Ələddinin Çırağıyla işıqlanan Azərbaycan diasporu

    15

    I Yazı

    Böyük ideallara həsr olunmuş uşaqlıq

    Dünya tarixinə yön verən, Zamanın ənənəvi axarını dəyişən böyük bir millətin bu günə gəlib çıxan uzantılarıyıq. Vaxtilə babalarımız Şərqdə Əfqanıstandan Qərbdə Anadolu yarımadasına, Cənubda İran körfəzindən Şimalda Qafqaz dağlarına qədər geniş ərazilərdə at oynadıb, imperiyalar, dövlətlər qurublar. Tanrının bu böyük millətə bəxş etdiyi torpaqlar da adımıza layiq bərəkətdə və təbii sərvətlərlə zəngin olub. Dünyanın bütün super güclərinin hədəfinə çevrildiyimizdən tarixin hər anında torpaqlarımız uğrunda ağır döyüşlər gedib. Qanlı-qadalı tariximiz getdikcə zəifləməyimizə yol açıb və böyük Vətənimiz kiçik hissələrə bölünüb. Nəticədə bu gün əlimizdə cəmi 86.6 kvadat km ərazi qalıb. Onun da 20 faizi düşmən işğalı altında.

    Tarix boyu parçalana-parçalana bu günlərə gəlib çıxmağımız Azərbaycan türkünün dünyanın müxtəlif coğrafiyalarına yayılmasına yol açıb. İranda, Rusiyada, Avropada və dünyanın müxtəlif ölkələrində 50 milyondan çox Azərbaycan türkünün yaşadığı təxmin olunur. Sözsüz ki, milli bütünlüyümüzü qorumaq, gələcəyə daha güclü millət kimi gedib çıxmaq və bir gün yenidən böyük dövlət olmaq potensialımızı reallaşdırmaq üçün Azərbaycanın incə düşünülmüş diaspor siyasətinə ehtiyacı var. Görünür, 2008-ci ilin 19 noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Sərəncam imzalaması da bu zərurətdən – böyük dövlət quruculuğu ideyasından irəli gəlib.

    O başqa məsələdir ki, artıq 10 ildən bəri fəaliyyət göstərən Diaspor Komitəsinin bu vəzifəni nə qədər effektli yerinə yetirib-yetirmədiyi mübahisəyə açıqdır. Son prezident seçkilərinin ardından ölkə başçısı tərəfindən istefaya göndərilən keçmiş hökumət rəsmilərindən birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov olması və yeni sədrin təqdimatı zamanı Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin köhnə rəhbərliyi açıq-aşkar tənqid etməsi bu sahədə işlərin indiyədək gözlənilən səviyyədə qurulmadığını təsdiqləyir. Dünyanın bir sıra ölkələrindəki diaspora təşkilatlarından indiyədək gələn xəbərlər də ürəkaçan olmayıb. Diaspor rəhbərləri arasında müxtəlif maxinasiyalarda adları hallananlarla yanaşı, ermənilərlə qohumluğu böyük məziyyət hesab edənlər də var və onların zaman-zaman ictimai rəydə təlatüm yaradan açıqlamaları sözün həqiqi mənasında ürək bulandırır. Bu barədə uzun-uzadı mülahizələrlə zamanınızı almaq istəmədiyimizdən detallar üzərində çox dayanmaq fikrindən uzağıq. Sadəcə ümidvar olduğumuzu bildiririk ki, Dövlət Komitəsinin yeni rəhbərliyi bu neqativ halları ortadan qaldıracaq, müxtəlif ölkələrdə qurulmuş diaspora təşkilatları arasındakı ziddiyyətləri ortadan qaldıracaq, soydaşlarımızı vahid milli məfkurə ətrafında birləşməsinə nail olacaq.

    Bəzi diaspora təşkilatlarında bu cür neqativ hallar mövcud olduğu kimi, bəzilərinə həqiqi vətənpərvərlərin rəhbərlik etdiyi də danılmazdır. Onlardan biri də bu yaxınlarda 52 yaşında qəfil ürəktutmasından itirdiyimiz mərhum həmyerlimiz Ələddin Məmmədov idi. Ələddin Məmmədov haqqında söhbətləşdiyimiz bütün tanışları mərhumu böyük sayqıyla yad edir və onun istər Orenburq, istərsə də Rusiyanın digər şəhərlərində yaşayan həmyerlilərimizin qayğısına qaldığından ağız dolusu danışırlar. Biz də qələmə alacağımız yazılarımızla həmyerlimizin həyat yoluna onu tanıyanların yardımıyla qısaca nəzər salmağa qərar verdik.

    Açığını desək, bu yazının müəllifi də mərhumu hələ uşaqlıq dövründən tanıyır. Bəndəniz Naxçıvan şəhərində, Ələddin Məmmədov isə bu şəhərdən 15 km aralıda yerləşən Cəhri kəndində böyüyüb boya-başa çatmasına baxmayaraq, eyni məktəbin müdavimləri olmuşuq. Tale biri Naxçıvan şəhərindəki Pionerlər Sarayında fəaliyyət göstərən ədəbi yaradıcılıq dərnəyində dəfələrlə üz-üzə gətirmiş, bərabər ədəbi müzakirələr, vətənpərvərlik məsələləri ətrafında fikir mübadiləsi aparmaq imkanı vermişdi.

    Məktəb illərində Çıraq təxəllüsüylə gözəl şeirlər yazan Ələddin bəy 1966-cı il 19 may tarixində dünyaya gəlib. Zəhmətkeş ailədə böyüyən Ələddin hələ uşaqlıq illərindən əmək fəaliyyətilə məşğul olub. Cəhri kənd orta məktəbində 8-ci sinifi bitirdikdən sonra Naxçıvan Politexnik texnikumunda təhsilini davam etdirib. 4 illik təhsil müddətində ictimai fəaliyyətdən də geri qalmayıb, Pionerlər Sarayında mərhum Asif Kələntərlinin rəhbərlik etdiyi bədii yaradıcılıq dərnəyinə üzv olub. Ələddin bəyi bu dərnəyə gətirən də elə məktəbli illərində qələmə aldığı şeirlər idi.

    Nə qədər adi bir yaradıcılıq məkanı kimi görünsə belə, bu dərnəyin Azərbaycanın müstəqil dövlətçilik tarixində özünəməxsus xidmətləri var. Dərnəyin müdavimlərindən olan Bünyamin Qəmbərlinin fikrincə, milli azadlıq hərəkatının aparıcı şəxsləri, o dövrün vətənpərvər ziyalıları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində yaradılan gizli təşkilat şəbəkəsinin bir qolu olan dərnək qarşısına gənc vətənpərvərlər yetişdirmək hədəfi qoyulmuşdu: “Təsadüfi deyil ki, bədii yaradıcılıq adı altında Muxtar Respublikanın istedadlı və yaradıcılıq qabiliyyətinə malik məktəblilərini öz bünyəsində toplayan dərnəyin yetişdirdikləri bu gün Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Dərnəyin üzvlərindən biri Fazil Mustafa hazırda Azərbaycan Milli Məclisinin deputatı, mən BAXCP sədrinin müavini kimi ictimai həyatda rol oynamağa çalışırıq. Həmin dərnəyin ən azyaşlı yetirmələrindən biri isə sən idin. Azərbaycanın milli azadlıq hərəkatında ən fəal iştirak edən bir çox ziyalılarımız da bu “şinel”dən çıxmışdılar. Biz o dərnək vasitəsilə təkcə Naxçıvandakı deyil, həmçinin respublikadakı bir çox milli məfkurə daşıyıcıları olan ziyalılarla əlaqə saxlayır, onları tanıyır və söhbətləşirdik”.

    Bünyamin Qəmbərlinin fikrincə, milli dövlətçilik düşüncəsinin yayıcıları olan gizli təşkilatın xüsusilə yaradıcılıq qabiliyyətli məktəblilərə üstünlük verməsi təsadüfi deyildi: “Məqsəd Azərbaycanın potensial ziyalılarını öz ətrafında birləşdirmək və onların düşüncələrini milli məfkurə ilə yoğurmaq idi. Hələ 14-15 yaşlarında olan Ələddin Çıraqın da həmin dərnəyin üzvü olması da, sözsüz ki, onun şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynamışdı. Rusiyada fəaliyyət göstərən bəzi diaspor rəhbərlərindən fərqli olaraq Ələddin Məmmədovun həmyerlilərimizin problemləriylə yaxından məşğul olmasının əsl səbəbi də bu amildə axtarılmalıdır”.

    Dərnəyin digər üzvü, millət vəkili Fazil Mustafa da eyni görüşdədir. O, qələmə aldığı “Ələddinin sönməz çırağı” adlı məqaləsində Rusiyanın Orenburq şəhərində diaspor rəhbəri kimi fəaliyyət göstərən Ələddin Çırağın yetişmə mühitindən bəhs edərkən yazır: “İllər öncə Naxçıvan şəhərində Pionerlər Sarayı adlanan bir məkanda ötən əsrin 70-ci illərinin sonunda ədəbi mühitin avanqardı olan Şeir Dərnəyindən Ələddin Çıraq təxəllüsü ilə tanıdığımız bir dostumuzun vəfat etdiyini təsəvvürümüzə belə gətirməzdik. Çünki o zamandan bütün əlaqələrimizi itirmiş, hər hansı bir ünsiyyət imkanımız olmamışdı. Bununla belə, bircə təsəllimiz oldu ki, vaxtilə bu möhtəşəm dərnəkdə yetişən insanlardan biri uzaq Rusiyada fəal ictimai xadim kimi Azərbaycan üçün xeyli faydalı işlər görmüş və oradakı insanların rəğbətini qazanmışdı”.

    Millət vəkili həmin yazısında Naxçıvanın bir sıra milli vətənpərvərlərinin yetişdiyi dərnək barədə məlumat verərək qeyd edir: “Bu dərnəyi o zaman Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakultəsinin məzunu, gözəl ədəbiyyat bilicisi mərhum Asif Kələntərli yaratmışdı. O, məktəblərdə oxuyan istedadlı şair və yazarları həmin dərnəyə toplamaqla məşğul idi və qısa müddətə bunu gerçəkləşdirmişdi”.

    Həmin dərnəkdə dövrün bir sıra milli məfkurə sahibi ziyalıları ilə tanış olduğunu bildirən deputat məşğələlərdə 70-80-ci illərin ədəbi mühitini dərindən müzakirə və təhlik etdiklərini vurğulayır: “Rəsul Rza, Əli Kərim, Dilsuz, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Mövlud Süleymanlı kimi yazarların əsərlərini təhlil etməklə kifayətlənmədik, çoxlu xarici ədəbiyyat nümunələrini mütailə etdik, eyni zamanda öz yaradıcılığımızın da təqdimat imkanını əldə etdik. O zaman dərnəkdəkilərin əksəriyyəti şeir yazırdı və bu da maraqlı müzakirələr üçün mövzu bolluğu demək idi. Burada mərhum Elçin Səlcuq, Qəzənfər Oğuzbəy, Heydər Oğuz, Aybəniz Kəngərli, Bünyamin Qənbərli kimi xatırladığım imzalarla yanaşı bölgələrdən olan İnqilab Orxan, mərhum Mehman Qaraçöp kimi şairlərlə də təmas imkanımız olmuşdu. Məhz həmin dövrdə Ələddin adlanan Politexnik Texnikomun tələbəsinin də çılğın şeirləri xatirimdə idi”.

    Ədəbi dərnəyin təkcə ədəbiyyatla məşğul olmadığını, milli idealları təbliğ edən quruma çevrildiyini yazan Fazil Mustafa şagird olmalarına baxmayaraq, bu gənclərin zaman-zaman təqiblərə məruz qaldıqlarını da gizlətmir. Onun sözlərinə görə, təqiblə üzləşənlərdən biri də Ələddin Çıraq idi: “O dövrdə dərnəyimizin həm də Sovet rejimi əleyhinə siyasi fəaliyyətlərə açıq olan bir məkan kimi tanınması da bir reallıq idi və bunu təmas saxladığımız özümüzdən yaşlı bir çox hərəkat fəallarının söhbətlərində iştirakla daha dəqiq sezə bilirdik. Həmin vaxtlar Ələddini də Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq hədələdikləri barədə özündən bəzi sözləri də duyduğumu xatırlayıram. Bir dərnəyin qısa müddətdə böyük missiya sahibinə çevriləcək təşkilat modeli kimi tanınması, heç şübhəsiz, mərhum Asif Kələntərlinin öncüllüyü ilə baş vermişdi və bu amil bizim də formalaşmamıza ciddi təsir göstərmişdi”.

    BAXCP sədrinin müavini Bünyamin də ədəbi yaradıcılıq dərnəyi üzvlərinin təqiblərə məruz qaldıqlarını xatırlayır: “O dövrdə məktəbli olduğumuzdan Asif Kələntərli və digər təşkilat rəhbərləri bizi maksimum dərəcədə qorumağa çalışırdılar. Bir çox riskli addımları isə özləri atırdılar. Xatırlayıram ki, Asif Kələntərlini 3 dəfə KQB-yə çağırmışdılar. İlk dəfə 1982-də KQB-yə çağrılan Asif müəllim bir il sonra yenidən sorğuya çəkilmişdi. Axırıncı dəfə səhv etmirəmsə, 1985-ci ildə onu və İbrahim İbrahimlini gizli fəaliyyətlərinə görə sorğulamışdılar. Eşitdiyimə görə, dərnəyin şagird üzvlərinin valideynləri də KQB tərəfindən xəbərdarlıq edilmişdi”.

    Bünyamin Qəmbərli Asif Kələntərli və İbrahim İbrahimlinin KQB-yə çağrılmasının səbəblərinə də aydınlıq gətirdi:

    “Gizli təşkilatın öz fəaliyyətini davam etdirə bilməsi üçün pula ehtiyacı vardı. Təşkilat üzvləri ilə əlaqə qurmaq tələb olunurdu. Bu vəsaiti əldə etmək üçün təşkilatın bəzi üzvləri yayda Rusiyaya alma yığımına gedirdilər. 1985-ci ildə, səhv etmirəmsə, Asif Kələntərli, İbrahim İbrahimli və Fərəc Yusifbəyli bu missiyanı öhdələrinə götürmüşdülər. Onlar Naxçıvana qayıtdıqdan sonra Asif Kələntərli və İbrahim İbrahimli KQB-yə çağrılmışdılar. Mümkündür ki, Ələddin Çıraq da bəzi informasiyaları dəqiqləşdirmək üçün həmin vaxt sorğuya çəkilib”.

    Göründüyü kimi, Naxçıvanda yetişməkdə olan milli azadlıq hərəkatının ilk dövrlərində vətənpərvər ziyalılar arasında böyüyən Ələddin Çıraq əsəgərlikdən qayıtdıqdan sonra Rusiyada məskunlaşır. O, Rusiyada Azərbaycan diasporunun təşkilatlanması işində yaxından iştirak edir və bir sıra şəhərlərdə fəallığı ilə seçilir.

    Heydər Oğuz

    Ovqat.com