Ölkəmizdə virtual reallıq təhlükəsi rəsmi təsdiqini tapdı – PREZİDENT FƏRMAN VERDİ

    18

    Ölkə prezidenti “Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanun”un tətbiqi barədə fərman verdi

    Psixoloq Murad İsayev: “Virtual təhlükə ilə bağlı ölkəmizdə həyəcan təbili çalmaq vaxtıdır”

    Avropa və Amerikada aparılan tədqiqatlar həyatımızın ayrılmaz hissəsinə çevrilən planşet, televizor və telefonların müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromuna səbəb olduğunu təsdiqləyib.

    Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki, 90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

    Alimlər bildirir ki, virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək.

    Virtual reallıq azyaşlı körpələrlə yanaşı, məktəb yaşlı uşaqların, eləcə də yeniyetmə və gənclərin də psixikasına öz mənfi təsirini göstərir.

    Kiber sahə təhlükəsi Azərbaycan üçün də kifayət qədər aktualdır. Elə bu səbəbdən də bu ilin 20 noyabrında ölkə prezidenti “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman verdi.

    Xatırladaq ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu” Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

    Qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər və uşaqlardan ötrü zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.

    Adıçəkilən qanun yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələbləri, ekspertizanın aparılması qaydalarını və ekspert rəyinin verilməsi ilə bağlı məsələləri əhatə edir.

    Qeyd edək ki, sözügedən qanunda uşaqlar üçün zərərli informasiyanın növləri də müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

    Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

    Qanunun icrasına nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir. Bu Qanunun tələblərinin pozulması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

    Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Ümumdünya hörümçək torunun əsiri olan ölkə vətəndaşlarının, xüsusilə də uşaq və yeniyetmələrin psixoloji durumunu bilavasitə müşahidə edən, onlarla gündəlik ünsiyyətdə olan, onlara psixoloji və medikamentoz yardım göstərən mütəxəssislər – Regional Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Murad İsayev və MediStyle Hospital, 1 saylı psixiatrik xəstəxananın psixiatrı Orxan Fərəcliyə müraciət edərək, onlardan virtual reallıq təhlükəsi və bu təhlükənin ölkəmiz üçün nə dərəcədə aktual olması ilə bağlı fikirlərini paylaşmağı xahiş etdik.

    “Virtual oyun avadanlıqları insanın 5 duyğu orqanına birbaşa müdaxilə edir”

    Картинки по запросу Psixoloq Murad İsayev

    Psixoloq Murad İsayev: “Bu gün ölkəmizdə virtual oyunlar uşaq və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Xüsusilə də eynəklə oynanan 5 D, 6 D və s. kimi oyunları daha böyük maraq doğurur. Bu oyunlar üçün xüsusi avadanlıqlar da işlənib hazırlanıb. Bakıdakı böyük ticarət mərkəzlərinin əksəriyyətində rast gəldiyimiz bu avadanlıqlar insanın 5 duyğu orqanına birbaşa müdaxilə edir.

    Bilirsiniz ki, biz ətraf aləmi görmə, eşitmə, iybilmə, dadbilmə və toxunma duyğularımızın köməyi qavrayırıq. Virtual oyunlar isə insanları, xüsusilə yetkinlik yaşına çatmamış, şəxsiyyət kimi formalaşmamış övladlarımızı geçək dünyadan qopararaq bütünlüklə virtual prosesin içinə salmaq üçün onlara şüuraltı səviyyədə qorxu, həyəcan, təşviş, paranoya kimi hallar yaşadır. Tiklər, enurezlər, uşaq fobiyaları (qorxuları), səbəbsiz yerə, qəfil hürkmələr, özünəqapanmalar, sosial həyatdan təcridolunma, özünü, fikrini ifadə etmək bacarığının olmaması – bu gün qarşılaşdığımız ən ciddi psixoloji problemlər sırasındadır. Virtual aləmdə hər şey çox gözəldir, internet aludəçisi orada yaşayır, danışır, müxtəlif insanlarla ünsiyyət qurur, reallığa gəldikdə isə 5 duyğu üzvündən istifadə edə bilmir. Virtual məkanda o qədər simvolik işarələrlə danışır ki, duyğu və emosiyalar passivləşir, nitqi korşanır, bitkin cümlə qurub fikrini çatdıra bilmir.

    Bu səbəbdən də hər zaman valideynlərə deyirik ki, bu kimi nüansları nəzarətdə saxlayın və internetə açıq çıxış imkanı verməyin uşaqlara. İnternet elə bir məkandır ki, orada uşaqların həm düzgün qidalanıb inkişaf etməsi, həm də zəhərlənib məhv olması mümkündür. Odur ki, valideynlərin internet çıxışlarını nəzarət altında saxlamaları mütləqdir, çünki müxtəlif oyunlar, kriminal xəbərlər, subliminal informasiyalar (şüuralıya atılan məlumatlar) şəxsi kimliyi müəyyən olunmayan insanlar və naməlum şirkətlər tərəfindən kütləvi şəkildə yayılır. Bundan zərər çəkən isə təbii ki, biz və övladlarımız olur.

    Uşaq psixikası həssas olur, üstəlik psixikası pozuntuya meylli olan, hansısa ailədaxili stress və gərginlik yaşayan uşaqlarçün isə virtual reallıq daha təhlükəlidir. Çünki yaşananlarla virtual gerçəkliyin aşıladığı hiss və həyəcanlar üst-üstə gəlir, nəticədə isə çox ağır fəsadlarla qarşılaşırıq.

    Yəqin internetdə populyar olan “Mavi balina” oyunu haqda eşitmisiniz. Bu oyun nə qədər uşağın psixikasını pozub, üstəlik, uşaqların bu oyuna olan marağı dəfələrlə ölüm halları ilə də nəticələnib.

    Bəzi pedaqoqlar məktəblilərdə virtual asılılığın təhlükəli həddə olmadığını bildirsələr də, bizə edilən müraciətlər bunun tam əksini sübut edir. Yutubda hazırda elə videoyazılar var ki, o video yazılara tamaşa edən insanın bütün daxili motivasiya hissi, həyat eşqi sönür. Özü də heç kim bundan sığortalanmayıb.

    Virtual aləmlə təmas zamanı uşaqların, xüsusilə də yeniyetmələrin əksəriyyəti iradə gücünə güvənərək özünü inandırmağa çalışır ki, bu təmas ona heç bir ziyan vura bilməz. Amma çox təəssüf ki, bunun tam əksi olur.

    Şəxsən mən, 35 yaşlı yetkin bir insan, mütəxəssis kimi o ziyanlı videolara 10 dəqiqə belə baxmağa risk etmərəm. Çünki insanam və təbii ki, şüuraltıma gərginlik və narhatlıq hissi atılacaq. Psixikası tam formalaşmamış uşaq, yaxud yeniyetmə həmin video yazılara tamaşa edəndə isə, onda suisidal meyllilik, həssaslıq yaranır. Hətta anası belə ona nəyi isə irad tutanda bunu ağır ittiham kimi qəbul edir və depressiya vəziyyətinə düşür, intihar etmək həddinə çatır.

    Böyük təəssüf hissi ilə qeyd edirəm ki, bu gün bizə müraciət edən yaşı 8-dən yuxarı olan hər 3 xəstədən biri valideynlərin nəzarətindən çıxmağa meylli, yaxud valideynlərin nəzarət edə bilmədiyi uşaqlardır.

    Şikayətlər isə daha çox yuxusuzluq, qarabasmalar, paranoya, qorxularla bağlı olur, bunların kökündə isə çox vaxt məhz haqqında danışdığımız internet asılılığ, dəhşət filmləri durur.

    Ən təhlükəlisi isə budur ki, virtual aləmdən alınan informasiya narkotik kimi beyində tələbat yaradır, başqa sözlə davamlı şəkildə virtual aləmlə təmasda olan bu təması kəsəndə onda yenidən bu aləmdə olmaq ehtiyacı yaranır.

    Buna görə valideynlərə uşaqları tamamilə internetdən təcrid etməyi də məsləhət görmürük, fiziki, sosial aktivliyi bərpa edən terapiyalarla həmin uşaqları tədricən yenidən cəmiyyətə adaptasiya etməyə çalışırıq.

    Məncə, artıq həyəcan təbili çalmaq vaxtıdır. Çünki virtual təhlükə bütün dünyada olduğu kimi, ölkəmizdə də son dərəcə təhlükəli bir faktor halını alıb, bununla bağlı cəmiyyəti kütləvi şəkildə məlumatlandırma kampaniyaları keçirilir, hətta bəzi ölkələrdə universitetlərdə internetdən düzgün istifadə etməyi öyrədən mütəxəssislər yetişdirən fakültələr açmağı belə düşünürlər.

    Ümumiyyətlə, internetdən düzgün istifadə etməyi bacarmaq çox vacibdir. Təsəvvür edin ki, bir yeniyetmə, yaxud gənc internetdə motivasiya ilə bağlı bir mövzu axtarır. Googl-a “motivasiya” sözünü yazır və həmin mövzu ilə bağlı ən azı 25-30 material çıxır. Bu məlumatların əksəriyyətinin nə müəllifi, nə də hansı mənbədən götürüldüyü məlum deyil. Sadə bir insan da öz həyat təcrübəsinə, müşahidələrinə, yaxud düşüncəsinə görə bu mövzunu internetdə çözə bilər, onun ifadə etdiyi fikirləri, gəldiyi nəticə isə kimin üçünsə zərərli ola bilər. Axtarılan mövzu ilə bağlı normal akademik proqrama çatanadək beyin gərəksiz, zərərli informasiyalarla yükləndiyindən psixika zəhərlənir, bu isə sonucda ağır fəsadlara gətirib çıxarır.

    Bir daha təkara edirəm, internet təhlükəsi, ümumiyyətlə virtual aləm təhlükəsi ilə bağlı həyəcan təbili çalmağın tam zamanıdır. Valideynlərə bir daha məsləhət görərdim ki, övladlarının virtual aləmlə təmasını ciddi nəzarətdə saxlasınlar, ehtiyac olduqda isə mütləq mütəxəssislərə müraciət etsinlər. Təbii ki, bu gün kiməsə internətdən istifadəni qəti surətdə qadağan etmək mümkün deyil, amma buna hökmən müəyyən bir limit qoyulmalıdır. İnanıram ki, sosioloqlar, psixoloqlar, ailə terapevtlərinin birgə layihəsinin qanun halına salınaraq ölkə ərazisində tətbiqi bu qlobal problemin həllində həlledici rol oynayacaq”.

    Psixiatr Orxan Fərəcli:

    “Yalnız xəstəliyini qəbul edib sağalmaq istəyən insan bu mərəzdən xilas ola bilər”

    (Ardı var)

    Hazırladı: Banu OĞUZ, Hurriyyet.org