“Legiya”nın gürcü legioneri “Qarabağ”la oyunu ən vacib sayır

6

 “Qrupa düşmək üçün bu matçı qazanmalıyıq”

“Legiya”nın gürcü legioneri Valerian Qviliya Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oktyabrın 1-də keçiriləcək matçla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, millisinin də üzvü olan 27 yaşlı yarımmüdafiəçi klubunda yeni baş məşqçi Çeslav Mixneviçin rəhbərliyi altında çox qısa müddət məşq etdiklərini, amma indiyə qədər onun işini yüksək qiymətləndirdiklərini söyləyib: “İndi yeni oyun fəlsəfəsimiz var. Vaxt az olduğu üçün bu üslubu mümkün qədər tez öyrənməyə çalışırıq. Qarşıda “Qarabağ”la Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün qazanmalı olduğumuz bir oyun var. Onda yeni oyun üslubumuza uyğunlaşma üzərində işləmək üçün bir az çox vaxtımız olacaq. Yeni məşqçi futbola fərqli baxır. Hər bir mütəxəssisin öz baxışı var. Yeni tərzə mümkün qədər tez uyğunlaşmağa çalışırıq”.

Valerian hesab edir ki, onları qarşıda ən vacib matç gözləyir. “Bunun fərqindəyik və bütün məsuliyyəti gözəl başa düşürük. Ancaq bu, o demək deyil ki, bizə pis təsir göstərməlidi. Oyunumuzu göstərəcəyik. Hər birimiz komanda yoldaşımız üçün mübarizə aparmalı və komandada çalışmalıyıq. Hər şey əla olacaq”.