“Ölkədə demoqrafik azalma ilə bağlı həyəcan təbili çalmaq mənasızdır” – Tanınmış sosioloq Əhməd Qəşəmoğlu

    24

    “Bu gün bizim milli marağımızda olan daha çox əhalinin keyfiyyəti məsələsidir”

    “Azərbaycan əhalisinin təbii artımını 90-cı ildəki həddə çatdırmağa çalışmağımız Don Kixotluq olardı”

    “Dünya əhalisinin sürətli artımı qlobal problemlərə səbəb ola bilər”

    “Dünyada gedən proseslərin fonunda Azərbaycanda əhali artımı tempinin müəyyən qədər azalması normal haldır”

    “Qoy ailələrdə 7-10 uşaq əvəzinə, 2-3 uşaq böyüsün, əsas odur ki, həmin uşaqlar sağlam böyüsün, yaxşı təhsil alsın və düzgün tərbiyə edilsin”

    Azərbaycanda əhalinin təbii artımı davam etsə də, statistik göstəricilərə əsasən, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb.

    Son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb.

    1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 932-ə enib.

    Son 27 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 1990-cu ildəki 19,8 göstəricisindən 8,9-a (2017-ci il) enib.

    Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir.

    2017-ci ildə kişilər üzrə təbii artım əmsalı 9,5 (1990-cı ildə 20,7), qadınlar üzrə 8,3 (1990-cı ildə 19) olub.

    Azərbaycanda şəhər yerləri ilə müqayisədə kənd yerlərində əhalinin təbii artım göstəricisi daha yüksəkdir. 2017-ci ildə kənd yerləri üzrə əhalinin təbii artım göstərici 10,6, şəhər yerlərində 7,4 olub.

    27 il əvvəl – 1990-cı ildə isə şəhər yerlərində bu göstərici 16,9, kənd yerlərində 23,3 olub.

    Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda ölkəmizdə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin təbii artım tempinin davam etdiyini bildirib.

    Tanınmış sosioloq Əhməd Qəşəmoğlu isə Azərbaycanda əhalinin təbii artım əmsalının azalmasına tamamilə normal yanaşır:

    Похожее изображение

    “1969-cu ildən etibarən dünyada əhalinin artımı məsələsi diqqət mərkəzindədir. 1969-cu ildə ABŞ-nın Futurologiya İnstitutu bütün dünya üzrə baş verəcək demoqrafik proseslərlə bağlı proqnozlar verdi. Qeyd edim ki, SSRİ-nin dağılmasında bu faktlar da həlledici rol oynadı. Çünki proqnozlara əsasən 2000-ci ildə sovet ordusu türk ordusu olmalı idi, yəni türksoylu xalqlar sayına görə digər sovet xalqlarını arxada qoymalı idi.

    Dünya əhalisinin artımı bu gün də bu dünyanın, xüsusilə də BMT-nın tam nəzarəti altında olan ciddi bir məsələdir. Çünki elə bir nəzəriyyə var ki, bu gün dünyada əhali çox böyük sürətlə artır, amma yer üzündə bu qədər insanın yaşam ehtiyaclarını təmin edəcək ehtiyatlar məhdud miqdardadır. O üzdən belə bir fkir var ki, dünya əhalisinin sürətli artımı qlobal problemlərə səbəb ola bilər. Digər tərəfdə isə Avropada əhali artımı uzun müddətdir mənfi indekslə davam edir, yəni ölkələrdə əhalinin sayı azalır. Buna görə də Afrikada, yaxud müsəlman ölkələrində yüksək təbii artımın müşahidə olunması təbii ki, qərb dünyasının narahatlığına səbəb olur.

    1969-cu ildə o da proqnozlaşdırılmışdı ki, 2030-2050-ci illərdə dünyada avropalıların sayı xeyli azalacaq. Bu da müəyyəmn mənada təhlükəlidir, çünki Avropa dünya sivilizasiyanın önündə getdiyini düşünür, bu mənada avropalıların sayının kəskin surətdə azalması, Avropa dövlətlərinin gəlmələrlə dolması təhlükə siqnalı kimi qəbul olunur. Bu gün gedən proseslər əslində bunu təsdiq edir. Almaniyada türklərin, Fransada ərəblərin, İsveçrədə çinlilərin sayı getdikcə artmaqdadır. Bu proses hələ yavaş templə gedir, amma 60-cı illərdəki templə getsəydi, bu gün Avropada gəlmələrin sayı qat-qat çox olardı.

    Belə bir şəraitdə yer üzündə əhali artımının müxtəlif yollarla əngəlllənməsi ciddi bir məsələyə çevrilib. Əgər BMT-ı bunu daha sivil yollarla edirsə (Reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı həyata keçirir), digər qüvvələr bu məqsədlə daha iyrənc üsullara əl atır- dünyanın müxtəlif yerlərində iğtişaşlar törədir, müharibələr edir, eləcə də bioloji silahlar vasitəsilə müxtəlif qorxulu, yoluxucu xəstəliklər yayılır. Bir sözlə, bu gün əhali artımının tənzimlənməsi dünyada bir nömrəli problemlərdən biridir.

    1994-cü ildə Qahirədə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransı keçirildi. O zaman Milli Məclisdə Elmi Tədqiqat İnstitutunun Mərkəzi vardı, mən də həmin mərkəzin direktoru idim və ekspert qrupunun rəhbəri kimi həmin konfransın iştirakçıları sırasında idim. O zaman Azərbaycanın dövlət başçısı olan mərhum Heydər Əliyev də həmin sammitdə iştirak edirdi. Orada da sözügedən məsələ geniş müzakirə olundu və elə həmin ildən dünyada baş verən demoqrafik proseslər daha çox diqqət mərkəzindədir. Dünyanın əksər ölkələrində əhali artımının qarşısını almaq üşün müxtəlif tədbirlər görülür və bununçün müvafiq şərait yaradılır.

    Bütün bunları nəzərə alaraq deyə bilərəm ki,dünyada gedən proseslərin fonunda Azərbaycanda əhali artımı tempinin müəyyən qədər azalması normal haldır.

    BMT-nin də, elə məntiqin də dediyi kimi, bu gün əhalinin kəmiyyət göstəriciləri deyil, keyfiyyət səviyyəsi önə çəkilməlidir. Qoy ailələrdə 7-10 uşaq əvəzinə, 2-3 uşaq böyüsün, əsas odur ki, həmin uşaqlar sağlam böyüsün, yaxşı təhsil alsın və düzgün tərbiyə edilsin.

    Bir də ki, Azərbaycanda əhalinin təbii artım tempində müəyyən geriləmə müşahidə olunsa da, ölkəmizdə müsbət indekslə əhali artımı var, artım tempi elə bu qədər qalsa, daha da azalmasa, təhlükə haqda danışmağa dəyməz. Çünki artıq qeyd etdiyim kimi, nə ayrı-ayrı ölkələr, nə də bütövlükdə yer üzü əhalinin sürətlə artmasına hazır deyil.

    Odur ki, bu gün ölkəmizdə əhalinin artım tempinin azalması ilə bağlı həyəcan təbili çalmaq mənasızdır, çünki dediyim kimi, bu bütün dünyada gedən bir prosesdir. Bu gün bizim milli marağımızda olan daha çox əhalinin keyfiyyəti məsələsidir.

    Miqdar məsələsi dünyanı qorxudursa, bununla bağlı müxtəlif tədbirlər həyata keçirilirsə, biz keyfiyyət məsələsini önə çıxarmalıyıq. Özünüz fikirləşin, 100 il bundan əvvəl Azərbaycanda əhali indikindən 3 dəfə az idi, amma o zaman Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi dahilərimiz vardı, bu günsə çox təəssüf ki, o cür şəxsiyyətlər yetişmir. Odur ki, bir daha təkrar edirəm, əsas keyfiyyətdir, insanların öz potensial imkanlarını üzə çıxarmasına, realizə etməsinə kömək edən, şəxsiyyətlər yetişdirən mühitin yaradılmasıdır. Bu gün Azərbaycan əhalisinin təbii artımını 90-cı ildəki həddə çatdırmağa çalışmağımızsa zənnimcə Don Kixotluq olardı”.

    Hazırladı: Banu OĞUZ, Hurriyyet.org