Laçın şəhərinin və Qarabağa daxil olan digər ərazilərin sonrakı taleyi…

690

İlqar Altay: “Laçın şəhəri, ya da hansısa bir kənd dəhliz içinə düşsə belə, ermənilər oranı tərk etməlidir”

Nazim Cəfərsoy: “Xocalı, Xankəndi və Xocavənddə də mümkün olan ən qısa vaxtda bayrağımızı asacağıq”

Məhəmməd Əsədullazadə: “Türkiyə qoşunu Qarabağda yerləşdirilməli, Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdəki erməni hərbi birləşmələri çıxarılmalıdır”

Ələsgər Əhmədoğlu: “Laçın koridorunun statusu eynilə Mehri koridorunun statusu kimi kommunikasiya xətlərindən istifadə ilə məhdudlaşmalı idi”

Dekabrın 1-də, yəni Laçın rayonu təhvil verildiyi gün xalqa müraciət edən prezident İlham Əliyev noyabrın 10-da imzalanan bəyanatla bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirib. Belə ki, bəyanatın icrasını şərh edən ölkə başçısı artıq Laçın rayonunun Azərbaycana qaytarıldığını bildirməklə yanaşı, Laçın dəhlizinin Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qaldığını vurğulayıb: “Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”.

Dövlət başçısı bu məsələni şərh edərkən, qeyd edib ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir: “Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

“Bu, adi bir yol olsaydı, 5 km çox idi, amma bu, statusuna görə beynəlxalq dəhliz və həm də münaqişə mahiyyətli regiondakı yol ətrafı təhlükəsizlik zonasıdır”

Beləliklə, prezidentin çıxışından da göründüyü kimi, Laçın şəhəri hələ bizə qaytarılmayıb və bunun üçün yeni dəhlizin parametrləri müəyyən olunmalıdır. Məhz bu səbəbdən də hazırda ölkə vətəndaşlarını həm Laçın şəhərinin, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin sonrakı taleyi maraqlandırır. “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın sözlərinə görə, Laçın şəhəri, ya da hansısa bir kənd dəhliz içinə düşsə belə, ermənilər oranı tərk etməlidir: “Çünki dəhliz Azərbaycanındır, bizim ərazimizdir. Bildiyiniz kimi, üç tərəfli razılaşma-bəyannaməyə əsasən, Xankəndi-Ermənistan maşın yolu 5 illik sülhməramlıların nəzarətində istifadəyə verilib. 5 il sonra münaqişə səngiyir və yola nəzarətə ehtiyac qalmır, sülhməramlı gedir, Azərbaycan vətəndaşı olan ermənilər Ermənistana tam təhlükəsiz və müşayiətsiz gedib-gəlirlər. Ermənistan vətəndaşı olan ermənilər isə indi də, 5 il sonra da Azərbaycana Laçın sərhədinə girişdə xüsusi və çox nadir halda çətin verilən viza ilə ölkəmizə girə biləcəklər. Eynilə, Zəngəzur-Mehri dəhlizi Ermənistanın olaraq bizim Naxçıvana gediş-gəlişimiz üçün istifadəyə veriləcək, bizim və ya heç kimin o əraziyə iddiası, orada qalmaq, yaşamaq imkanı ola bilməz. Dəhliz belədir, girdin, dayanmadan, sağa-sola dönmədən düz və birbaşa sonadək getməlisən. Eləcə də ermənilər Laçın dəhlizinə girdi, düz Ermənistan sərhədinədək sakitcə, başıaşağı gedirlər. Yəni, necə ki, bir zamanlar Almaniya ikiyə – AFR və ADR-ə bölünəndə Qərbi Berlin almanları ADR ərazisindəki dəhlizlə tam müşayiət nəzarət altında gedib qohumlarına baş çəkib qayıdırdı. Qaldı ki, Laçın şəhəri dəhlizə düşürsə düşsün, heç bir problem, qiyamət deyil, istənilən halda ermənilər oranı tərk edir, bizim də dövlətimiz tezliklə dəhlizi Laçın bərabərində “obxodnoy” bir yolla yandan çəkir. Bu da olsun lap, 10 km, Bakı-Tiflis yolunun Kürdəmir, Yevlax böyründən aparıldığı kimi. Və tezliklə Laçın camaatımız köçür öz doğma Laçınına. Mən bunu belə görürəm”.

“Bəyannamədə Laçın dəhlizinin eni nədən 5 km nəzərdə tutulub” sualını cavablandıran İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, bu, adi bir yol olsaydı, 5 km çox idi, amma bu, statusuna görə əslində, beynəlxalq dəhliz və həm də münaqişə mahiyyətli regiondakı yol ətrafı təhlükəsizlik zonasıdır: “Qarabağın Ermənistan, ümumdünya erməniləri üçün dəbdə olduğu, Dağlıq Qarabağ, üstəgəl 7 işğal rayonu “qələbə təntənəsi” dövrü, Laçın dəhlizi, onların Qarabağ “qənimətlərini” qalan dünya erməni hissəsi ilə birləşdirən böyük kommunikasiya əhəmiyyəti daşıyırdı. İndi Azərbaycana hərbi və siyasi məğlub, təslim olandan və işğal olunmuş ərazilərin, statusun itirilməsindən sonra bu dəhliz çətin ki, onlar üçün həmin əhəmiyyətdə qalsın. Amma vaxt var idi, bizim prezident çıxışında dediyi kimi, danışıqlarda dəhliz kimi, bütün Laçın rayonunu tələb edirdilər. Və İlham Əliyev bununla qəti razılaşmayanda eni 30 km, yenə rədd cavabı verəndə, 10 km, daha bir rəddən sonra 5 km-lə razılaşma baş tutub. Bu, adi bir yol olsaydı, 5 km çox idi, amma bu, tək yol deyil, statusuna görə əslində beynəlxalq dəhliz və həm də münaqişə mahiyyətli regiondakı yol ətrafı təhlükəsizlik zonasıdır. Təhlükəsizlik zonasının və onun qoruyucu xidmətinin də öz spesifik ərazi ehtiyacı, tələbatı standartları var ki, orada müşahidə postlarını, bazalarını, qarnizonlarını və sülhməramlıları yerləşdirsin. Ancaq burada Azərbaycanın mənafeyi üçün bundan vacib bir məsələ var. Söhbət Mehri dəhlizinə ekvivalentdən, dəyişmədən, əvəzdən gedir. Bu 5 km enində Laçın dəhlizi əvəzində, biz Azərbaycanla Naxçıvan, Türkiyə-Zəngəzur-Mehri dəhlizini eyni 5 km.-lik götürürük. Fərq onda olur ki, Mehri dəhlizinin 5 km eni olması bizə daha xeyirlidir. Yəqin ki, bizim dövlət başçısı bunu gözəl bilib”.

“Laçın və Mehri dəhlizlərinin əvəzlənməsinin biz üçün iqtisadi və geosiyasi əhəmiyyəti var”

İlqar Altay bildirib ki, ermənilər Laçın dəhlizindən yalnız avtomobil nəqliyyatı kimi istifadə edəcək, biz isə Mehridən həm beynəlxalq, quru-maşın magistral avtoban yolu, həm sürətli dəmir yolu, qaz, neft kəmərləri, həm də elektrik enerjisi, rabitə və s. kommunikasiyalar dəhlizi kimi istifadə edə biləcəyik: “Bu qədər xəttlər üçün isə 5 km dəhliz eni çox lazımlıdır. Laçın dəhlizi yalnız Ermənistan və Dağlıq Qarabağ erməniləri arası və səviyyəsində kiçik dalan əhəmiyyəti daşıyacaq. Mehri dəhlizi isə elə qonşular Azərbaycan, Rusiya, İran, Türkiyə dövlətlərinin beynəlxalq iqtisadi və s. kommunikasiyasıdır. Bu dəhliz gələcəkdə daha çox Avropa, Yaxın Şərq, İran Körfəzi və digər dünya dövlətlərini, hətta Orta Asiyanı birləşdirə bilər. Bu, həm də vacib şimal-qərb ötürücüsüdür. Heç uzağa getməyək, Azərbaycandan qardaş Türkiyəyə Gürcüstan ərazisi, sərhəd-gömrük postlarını keçməklə 600 km qət ediriksə, həm də keçid pulları, Mehri dəhlizi və Naxcıvan yolu ilə birbaşa sərhəd keçidsiz cəmisi 200 km-dir. Yəni, qardaş Türkiyə ilə quru yolla birləşirik. Əslində, bu dəhliz ermənilər üçün də xeyirlidir. Bu barədə onların siyasətçiləri, Paşinyan özü də açıq deyir. Odur ki, Laçın və Mehri dəhlizlərinin əvəzlənməsinin bizim üçün iqtisadi və geosiyasi əhəmiyyəti var”.

“Bir müddət sonra yavaş-yavaş qondarma “DQR” bayraqları yığışdırılacaq, sonra da Azərbaycan bayrağı asılacaq”

“Hürriyyət“in məlumatına görə, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə bu qənaətdədir ki, Xocalı, Xankəndi və Xocavənddə də hazırkı sülh prosesinin inkişafı ilə mümkün olan ən qısa vaxtda bayrağımızı asacağıq: “Bir müddət sonra yavaş-yavaş qondarma “DQR” bayraqları yığışdırılacaq, sonra da Azərbaycan bayrağı asılacaq. Biz o bayrağı elə ağıllı, səviyyəli və mütərəqqi prosses ilə oralara asacağıq ki, inşallah o bayraq orada əbədi dalğalanacaq. Və Qarabağ erməniləri də onu qəbul edib hörmət göstərəcək və bir hissəsi mənimsəyəcək. Necə ki, Bakıda bayrağı xüsusi qorumağa ehtiyac yoxdur, Xankəndində də olmayacaq! Bayrağı mənimsəməyən, ən azından hörmət göstərməyən isə vətəndaş kimi bu ölkədə yaşaya bilməyəcək. Yəni Qarabağda ermənilərin vəziyyəti təxminən, Türkiyədəki ermənilərin vəziyyəti kimi olacaq. Məncə, Xocalı və Xankəndindən olan azərbaycanlılar oradakı evlərində ağdamlıdan, füzulilidən, zəngilanlıdan daha tez köçüb yaşayacaqlar”.

“Məncə, Naxçıvan dəhlizinin eni azı Laçın dəhlizinin eni qədər olacaq”

Ölkə başçısının xalqa müraciəti zamanı hamını maraqlandıran suallara cavab verdiyini vurğulayan QAFSAM-ın sədr müavini bildirib ki, azərbaycanlı məcburi köçkünlərin əvvəl yaşadıqları yerlərə, yəni Xankəndi, Xocalı və Xocavəndə qayıdacağı xüsusi qeyd edilib: “Fikrimcə, buna da təhlükəsizlik və texniki işlər üçün müəyyən vaxt lazım olacaq. Onsuz da Ağdama və ya Füzuliyə də əhalinin faktiki qayıtması üçün vaxt lazımdır. Orda yaşayış şərtlərini yaratmalıyıq. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olacağı bildirildi. Yəni bölgədə Azərbaycan qanunları keçərli olacaq. O qanunlar Xankəndidə, Xocalıda və digər yerlərdəki rəsmi binalarda Azərbaycan bayrağının qaldırılmasını, bütün təhsil qurumlarının Azərbaycanın Təhsil Nazirliyinin tabeliyinə verilməsini tələb edir. Düşünürəm ki, təhsildə pedaqoji prosesə uyğun olaraq mərhələli müvəqqəti keçid dövrü olacaq. Bundan başqa, hüquqi məsuliyyət və təzminat barədə qərarlılıq və işlərin davam etdiyi bir daha vurğulandı. Naxçıvana dəhliz məsələsi də bir xeyli aydınlaşdı. Məncə, o dəhlizin eni azı Laçın koridorunun eni qədər olacaq və sadəcə avtomobil yolu yox, dəmiryolu da olacaq”.

“Bir müddətdən sonra Xankəndi, Xocavənd və Ağdərə də de-fakto nəzarətimizə keçəcək, çünki regional şərtlər leyhimizə işləyir”

Dekabrın 1-də Laçın rayonunun qaytarıldığını xatırladan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, bundan sonra siyasi mərhələ başlayacaq: “Odur ki, mütləq Türkiyə qoşunu Qarabağda yerləşdirilməli, Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə olan erməni hərbi birləşmələri çıxarılmalıdır. Həmçinin, Xankəndində Azərbaycan bayrağının qaldırılması müzakirə olunmalıdır. Bununla yanaşı, Rusiyanın Xankəndindəki sülhməramlı qüvvələrinə ağır silahların daşınmasına imkan verilməməlidir. Rusiya ilə ciddi danışmaq lazımdır. İqtidar da Rusiyanın burada güclənməsinə imkan verməyəcək. Türkiyə faktoru da bunu diktə edir”. Xocavənd rayonu ərazisində Azərbaycan əsgəri ilə erməni silahlısı arasında 100 metrə kimi məsafənin olduğunu deyən politoloqun sözlərinə görə, Xocavənd rayonunun erməni nəzarətində olan kəndində hər iki tərəfin postları var: “Burada silahlı erməni əsgərləri Azərbaycan əsgəri ilə üzbəüz mövqedə dayanır. Əvvəlki vaxtdan fərqli olaraq səngərdə deyil, bir-birlərini açıq şəkildə müşahidə edirlər, sərbəst fəaliyyət göstərirlər. Bu, təmas xətti adlanır. Üçtərəfli bəyannamədə olduğu kimi, bu ərazilərdən erməni silahlı birləşmələri tam çıxarılmalıdır. Rusiya və Ermənistan burada hərbçilərin qalmasında maraqlıdır. Azərbaycan bu əsgərlərin çıxarılmasına nail olacaq. Yoxsa, bu növbəti silahlı qarşıdurmaya səbəb olacaq və təhlükəsizliyi təhdid edəcək. Erməni əsgərinin orada olması qanunsuz və sabitliyi pozmağa xidmət edəcək. Rusiya burada sülhməramlı qüvvələrini yerləşdirirsə, erməni silahlıları nəyə lazımdır?! Türkiyə ilə Azərbaycan Rusiyadan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini qəti şəkildə tələb edəcək. Çünki bu, proseslərin stabil davam etməsinə mane ola bilər. Bir müddətdən sonra Xankəndi, Xocavənd və Ağdərə də de-fakto nəzarətimizə keçəcək, çünki regional şərtlər leyhimizə işləyir”.

“Savaşı qazanmış qalib ölkə öz suveren ərazisinin heç bir hissəsini rəsmi sənədlə başqalarının nəzarətinə verməməlidir”

“Hürriyyət” xəbər verir ki, tanınmış hüquqşünas Ələsgər Əhmədoğlunun fikrincə, Laçın rayonunun bir hissəsinin boşaldılaraq Azərbaycan ordusunun nəzarətinə verilməsi xoş xəbər olsa da, bu sevincimiz qursağımızda qaldı: “Çünki Laçın şəhəri də daxil olmaqla, Gorus-Xankəndi yolunun Laçın ərazisindən keçən 65 km-lik hissəsində yerləşən çox sayda yaşayış yerləri məlum bəyanatın 6-cı maddəsinə əsasən rus qoşunları ilə qorunan ərazi olur və Ermənistanın nəzarəti altında qalır. Azərbaycana qaytarılmayan ərazilər 64,5km-lik yol koridorun 5 km enində olan hissəsidir. Bu rəqəmlə 322 kvadrat kilomet və ya 322 milyon kvadrat metr ərazi deməkdir. Hektarla 32200 hektar. Bakı şəhərinin ərazisi 17.331 hektardır. Yəni Bakının oturduğu ərazidən təxminən 2 dəfə çox. Ən ciddi problemlərdən biri isə bəyanatda deyildiyi kimi, 3 il sonra koridorun sürüşdürülməsi ilə Laçın şəhərinin qayıtma ehtimalı olsa da, eyni həcmdə ərazi yenə də ermənilərin istifadəsinə koridor adı altında veriləcək. Çünki bəyanatda koridorun 5 km eni məsələsi dəqiq göstərilib”. Onun sözlərinə görə, savaşı qazanmış qalib ölkə öz suveren ərazisinin heç bir hissəsini rəsmi sənədlə başqalarının nəzarətinə verməməlidir: “Laçın koridorunun statusu eynilə Mehri koridorunun statusu kimi kommunikasiya xətlərindən istifadə ilə məhdudlaşmalı idi”.

Vazeh BƏHRAMOĞLU