Ölkəmizdə virtual reallıq təhlükəsi rəsmi təsdiqini tapdı – ll HİSSƏ

    15

    Ölkə prezidenti “Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanun”unun tətbiqi barədə fərman verdi

    Psixiatr Orxan Fərəcli: “Azyaşlı uşaqların internetklə ünsiyyətini nizamlamaq valideynlərin, xüsusilə də anaların öhdəsinə düşür”

    “İnternet asılılığının Azərbaycan cəmiyyəti üçün böyük böyük təhlükə olduğunu düşünmürəm”

    Avropa və Amerikada aparılan tədqiqatlar həyatımızın ayrılmaz hissəsinə çevrilən planşet, televizor və telefonların müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromuna səbəb olduğunu təsdiqləyib.

    Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki, 90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

    Alimlər bildirir ki, virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək.

    Virtual reallıq azyaşlı körpələrlə yanaşı, məktəb yaşlı uşaqların, eləcə də yeniyetmə və gənclərin də psixikasına öz mənfi təsirini göstərir.

    Kiber sahə təhlükəsi Azərbaycan üçün də kifayət qədər aktualdır. Elə bu səbəbdən də bu ilin 20 noyabrında ölkə prezidenti “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman verdi.

    Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Ümumdünya hörümçək torunun əsiri olan ölkə vətəndaşlarının, xüsusilə də uşaq və yeniyetmələrin psixoloji durumunu bilavasitə müşahidə edən, onlarla gündəlik ünsiyyətdə olan, onlara psixoloji və medikamentoz yardım göstərən mütəxəssislər – Regional Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Murad İsayev və MediStyle Hospital, 1 saylı psixiatrik xəstəxananın psixiatrı Orxan Fərəcliyə müraciət edərək, onlardan virtual reallıq təhlükəsi və bu təhlükənin ölkəmiz üçün nə dərəcədə aktual olması ilə bağlı fikirlərini paylaşmağı xahiş etdik.

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/lkemizde_virtual_realliq_tehlukesi_resmi_tesdiqini_tapdi)

    Psixiatr Orxan Fərəcli:

    “Yalnız xəstəliyini qəbul edib, sağalmaq istəyən insan bu mərəzdən xilas ola bilər”

    Картинки по запросу Psixiatr Orxan Fərəcli:

    “Virtual aləmdə çox vaxt keçirmək insanı yaxınları, dostları ilə real ünsiyyətə ayırmalı olduğu vaxtdan mərhum edir, bu da həmin insanda depressiya, nevroz və s. kimi xəstəliklərin yaranmasında çox ciddi rol oynayır. Bundan əlavə, uzun müddət bədənin eyni vəziyyətdə qalması boyun və bel yırtığı, eləcə də skolioz kimi ciddi onurğa problemlərinə yol açır.

    Sağlamlıqla bağlı problemlərlə yanaşı, virtual aləmdə çox vat keçirən insanlar internet fırıldaqçılarının qurbanı olmaq təhlükəsi ilə də üz-üzə qalırlar. Bu tip antisosial, şəxsiyyət pozuntusu olan şəxslər yazılmış, eləcə də yazılmamış bütün qanunlara qarşı çıxa bilir və böyük məharətlə internet asılılığı olan insanları aldadıb onların pulunu mənimsəyirlər.

    Virtual reallıq prinsipinə əsaslanan oyunlar da insan psixikası, xüsusilə də azyaşlı uşaqların və yeniyetmələrin psixoloji durumu üçün çox təhlükəlidir. Çünki reallıq duyğusundan qopan insanlar virtual aləmdə yaşadıqlarını həqiqət, gerçəklik kimi qəbul edirlər. Virtual oyunlardakı qəhrəmanlıqları, aqressiv davranış tərzini real həyata gətirə bilmədikdə isə frustrasiya (insanın öz həyatı məqsədlerinə çatmasına əngəl törədən real və xəyali maneələrlə üzləşdiyi zaman düşdüyü gərgin psixi vəziyyətə düşür, bu isə depressiyanı qaçılmaz edir.

    Vəziyyəti mürəkkəbləşdirən məqamlardan biri də kompüter asılılığından əziyyət çəkən insanlar bunu bir problem kimi görmədiklərindən, qətiyyən bir xəstəlik kimi qəbul etmədiklərindən psixoloqa, psixiatra müraciət etməyə də bir o qədər meylli olmurlar. Adətən bu cür insanları həkim yanına valideynləri, doğmaları, yaxınları gətirir. Onlar həmin şəxsin ciddi problemlə üzləşdiyini görür və bir yolla onu dilə tutub müayinə edilməyə razı salırlar. Özü də bu problemdən əziyyət çəkən əsasən uşaq və yeniyetmələrdir, yetkin yaşa çatan insanlarda bu problem nadir hallarda müşahidə olunur. Bütün psixoloji xəstəliklər kimi, bu xəstəliyin də müalicəsi xəstənin istəyinə bağlıdır. Yalnız xəstəliyini qəbul edib sağalmaq istəyən, bunun üçün özündə, həyat tərzində, davranışında əməli dəyişikliklər etməyə səy göstərən insan bu mərəzdən xilas ola bilər.

    Bu cür xəstələrin müalicəsi zamanı daha çox psixoterapiyaya üstünlük verilir, amma bəzən həmin şəxslər o qədər depressiv və aqressiv olurlar ki, onları kompüterdən ayırmağa çalışan valideynlərinə qışqırırlar, nalayiq sözlər belə işlətməkdən çəkinmirlər, hətta əl qaldırırlar, bu halda psixoterapiya ilə yanaşı medikametoz müalicəyə də ehtiyac olur.

    Bununla belə, internet asılılığının Azərbaycan cəmiyyəti üçün böyük təhlükə olduğunu düşünmürəm. Nəinki Azərbaycan üçün, eləcə də bütünlükdə Şərq dünyası üçün adıçəkilən problemin bir o qədər də qlobal olmadığı qənaətindəyəm. Şərq insanı real ünsiyyətə daha böyük önəm verdiyi üçün rəqəmlər o qədər də qorxuducu həddə deyil. Amma virtual asılılıq problemi ilə üzləşən konkret bir ailə üçün təbii ki, bu dəhşətli bir faktdır, yəni rəqəmlərin kiçik olması problemin əhəmiyyətsizliyindən xəbər vermir.

    Onu da qeyd edim ki, hazırda sözügedən problem ölkəmizdə geniş vüsət almasa da, proses belə sürətlə irəliləsə, yaxın illərdə cəmiyyətimiz üçün təhlükə yaradan faktorlardan birinə çevrilə bilər.

    Təbii ki, bu gün insan cəmiyyətini virtual reallıqdan tamamilə qoparmaq mümkün deyil. Çünki dünya kompüterləşib, əksər sahələr kompüterlə idarə olunur. Amma kompüterdən istifadə, virtual aləmlə təmas sırf xidməti işlə bağlıdırsa, narahatlığa səbəb yoxdur, çünki bu halda asılılıq yaranmır. Amma virtual aləmdə faydasız vaxt keçirənlər həqiqətən böyük təhlükə ilə üz-üzədirlər.

    Bunun qarşısını almaqsa daha çox valideynlərin, xüsusilə də anaların öhdəsinə düşür. Çox vaxt analar kiçik yaşlı övladlarını yedirtmək, sakitləşdirmək, başlarını qatmaq məqsədilə onlara telefon və planşetlər verir, körpələrini cizgi filmlərini seyr etməyə həvəsləndirir. Bu günün körpələri isə sabahın yeniyetmə və gəncləridir, demək 5-10 ildən sonra cəmiyyətimiz doğrudan da ciddi virtual təhlükə ilə üz-üzə qalacaq.

    Azyaşlı uşaqların internetlə ünsiyyətini nizamlamaq lazımdır. İnternetdən istifadə, özü də limitli istifadə onlara hansısa yaxşı əmələ görə mükafat kimi vəd olunmalıdır, həftə sonları internetdən istifadə müddəti bir az artırıla bilər. Amma istənilən halda valideyn nəzarəti mütləqdir. Yəni uşağın motivasiyası olmalıdır ki, bu gün özümü yaxşı aparsam, internetdə oyun oynaya bilərəm”.

    Hazırladı: Banu OĞUZ, Hurriyyet.org