Lavrovun beş rayonun qaytarılması təklifinin pərdəarxası məqamları

120

Nəzakət Məmmədova: “Rusiyanın Azərbaycanda sülhməramlılarının yerləşdirilməsi, KTMT-yə və Avrasiya İqtisadi Birliyinə daxil olmaq məsələsi qaldırıla bilər”

Ramiyə Məmmədova: “Rusiya Türkiyəni regiondan uzaqlaşdırmaq üçün beş rayonun qaytarılması məsələsini ortalığa atıb”

“Maraqlıdır, Rusiya sözügedən rayonları qaytarırsa, qarşılığında bizdən nə istəyir? Ehtimal olunur ki, bölgədə Rusiya sülhməramlı qüvvələri yerləşdirilsin. Bu da faktiki olaraq, Rusiyanın Azərbaycanda hərbi siyasi iştirakının artırılması deməkdir. Təbii ki, bu Azərbaycanın müstəqilliyinə xələl gətirən addımdır. Bizim qanunlara görə, Azərbaycanda xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə icazə verilmir. Amma Rusiya Azərbaycanı məcbur edə bilər ki, Konistutsiyada dəyişiklik etsin”. Bunu “Hürriyyət”ə beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun beş rayonun Azərbaycana qaytarılmasıyla bağlı səsləndirdiyi təklifə münasibət bildirərkən deyib.

O, Rusiyanın Azərbaycanda sühməramlılarını yerləşdirməsiylə, müstəqilliyimizə xələl gələ biləcəyini qeyd edib: “Zaman-zaman Rusiya beş rayonun qaytarılması təklifini irəli sürüb. Onların qaytarılması planından artıq xəbərimiz var. Bu yeni məsələ deyil. Sahibə Qafarovayla olan son görüşdədə bu təklif yenidən səsləndirildi. Hərçəndi ki, Rusiya Xarici İşlər Nazirliyi bunu təkzib edib. Amma belə bir planın olması istisna edilmir. Rusiya Azərbaycanda sülhməramlılarının yerləşdirilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə daxil olmaq məsələsi qaldırıla bilər. Yəni, Rusiya özünün yaratdığı birliklərə Azərbaycanın daxil olmasını istəyə bilər. Bu da Azərbaycanın suverenliyinin tamamilə məhdudlaşdırılması demək olacaq. Eyni zamanda, Azərbaycanın Avropaya qapısı bağlana bilər. Bununla da Rusiya Azərbaycana, Qarabağ ətrafındakı rayonları qaytara bilər. Hələ burda Qarabağın statusu məsələsi müzakirə olunmur. Beləliklə, Rusiyanın müstəmləkəçiliyinə aparılan siyasətin sonu ola bilər”.

Nəzakət Məmmədova hesab edir ki, bu məsələlərdə Türkiyə və Azərbaycan arasında olan yaxınlıq, qardaş ölkənin Azərbaycanda hərbi baza yaratması Rusiyanı qorxuya salıb: “Azərbaycanın Rusiyanın yaratdığı təşkilatlara üzv olması bir növ SSRİ-nin bərpasına aparan yoldur. Azərbaycan kimi nüfuzlu MDB ölkəsinin Rusiyanın tərkibində olması SSRİ-nin bərpası üçün böyük addımdır. Bununla da Rusiya Qafqazda öz gücünü xeyli artırmış olacaq. Beləliklə, NATO üzvü olan Türkiyəni də Azərbaycanda sıxışdırıb çıxarmış olacaq. Amma Azərbaycan Rusiyanın bu təklifinə heç vaxt getməyəcək. Əgər, Azərbaycan buna razılaşsaydı, çoxdan razılaşmış olardı. İndiyə qədər olmayıbsa, bu dəfə də rədd cavabı verəcək.

Bu il danışaqların bərpa olunacağına inanmıram. Həm pandemiyaya görə, həm də vəziyyətin indiki durumu danışıqların aparılmasına imkan verməyəcək. Hər şey Rusiyadan aslıdır. Azərbaycan və Türkiyənin Dağlıq Qarabağda hərbi əməliyyatlar aparmasına inanmıram. Ermənistan “xalq ordusu” yaradır, bizdə səfərbərlik elan olunur. Paşinyan nöqtə, bizim prezident isə nida deyir. Müharibəni birinci biz başlamırıq. Bu məsələlər qızışsa və Azərbaycan-Rusiya münasibətləri kəskinləşərsə, Ermənsitan atəşkəsi pozub qısamüddətli müharibəyə başlaya bilər. Ermənistan hansı addım atırsa, biz qarşılıqlı cavablarını veririk. Həmişə də onlar atəşkəsi pozub”.

Digər bir politoloq Ramiyə Məmmədova isə, təkcə beş rayonun qaytarılması ilə kifayətlənmək deyil, bütün Dağlıq Qarabağı işğaldan azad etmək lazım olduğunu vurğulayıb. Politoloq Rusiyanın Dağlıq Qarabağ problemini özü yaratdığına görə, bu məsələyə heç vaxt birmənalı yanaşmadığını deyib: “Lavrov Qafarovayla görüş zamanı “Madrid prinsipləri”nə uyğun olaraq, beş rayonun qaytarılması məsələsini dilə gətirib. Ondan öncə Zaxarova da mətbuat konfransı zamanı Minsk Qrupunun və xarici işlər nazirlərinin yenidən görüşmələrinin lazım olduğunu bildirib. Lavrovun beş rayonun qaytarılmasıyla bağlı verdiyi bəyanat hazırkı durumda gözlənilən bəyanatıydı. Çünki Minsk Qurupunun ən fəal üzvlərindəndir. Əslində, Rusiya ən fəal iştirakçı kimi Dağlıq Qarabağ problemini çoxdan həll etməliydi. Ermənistana təzyiq göstərməklə, Dağlıq Qarabağda sülhlə yanaşı, Azərbaycanın tarixi torpaqlarını geri qaytarmağı tələb etməliydi. Amma Rusiya Dağlıq Qarabağ məsələsini özü yaratdığına görə, bu məsələyə heç vaxt birmənalı yanaşmayıb.

Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ərdoğan Dağlıq Qarabağ məsələsi haqda danışmaq istəyən zaman, Putin çox qəliz məsələdir deyib, üstündən keçmişdi. Artıq Dağlıq Qarabağ məsləsinin üstündən keçmək mümkün deyil.

Çünki Azərbaycan Türkiyəylə hərbi təlimlərdən başqa, Azərbaycana hərbi və siyasi baxımdan dəstək verəcəyini ifadə edib.

Təbii ki, bundan sonra Rusiya və Ermənistan öz mesajını almış oldu. Türkiyənin Azərbaycana verdiyi dəstək, gələcəkdə Türkiyənin Azərbaycanda hərbi bazasının olmasına gətirib çıxara biləcək.

Ona görə, Rusiya Türkiyəni regiondan uzaqlaşdırmaq üçün beş rayonun qaytarılması məsələsini ortalığa atıb. Təbii ki, bizə beş rayonun qaytarılması məsələsi vacibdir. Lakin beş rayonun qaytarılması ilə kifayətlənmək olmaz. Bütün Dağlıq Qarabağı işğaldan azad etmək lazımdır. Birinci növbədə, sərhədlər bağlanmalıdır. Daha sonra digər torpaqların qaytarılmasına başlamaq lazımdır.

Türkiyənin regiona girməsi gələcəkdə türk dövlətlərinin Türkiyəyə birləşməsinə gətirib çıxaracaq. Nəticədə, Turan dövlətlərinin birliyi yarana bilər. Bu da Rusiyanın marağına uyğun gəlmir.

Rusiya bütün türk dövlətlərini itirməyə başlasa, dünya siyasətində əhəmiyyətsiz dövlətə çevriləcək. Bu baxımdan, Rusiya bu məsələyə tez bir zamanda münasibət bildirib. Hazırda Rusiyanın ikili oyun oynadığını görürük”.

YƏHYA