“Ölkəmiz kompensasiyaların ödənilməməsi sahəsində liderlərdən biridir” – VƏKİL

    15

    “Hesabatlar tərtib olunandan sonra bəziləri haray salacaqlar ki, monitorinq aparanlar ölkəmizə qərəzli yanaşırlar”

    “Avropa Məhkəməsinin qərarları ilə təyin olunmuş kompensasiyaları hökümət bu ay da bir qrup ərizəçiyə və hüquqşünasa ya heç ödəmədi və ya qismən ödədi. Bununla da 2016-cı ildən bu yana qəbul olunmuş bir sıra işlər üzrə hökümət həmin qrup ərizəçilərə və hüquqşünaslara (o cümlədən mənə) borclu qaldı. Bizlərdə belə nəticə yaranır ki, büdcə üçün cüzi sayılacaq borcun (təqribən 150-200 min manat) ödənilməməsi bəzi məmurların dövlətin nüfuzuna qəsdən zərər vurmaq məqsədindən doğur”. Hurriyyet.org xəbər verir ki, bu barədə vəkil Əsabəli Mustafayev bildirib.

    “Bu səfərlərdə qaldırılan əsas məsələlərdən biri də Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti olacaq”

    “Məlumdur ki, yaxın günlərdə Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Stefan Schennach ölkəmizə səfərə gəlir. Məqsəd Avropa Şurasının üzvü kimi üzərimizə götürdiyimiz öhdəliklərin icra vəziyyətinin monitorinqi və bunun nəticələri barədə hesabatın hazırlanmasıdır. Bu səfərdən bir neçə gün sonra oxşar missiya ilə Avropa Şurasının insan haqları üzrə komissasrı Dunja Mijatović ölkəmizə səfər edəcək. Əminəm ki, bu səfərlərdə qaldırılan əsas məsələlərdən biri də Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti olacaqdır”,-deyə vəkil qeyd edib.

    “Bu acınacaqlı vəziyyət yəqin ki, hesabatlarda öz əksini tapacaqdır”

    Ə. Mustafayev vurğulayıb ki, qərarların icrası sahəsində ən mühüm məsələlərdən biri kompensasiyaların ödənişidir: “Ümumi tədbirlərin icrasının monitorinqindən fərqli olaraq kompensasiyaların ödənişinin tədqiqi və qiymətləndirilməsi çox asandır. Məhz buna görədir ki, Avropa Şurasının Nazirlər Komitəsinin saytında kompensasiyaların ödənişini əks etdirən xüsusi bölmə vardır. Bu bölmə özü də bir neçə hissələrdən ibarətdir (kompensasiyaları vaxtında ödəyən dövlətlər, vaxtında ödəməyənlər, ödəniş haqqında məlumat verməyənlər və sairə). Belə məlum olur ki, dövlət kompensasiyanı ödəyibsə, demək qərarı icra edib və başı dincdir. Gözləmək olardı ki, qeyd olunan səfərlər ərəfəsində hökümət Avropa Məhkəməsinin bütün qərarları üzrə borclarını bağlayacaq ki, heç olmasa bu məsələdə tənqid edilməsın. Lakin belə olmadı. Məmurların vecinə deyil ki, son aylarda edilmiş ödənişlərə baxmayaraq ölkəmiz kompensasiyaların ödənilməməsi sahəsində (dövlətə qarşı qəbul olunmuş qərarların ümumi sayına nisbətdə) liderlərdən biridir. Məmurların vecinə deyil ki, kasıb saydıqları qonşularımız Gürcüstan və Ermənistanın hər birinin hesabında kompensasiya ödənişi gecikdirilən cəmi 1 iş varsa, bizdə bunların sayı onlarladır. Bu acınacaqlı vəziyyət yəqin ki, hesabatlarda öz əksini tapacaqdır. Sanki kimlərsə həm daxildə, həm də beynəlxalq aləmdə ölkənin nüfuzuna xələl vurmaqda maraqlıdır. Hesabatlar tərtib olunandan sonra bəziləri haray salacaqlar ki, monitorinq aparanlar ölkəmizə qərəzli yanaşırlar. Beynəlxalq aləmdə dövlətimizin nüfuzuna zərər vuran məmurları neytrallaşdırmaq, kompensasiyalar ilə bağlı öhdəlikləri icra etmək bəlkə daha səmərəli və əlçatan vasitədir?!”

    Şamo EMİN, Hurriyyet.org