. Qarabağdan qanlı-qadalı soraqlar gələndə ağ saçlı anam Bakıya gəlib “bilirəm, davaya gedəcəksən, amma sən atanın goru, çağırsalar get”, deyə yalvardı. Ali təhsil diplomu olmasa da, məni doğan ANA doğduğuna da yaxşı bələddi və elmi işçi kimi “bron”da olduğumu da bilirdi. Anamın sözündən çıxmadığımı, ürəyimin çağırışı ilə savaşa getdiyimi vurğulasam da, sonradan anam sənələrlə sözündən çıxdığımı, Elçi Bəyə “uyduğumu” başıma qaxsa da, 93 illik yaşamının son illərində yaxşı eləyib davaya getdiyimi dedi və Elçi Bəyə də Tanrıdan rəhmət dilədi.

    Bunları anmaqda amacım son 100 il Azərbaycanının iki öndəri BİR KƏRƏ BAYRAQ qaldıran Məhəmməd Əmin Rəsulzadə ilə həmin BAYRAQı yenidən başa çıxaran Elçi Bəy arasında ruhsal bağlılığın, körpünün olmasını məni dünyaya gətirən ata-anamın timsalında vurğulamaqdır. Atam Rəsulzadəni soruşub, anam Elçibəyi. Kim nə deyir, desin, 100 illik milli istiqlal tariximiz bu iki öndər arasında başqasına yer vermir.

    Elçi Bəy gerçək milliyyətçi, böyük demokratdı. Çörəyi düşmənə belə əsirgəməməyi, basın mənsublarına karikaturasını qəzetdə çəkib yaymağı tövsiyə edirdi. Kimisə aşağılamaq, qurşaqdan aşağı zərbə vurmaq ona yaddı. Əksinə, hamının fikrini açıq şəkildə, qorxmadan ifadə etməsinə meydan verməklə, millətin içindən ŞƏXSİYYƏT formalaşdırmağa üstünlük verirdi. Elə üzüdönük müdafiə nazirinin, kürsü davası sərgiləyən “cəbhə” yoldaşlarının parlamentdə, basında odlu-alovlu çıxışları, yerli-yersiz qınaqları da ŞƏXSİYYƏT formalaşdırmaqda Elçibəyin hədəfi düz nişan aldığını göstərir.

    Yanılmıramsa, Elçi Bəy özünü Atatürkün əsgəri sayır(dı). (Keçmiş zamanda danışmaq yerinə düşmür). Atatürk dünyasını dəyişəndə Elçi Bəy altı aylığında qundaqda olub. Məhəmməd Əmin dünyasını dəyişəndə Elçi Bəyin 17 yaşının tamam olmasına üç ay qalırdı. Bu il Atatürkün ölümünün, Elçi Bəyin olumunun 80 illiyidir. Olum və ölüm! İkisi bir ildə! Bir də qurucu babalarımızın şah əsəri – Azərbaycanımızın 100 yaşı 2018-ci ci ilə düşür.

    100 yaşınız qutlu olsun, Məhəmməd Əmin Bəy, Elçi Bəy! 100 yaşınız qutlu olsun, el bəyləri, el xanımları!

    80 yaşın qutlu olsun, Böyük Elçimiz, dövlət başçımız, ürəklərimizin cümhur başqanı!

    Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili

    Qeyd: Yazı “Elçi Bəy-80” yazı müsabiqəsinə təqdim edilir.