Əliağa Vahid haqqında düşüncələr

    72

    I YAZI

    Həqiqətlə yalan arasındakı mübarizə hələ çox çəkəcək. Bu mübarizə heç vaxt soyumaq bilməyərək dövrlər və zamanlar silsiləsinin tələblərinə uyğun olaraq getdikcə qızışacaq.

    Vahidin həyatı, yaradıcılığı, şairlik fəaliyyəti və ədəbi irsi onu beş istiqamətdə tədqiq etmək və araşdırmaq üçün əsas verir.

    1. Birincisi onun qəzəlləri və aşiqanə şeirləridir. Bu, Əliağa Vahid yaradıcılığının əsas istiqaməti sayılır. Vahidin Azərbaycan ədəbiyyatında xidmətlərindən danışan ədəbiyyatçılar onun qəzəli klassik bir janr kimi qoruması və daha da inkişaf etdirməsini ön plana çəkirlər. Vahid ədəbiyyatımızda əsasən «qəzəlxan» kimi tanınır. Vahidin yaşayıb-yaratdığı dövrə nəzər salsaq və o dövrdə qədim şer formalarına və ümumiyyətlə, köhnə adət-ənənələrə olduqca yabançı münasibətin hökm sürdüyünü düşünsək, o zaman qəzəlçiliyin nə qədər məsuliyyətli və təhlükəli olması barədə tədqiqatçılara yeni mövzu vermiş olarıq.

    Burada nəzərə almaq lazımdır ki, qırmızı terror azərbaycan ədəbiyyatına da ardıcıl zərbələr endirməkdə idi. Ayıq və qeyrətli adamları aradan götürürdülər. Komsomol toyları təşkil edib azərbaycanlıları zorla içkiyə oturdurdular. İçməyənlər cəzalanırdı. “Qəzəl oxumayın” deyirdilər. Hələ bu yasaq olunanlardan biri idi. Məscidlər bağlanmışdı. Əsil dindarlar yoxa çıxmışdı, ya da inzivaya çəkilmişdi.

    Sosializmin düşmənlərinin “külünü göyə sovurmağı” planlaşdırırdılar.

    Xalqın zehniyyətini silməyə, yaddaşını dondurmağa, kökündən keçmişindən ayırmağa çalışırdılar.

    Azərbaycan mentaliteti çətin sınaqlar qarşısında idi.

    Köhnəliklə yenilik arasında vuruş gedirdi. Vuruşmanın abü-havası hər iki qütbdə görünməmiş insan tipləri yaradırdı. Hər iki tərəfin öndə gedənləri, qabaqcılları, başbilənləri var idi. Əliağa Vahid də biz tərəfdən cahada qalxanlardan biri idi.

    Xalq şairi Səməd Vurğun şerlərinin birində həmin dövrü belə təsvir edirdi:

    İşıq qaranlıqla pəncələşərək

    Yaşatmaq istəyir cahadda bizi.

    Günəş salamlayır saf eşqimizi.

    Bir tərəfdə kommunist biletini Vahidə göstərib lovğalanan fırıldaqçılar var idi ki, şair onlara belə cavab verirdi:

    Bu sizin firqənizin qırmızı dəftərçəsidir

    Hər kimin bir belə dəftərçəsi varsa bəsidir.

    O biri tərəfdə isə Vahidin:

    Evi abad ola aləmdə yenə Mümtazın,

    Sordu əhvalımı fəxrəndeyi-hal etdi məni.-

    deyə yad elədiyi Salman Mümtaz kimi dostlar var idi.

    Belə bir əyyamda ənənəçiliyin və qəzəlçiliyin can qorxusu var idi.

    Dövrün xüsusiyyətlərindən biri də o idi ki, şəhərlər və qəsəbələr yarıçılpaq qadınlarla doldurulmuşdu.

    Bu məsələni xatırlayarkən Hopopnaməyə çəkilmiş şəkillər (illustrasiyalar) yada düşür.

    Əliağa Vahidin qəzəlləri araşdırıcılar, şairlər və şərqşünas alimlər tərəfindən çox yüksək qiymətləndirilmişdir.

    Yalnız onu demək bəs edərdi ki, İran ədəbiyyatçısı Yəhya Şeyda Əliağa Vahidi «məhəbbət elçisi» adlandırır. Xalq şairi Səməd Vurğun ona «anadangəlmə şair», Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının məşhur təbliğatçısı, Qulamhüseyn Beqdeli isə Əliağa Vahidə «Hafızi dövran» deyirdi. Burada onu da qeyd etməyi lazım bilirik ki, əlimizdə olan materiallar yuxarıda deyilənləri təsdiq etməkdədir.

    Vahidə «Füzuli yadigarı» deyənlər də çox olub. Onun haqqında bu ad altında məqalələr də yazılıb. Vahidə həsr olunmuş meyxana deyişməsindən bir bənd şeri yadımıza salaq:

    Vahid şeri Füzuliyə tən deyib,

    Özü də cavanlıqda çox erkən deyib.

    Qəzəlin çoxunu Vahid bədahətən deyib,

    Tutmayıbdı özünü Yuxarı Vahid,

    Böyük Füzuli yadigarı Vahid.

    Vahid eşq- məhəbbət şairidir. Özünün dediyi kimi, nə «rəna qəzəldən», nə də işvəli dilbərdən, nazlı gözəldən ayrıla bilməyən sənətkar bütün ömrü boyu öz əqidəsinə sadiq qalmışdır:

    Mən necə ayrılım rəna qəzəldən,

    İşvəli dilbərdən, nazlı gözəldən,

    İnsan ki, bir şeyə uydu əzəldən,

    Ölüncə başında o adət olur.

    Bu sətirlər Vahidin ədəbiyyatşünas Cəfər Xəndana yazdığı məktubdan bir parçadır.

    Eşq-məhəbbət Vahid yaradıcılığının ana xəttidir. «Dünyada fəqət bircə məhəbbət qanıram mən» – deyən şair əsərlərində bu fikrini müxtəlif formalarda dəfələrlə xatırladır.

    Əliağa Vahidə görə eşq insanlığa məlum olan bütün anlayışlardan yüksəkdə durur. Vahidin «kamal əhli» kimi yaşamaq imkanlarından imtina etməsinə səbəb də eşq idi. Əql və fərasəti ilə şahanə həyat sürə biləcək bir adam «barigəhi eşqi» bəyənib, bu təmənna ilə şahanəliyindən keçmişdi.

    Çox fərqi var, arif düşünər əql ilə eşqin

    Eşq əhli kamal əhlinə həmxanə deyilmiş.

    Beytin sözaltı mənasında Sabiranə ustalıqla gizlədilmiş bir istehza var: «Kamal əhli» olmağa nə var ki?! Hünər «eşq əhli» olmaqdadı.

    Qəzəllərinin birində təbiətinin məhəbbət torpağından yoğrulduğunu, öləndən sonra da məzarının ülfət gülləri bitirəcəyini söyləyirdi:

    Saqi sərməst qılıbdır bir əyaq ilə məni,

    Nola hər saət aşarsa ayağım başımdan.

    Tinətim xaki məhəbbət ilə təxmir olunub

    Bitər ülfət gülü ölsəm də məzar daşımdan.

    Digər bir qəzəlində:

    Vahidəm eşq məhəbbətlə cahandan getdim,

    Heyf kim, bilmədilər mən nə təriqətdə idim.

    – deyə şikayətlənir, giley-güzar edirdi.

    Vahid hər şeydən öncə gözəllik aşiqidir. O insan gözəlliyini də özünəməxsus şəkildə tərənnüm edib.

    Əliağa Vahid şerlərində bəzən bu gözəlliyin özü deyil, nəticələri ön plana çəkilir: Gözəllik xoş ovqat yaradır, adamı heyrətə gətirir, gözəllik fövqəl hadisələrə də səbəb olur. Gözəllik fitnə-fəsad da törədir.

    Əliağa Vahidin gözəllik dünyası ayrıca tədqiq olunmalıdır.

    Vahidin qəzəllərində zəmanəsinin xüsusiyyətləri də əks olunub. Xalq şairi Səməd Vurğuna yazdığı və digər qəzəllərində bu, açıq-aydın görünməkdədir. Burada sözümüzə xülasə edək. Vahid qəzəllərinin və aşiqanə şeirlərinin çox incə və zərif xüsusiyyətləri vardır. Təsadüfi deyildir ki, hətta ən məşhur ədəbiyyat mütəxəssisləri də onun şeirlərinin sehri və sirrlər aləmi qarşısında mat qaldıqlarını etiraf etməli olmuşlar.

    2. Əliağa Vahid satirik şerlər və meyxanalar müəllifidir

    Onun satirik şerləri tədqiq olunmayıb. Meyxanaların isə çoxusu itib-batıb.

    Vahidin “Biz şairə qiymət veririk öləndən sonra” misralı meyxanası onun külliyatına salınmayıb.

    Satirada Vahidi M.Ə.Sabirin yetişdirməsi hesab eləyənlər də var, onun satiralarını «ədəbiyyatımızda ancaq ayrı-ayrı illərdə güclənən cari felyetonçuluqla bağlı» olduğunu qeyd edən ədəbiyyatşünaslar da.

    Vahidin adı çəkiləndə əvvəlcə qəzəl, sonra isə meyxana yada düşür. Vahid həm də meyxana ustası idi. O, şifahi xalq ədəbiyyatımızın bu növünə də yeni ruh gətirmişdi. Vahid mədəni adam idi. Hərzəguluq edənlərlə meyxanə deməkdən qaçardı. İndiki meyxanaçılar açıqca etiraf edirlər ki, bu janrın ən böyük ustadı Əliağa Vahiddir. Meyxana haqqında onların dediklərini yada salaq:

    Şerin incə növünə dəlalətdi bu,

    Əliağa Vahiddən əmanətdi bu.

    Vahidin satirik şeirləri bu gün də öz əhəmiyyətini itirməmişdir:

    Zəmanə mərdlik axtarır

    Yeri, yeri, qorxağın biri.

    İki igid hümmət edə,

    Gündə qopar dağın biri.

    Yeri, yeri, qorxağın biri.

    Bir neçə il xəspuş olub,

    Oğrulara tay-tuş olub.

    İndi gəlib dərviş olub,

    Köhnə fırıldağın biri.

    Yeri, yeri, qorxağın biri.

    və yaxud,

    Çıx ey qaniçən yırtıcı, çıx torpağımızdan,

    Xain, gözünü çək dərəmizdən dağımızdan.

    3. Əliağa Vahid epitafiyalar müəllifidir

    Ədəbiyyatda qəbrüstü yazılara, baş daşına və sinə daşına yazılan şeirlərə epitafiya deyilir.

    Vahidin şairlik fəaliyyətinin bu tərəfi də diqqətəlayiqdir. O təkcə toylarda meyxanələr deməklə, şadlıqlara təbriknamələr yazmaqla kifayətlənməyib. Xalqın sevincinə şərik olduğu kimi, hüzn, matəm və üzüntülü günlərində də xalqın yanında olub. Öz yaxınlarının, əzizlərinin baş və sinə daşlarına şer yazdırmaq üçün Vahidə müraciət edənlər çox olub. Əliağa Vahid yaradıcılığının tədqiqatçısı rəhmətlik Məmməd Nuru oğlu şairin epitafıyalarının bir qismini nəşr etdirib. Biz Gəncədə İmamzadə qəbristanlığında Vahidin epitafıyalarına rast gəldik. Cavan bir oğlanın məzarında baş daşına görək nə yazılıb:

    Biçdi xəyyati-əcəl əynimə bir qəmli kəfən,

    Mənə toy xələti, bəylik otağı layiq ikən.

    Fələyin gəlmədi rəhmi anamın göz yaşına,

    Qoy yazılsın qara xətt ilə məzarım daşına.

    «Qəzəlxan» filmində Vahidin Gəncəyə toya çağırılması və ora gedib çıxa bilmədiyini əks etdirən gülməli və həm də kədərli bir səhnə var.

    Loğman Kərimov “Qəzəlxan” filminin çəkilişi ərəfəsində Məmməd Nuruoğlu gildə Əliağa Vahidin Gəncədə əsəbi şəkildə dediyi meyxanəyə dəfələrlə qulaq asdığını bildirib. Çox maraqlıdır Vahid Gəncəyə neçənci ildə və kimnən gəlmişdir?

    Araşdırmalar göstərir ki, Vahid qəbristanlıqlar üçün də epitafıya yazıb. Ədəbiyyatşünas Rafael Hüseynov kənd qəbristanlığı hasarının alaqapısı üçün Vahidin yazmış olduğu epitafıyanı belə təqdim edir:

    Ey gələnlər, baxın ibrətlə məzarstanə,

    Çox pərilər çəkib ağuşıına. bu viranə.

    Yenə eşq ilə, məhəbbətlə keçinmək xoşdur,

    Qoymamış kimsəni şad olmağa bu qəmxanə.

    Rafael Hüseynov «şeirimizin bu qanadına da biganə» olmamağı məsləhət

    bilir.

    Fikrimizi yekunlaşdırıb onu demək istəyirik ki, Azərbaycanın əksər bölgələrində Vahidin epitafıyaları var. Onları axtarıb tapmaq Vahid yaradıcılığının az öyrənilmiş sahəsinə işıq salardı.

    4. Əliağa Vahidin tərcümələri

    Vahid Nizami, Xaqani, Füzuli və digər klassikləri tərcümə edib. Füzulinin farsca divanının Azərbaycan dilinə tərcüməsinin (1958-ci il nəşrinin) birinci redaktoru olub. Akademik Həmid Araslı Vahidin tərcümələrini və redaktor kimi fəaliyyətini yüksək qiymətləndirib.

    Vahidin tərcüməçilik məharəti, «qəzəl qurmaq ustalığı», əruz vəznini mükəmməl bilməsi digər tədqiqatçıların, o cümlədən Əkrəm Cəfərin və Məhəmmədtağı Zehtabinin də nəzər-diqqətini cəlb etmişdi.

    Vahidin külliyyatında Xaqaninin tərcüməsi ilə bağlı şairin narahatçılığını əks etdirən bir şer də var:

    Bir il də çəkər, vay dədə, Xaqani çıxınca

    Eşq əhli gərək səbr eləsin canı çıxınca.

    Xaçmazlısan, ay tərcüməçi, yoxsa qubalı?

    Öz boynuva öz tərcüməvin vizrü vəbalı.

    Az qaldı üzüm-əncilə, qurtardı gəvalı,

    Ləngitsə bir az da bu işi Mirzəbabalı.

    Bəlkə çapa getsin gələn il şanı çıxınca,

    Bir il də çəkər, vay dədə, Xaqanı çıxınca.

    Göründüyü kimi, Vahid Xaqaninin tez nəşr olunmasını arzulayırdı ki, öz tərcümələri üçün zəhmət haqqı alsın.

    Bir tərcüməçi kimi də, Əliağa Vahidin tayı-bərabəri olmayıb. Professor Həmid Məmmədzadə Füzulinin tərcüməsi zamanı Əliağa Vahidin fitri istedadının heyrətdoğurucu məqamları haqqında olduqca maraqlı və indiyədək görünməmiş bir əhvalat danışır.

    Nəzərə almaq lazımdır ki, Vahid professional tərcüməçi deyildi. Klassikləri tərcümə etməyə, onu əsasən qəzəlxan olduğuna görə cəlb etmişdilər.

    Tərcümə işi çətinliklərinin Vahidi üzüb əldən saldığı vaxtlar da az olmamışdı. Burada Füzulinin farsca divanından Vahidin tərcümə etdiyi bir qəzəli də yada salmaq yerinə düşərdi:

    Dedim: Eşqində könül zarü həzin olmalıdır.

    Dedi ki: Söz odur, əlbəttə həmin olmalıdır.

    Dedim:Etmiş niyə çeşmin xəmi-əbrudə məkan?

    Dedi: Pakizə nəzər guşənişin olmalıdır.

    Dedim: Etdin dil ilə dinimi qarət nə üçün?

    Dedi: Büt sevgilisi bidilü din olmalıdır.

    Dedim: Öz aşiqini bəs necə istərsən ola?

    Dedi: Rüsvalığa aləmdə əmin olmalıdır.

    5. Müxtəlif şeirlər

    Bu bölmədə Vahidin qoşmaları, mahnıları, təxmisləri, deyişmələri, ayrı- ayrı şəxslərə yazmış olduğu müxtəlif məzmunlu şeirləri və s. tədqiq oluna bilər. Vahidin «Sevgilim» adlı qoşmasından bir bəndə nəzər yetirək:

    Sevgilim, qaşların çatıb baş-başa,

    Hüsnünə etməyə hər gün tamaşa,

    Üfüqlərdən çıxır hər səhər qoşa,

    Günəş bir tərəfdən, ay bir tərəfdən.

    Bu təsvir necə də xoşagəlimlidir. Sevgilinin gözəlliyini seyr etmək üçün Günəş və Ay hərəsi bir tərəfdən onun tamaşasına çıxıblar.

    VƏ SONDA…

    Biz Əliağa Vahidin şairlik fəaliyyətinin əsas istiqamətlərini yada saldıq.

    '!v^ h. –.s_

    Vahid gələcəyin şairidir. O hələ tam araşdırılmayıb. Sağlığında onun hünər və bacarığı haqqında cəmi bircə məqalə yazılmışdı. Ölümündən sonra onun yaradıcılığı tədqiqat obyekti olub. Əliağa Vahid elə bir şəxsiyyətdir ki, onun həyat və yaradıcılığı daima diqqət mərkəzində olmalıdı.

    Məhəmmədtağı Zehtabinin Təbrizdə nəşr olunan «Əliağa Vahiddən xatirələrim» kitabında şairin həyat və yaradıcılığını öyrənmək üçün çox zəngin materiallar var. Bu kitabın müasir Azərbaycan əlifbası ilə nəşr olunması vahidşünaslıq üçün qiymətli töhfə olardı.

    Vahidin ölümündən düz əlli il keçir.* Bu müddət ərzində onun haqqında çox yazılıb və yenə də yazılacaqdır. Nizamişünaslıq, füzulişünaslıq olduğu kimi, vahidşünaslıq da var.

    Əgər Vahid haqqında deyilən qiymətli sözləri bir yerə yığsaq bir kitab əmələ gələr.

    Şair Tofiq Bayramın Vahid haqqında dediklərini də burada xatırlatmağı lazım bilirəm: “Vahid ara-sıra Yazıçılar İttifaqına gəlirdi. Vahid ora gələndə bizim üçün bayram idi. Vahid ora gələndə özü ilə insaniyyət işığı gətirirdi, mərifət gətirirdi”.

    Sözümün sonunda istər-istəməz Vahidin Məhəmmədtağı Zehtabiyə dediyi bir beyt yada düşür:

    Getdi cavan ömrümüz badə Məhəmmədtağı,

    Kim salacaqdır bizi yadə Məhəmmədtağı.

    Əliağa Vahid heç vaxt unudulmayacaq. Nə qədər ki, insanlıq var, sevgi-məhəbbət də olacaq. Vahid də bu zərif hissləri tərənnüm edən şair kimi əbədi yaşayacaqdır.

    Vahidin özü tək yeganə olan büstünün Bakıda İçəri Şəhərdə saxlanılması və tez-tez televiziyada nümayiş etdirilməsi onu göstərir ki, biz qədim mədəniyyətin daşıyıcılarıyıq.

    Arif ORUCOV,

    Azərbaycan Texnologiya Universitetinin baş müəllimi