Lavrov Türkiyənin həmsədrliyinin mümkünlüyü haqda – “Çavuşoğlu ilə əlaqə yaratdım”

201

“Moskvada qəbul olunan birgə bəyanatda danışıqlar prosesinin, danışıqlar formatının dəyişməz olduğu təsdiqlənib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında deyib.

Rusiya XİN başçısı Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulmasının mümkünlüyünə münasibət bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu olduqca çox saylı ölkələr qrupudur: “Danışıqları aparmaq üçün səlahiyyət üç həmsədrə – Rusiya, ABŞ və Fransaya verilib. Dünya paytaxtlarından səslənən bəyanatlarda üç həmsədrin mandatına bağlılıq ifadə olunub”.

S. Lavrov həmsədrlərin hazırda Moskvada olduğunu, Ermənistan XİN başçısı ilə görüş keçirəcəklərini də vurğulayıb: “Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva razılaşmasını alqışlayıb. Gecə danışıqları zamanı mən türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə əlaqə yaratdım, onu məlumatlandırdım ki, səylərimizə dəstəyə ümid edirik. Bazar günü biz yenə telefon danışığı apardıq, bu zaman yenə də Moskva sənədinə dəstək təsdiqləndi”.