Liviyada Türkiyəyə qarşı ƏRƏB FİTNƏSİ

24

Turan Rzayev: “Əsəd və Haftar arasında gizli bir razılaşma var”

Kamran Sultanlı: “Həm  “Vaqner”, həm də Səudiyyə Ərəbistanı Liviyada eyni tərəfdədir”

“Al-Monitor” nəşri Səudiyyə Ərəbistanının bölgədə Türkiyə əleyhinə formalaşan yeni koalisiyanın güclənməsində baş rolu oynadığını iddia edib. Riyadın bu məqsədlə Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Haftar ordusuna dəstək verən “Vaqner” qrupuna maddi-texniki dəstək verdiyi bildirilib.

Mənbə Səudiyyə və BƏƏ-dən dəstəyi güclənən Haftar ordusunun yenidən Tripoliyə hücuma keçdiyini yazıb.

Qeyd edək ki, bundan əvvəl Fransanın “Le Monde” nəşri də eyni iddia ilə çıxış etmişdi. Məlumata görə, Səudiyyə Ərəbistanı son olaraq Tripolidəki Milli Sülh Hökumətini hədəf alan Haftar ordusuna 10 milyon dollar yardım göndərib.

Nəşr Səudiyyə Ərəbistanı və BƏƏ-nin əsas məqsədinin Haftara dəstək yox, Liviya Milli Sülh Hökumətinə dəstək verən Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq olduğunu qedy edir.

“Türkiyə ilə problem yaşayan və ABŞ-ın maraqlarına xidmət edən qüvvələr Haftara dəstək verir”

Turan Rzayev adlı şəxsin şəkli.

Səudiyyə Ərəbistanının bölgədə Türkiyə əleyhinə formalaşan yeni koalisiyanın güclənməsində rolunu şərh edən siyasi şərhçi Turan Rzayev “Hürriyyət”ə dedi ki, hazırda Haftar Livyanın 80 faizinə nəzarət edir:“Düzdür, bu, elə də önəmli göstərici deyil. Çünki Haftarın nəzarətindəki ərazilərin boyük bir qismi səhralıq, az yaşayış olan ərazilərdir. Bu gün əsas mübarizə Suriyanın simalında sahil ərazisində, xüsusilə də Tripoli uğrunda gedir. Haftar bu gün bir cox boyük güc ücün önəmlidir. Haftar əsasən də Amerikanın dəstəyi ilə bu gün belə naliyyətlər əldə edib. Düzdür, biz Liviyada ABŞ hərbi qüvvələrini və ya birbaşa yardımını görə bilmərik. Lakin gəlin, Haftarın dəstəkcisi olan qüvvələrə baxaq. Misirdə inqilab yolu ilə hakimiyyətə gələn Əbdül Fəttah əl-Sisi, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və. s qüvvələrdir. Yəni regionda Türkiyə ilə problem yaşayan və ABŞ-ın maraqlarına xidmət edən qüvvələr Haftara dəstək verir. Əslində, Haftar Tripolidə Sərrac hökumətini bu dəstək olmadan da rahatlıqla devirə bilərdi. Məsələ ondadır ki, Liviyada Türkiyə faktoru var. Türkiyənin bu gün Liviyada böyük maraqları var və bu maraqlar Haftar hakimiyyətə gələrsə, pozula bilər. Türkiyənin Sərrac ilə Aralıq dənizində bir çox razılaşmaları var. Xüsusilə də təbii neft və qaz axtarışları məsələsində Türkiyə önəmli layihələr imzalıyıb. Ona görə də Haftarın hakimiyyətə gəlməsi Türkiyə üçün problem deməkdir, yəni Haftarın hakimiyyətə gəlməsi Türkiyə üçün arzuolunmazdır. Bu, həm Aralıq dənizində Liviya ilə imzalanan razılaşmaların pozulması, həm də Türkiyənin regionda yeni bir düşmən qazanması deməkdir”.

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birlikdə “Vaqner” muzdlularını maliyyələsdirir”

T. Rzayevin sözlərinə görə, Türkiyənin son zamanlar Yaxın Şərq regionunda aktiv siyasi fəaliyyət yürütməsi bir çox dövləti narahat edir: “Bu ölkələrin başında isə Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri gəlir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birlikdə “Vaqner” muzdlularını maliyyələsdirir. Digər tərəfdən Misir də sudanlı muzdluları dəstəkləyir. Bu qruplaşmalar Haftar ordusunun əsas vuran qanadıdır. Türkiyə belə bir guclə mübarizə aparır. Məsələ ondadır ki, Türkiyənin Liviyadakı hərbi personalı sadəcə Sərrac ordusuna dərs keçmək ve Tripolini qorumaq üçündur”

“Türkiyə hazırkı vəziyyətdə Haftar və Əsəd arasında secim edə bilməz”

Bu gün Türkiyənin iki cəbhədə, həm Liviyada, həm İdlibdə mübarizə apardığını qeyd edən T. Rzayev iddia edir ki, Əsəd və Hafar arasında gizli bir razılasma var: “Çünki bu gün (red- dünən nəzərdə tutulur) həm Haftar, həm də Əsəd eyni anda hücuma kecib. Bu, bir təsadüf ola bilməz. Məqsəd aydındır, Türkiyə üzərində qələbə qazana bilməsək də, bacardıqca yoraq və sıxılmasını gözləyək. Bu, mümkündürmü? Bəli, mümkündür. Çünki Türkiyə hazırkı vəziyyətdə Haftar və Əsəd arasında secim edə bilməz. Yeni bacardıqca iki cəbhədə mübarizə aparmalı olacaq. Bu isə Türkiyə ordusunu yoran, iqtisadiyyatını zəif salan bir məsələdir”.

“Səudiyyə Ərəbistanı və ona yaxın ölkələr Haftara dəstək ola bilər”

Politoloq Kamran Sultanlının sözlərinə görə isə Səudiyyə Ərəbistanı və digər ərəb gücləri Liviyada Türkiyə ilə həm ideoloji, həm də siyasi mənada vəkalət savaşı aparırlar: “Tarixən Müsəlman Qardaşları təşkilatı ərəb nəhəngləri üçün ciddi bir problem olub. Bu gün Fələstində “Həmas” təşkilatının məhz Müsəlman Qardaşlarına olan tarixi yaxınlığı bu qəbildən ərəb bərabərsizliyini ortaya qoyur. Türkiyənin dəstəklədiyi Milli Razılaşma hökuməti Müsəlman Qardaşlarına yaxındır. Vaxtilə Misirdə də Türkiyə ilə ərəb dünyası məhz bu baxımdan toqquşdu. Müsəlman Qardaşları Türkiyə ilə daima yaxın münasibətlərə üstünlük verib. Həmçinin Ərəb nəhəngləri Türkiyənin sünni İslam dunyasında liderliyini qəbul etmək istəmirlər. Həm  “Vaqner”, həm də Səudiyyə Ərəbistanı Liviyada eyni tərəfdədir. Bu baxımdan, Səudiyyə Ərəbistanı və ona yaxın ölkələr Haftara dəstək ola bilər”.

 Şamo EMİN, Hurriyyet.org