“Laçın qartalı” Vətəninə qayıtdı

291

Rəşadətli Ordumuzun əldə etdiyi silsilə qələbələr Laçının bizə qan-qadasız təhvil verilməsini təmin etdi

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı 10 noyabr tarixli bəyanatın şərtlərindən biri olaraq dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Rəşadətli Ordumuzun noyabrın 9-na qədər əldə etdiyi silsilə qələbələr Laçının bizə qan-qadasız təhvil verilməsini təmin etdi.

Laçın rayonu ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Laçın rayonu haqqında şərhində bildirilir ki, statistik məlumatlara əsasən, Laçının əhalinin sayı 77,7 min nəfər, sıxlığı isə 1 km2 üçün 42 nəfərdir (1 yanvar 2019-su il). 2009-cu ilin əhalinin siyahıyaalınması məlumatına əsasən əhalinin 96 %-i azərbaycanlılardan ibarətdir və əhalinin 83 %-i kənd yerlərində yaşayır.

Rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton), və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min m3), mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min m3), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min m3) yataqları və istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları var.

Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək -

Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, iki daş karxanası fəaliyyət göstərib. Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq.

Laçının Azərbaycan iqtisadiyyatı üçün əsas rolu açıqlandı XEBEROXU.AZ - En  son xeberler Azerbaycan xeberleri 2020 xəbərlər bugün 2020 xeber az 2020  xeberler bugun 2020 En son xeber 2020 Новости сегодня: самые свежие

Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 %-i kənd əhalisi olub. Bütün bu göstəricilər yeri fermerlər üçün əlavə imkanlar yaradır.

Kənd təsərrüfatında əsas bitkiçilik məhsullarının dənli və dənli paxlalıların (o cümlədən buğdanın) istehsalı 2 450 ton olmaqla üstünlük təşkil edir. Digər kənd təsərrüfatı məhsullarından şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkilərini söyləmək mümkündür. Əhali burada əsasən heyvandarlıqla məşğul olmuş və iri buynuzlu mal-qara, arı, qoyun və keçilər saxlayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1990-cı ildə Laçın rayonunda təxminən 40 min iribuynuzlu mal-qara, 240 min qoyun-keçi olub. İşğaldan əvvəl hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı.

Şəkil:Qasımuşağı xalçası 01.jpg — Vikipediya

Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması Laçın rayonunun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq.

Ümumiyyətlə, işğaldan əvvəl 217 mədəniyyət müəssiəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi fəaliyyət göstərirdi. Bununla yanaşı, rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki asfalt zavod, beton zavod, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki daş karxanası fəaliyyət göstərirdi.

Laçın rayonu - 18.05.1992 - Laçın - Azərbaycanın işğal olunmuş əraziləri -  Vandalizm - Beynəlxalq İnformasiya

Laçın rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə yaradılıb. 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunub. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 100 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb və hamısı ermənilər tərəfindən dağıdılıb, məhv edilib. İşğal zamanı rayonun yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri dağıdaraq talan edilib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 125 kəndi, bir Laçın şəhəri, bir qəsəbəsi-Qayğı qəsəbəsi var.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycanı müharibədə ağır situasiya ilə üz-üzə qoymuşdu. Ermənistanla sərhəddə yerləşən bu füsunkar rayonumuzun işğal olunması Dağlıq Qarabağ separatçılarının Ermənistanla quru yolu əlaqəsinin yaranmasına gətirib çıxarmışdı. Eyni zamanda Laçının işğalı Kəlbəcər rayonunun daha bir istiqamətdən yolunun bağlanmasına və Kəlbəcərin üç tərəfdən mühasirəyə düşməsinə səbəb olmuşdu.

Kənd təsərrüfatı, heyvandarlıq, turizm üçün böyük resursları olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurub. Bu rayonun ərazisində nadir dərman bitkiləri, mineral ehtiyatlar, nadir ağaclar mövcuddur ki, Ermənistan 28 il bu sərvətləri də talan ediblər.

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

Əslən Laçın rayonundan olan, birinci Qarabağ müharibəsində Laçın batalyonunun komandiri olmuş Arif Paşa bildirdi ki, 1 dekabr 2020-ci il laçınlıların Laçın həsrətinin bitdiyi, laçınlıların yenidən dünyaya gəldiyi gündür. “Laçın Azərbaycanın Ermənistanla böyük sərhədinin olduğu rayondur, Qarabağa giriş qapısıdır. Laçın sərhəd olduğu üçün həm də namusdur. Azərbaycan dövləti üçün Laçın çox böyük strateji əhəmiyyət daşıyan rayondur. Onun azad edilməsinin çox böyük əhəmiyyəti var. Şöhrətimizin zirvəzi, ləyaqətimizin adı, dədə yurdum, ata Laçın, baba Laçın, dədə Laçın, hər bir zərrəsi Azərbaycan olan Laçın azad oldu, əsl sahibinə qovuşdu” – deyə, müsahibimiz bildirib.

A.Paşa deyib ki, 3 mərhələdən ibarət böyük savaşın ilk iki mərhələsini qələbə ilə başa vurduq: “İnşallah, üçüncü mərhələdə də qalibiyyət Azərbaycanın olacaq. Bütün laçınlıların, Azərbaycan xalqının gözü aydın olsun. Laçını qurub yaradacağıq, Laçın öz əzəmətini geri qaytaracaq”. Onu da qeyd edək ki, ermənilər Kəlbəcərdə və Ağdamda olduğu kimi Laçından da köçərkən evləri, mağazaları yandırıblar, meşələri talan ediblər. Laçın rayonuna 1992-ci ilin işğalından sonrakı illərdə qanunsuz məskunlaşmış ermənilər rayonu tərk edərkən əllərinə keçən əşyaları özləri ilə aparıb, yerdə qalanlara isə od vurublar.

Bu gün Bakıda Laçın yürüşü olacaq

Laçın azad olunması münasibətilə dekabrın 1-də Bakı şəhərində qələbə yürüşü keçirilib. Minlərlə laçınlı və şəhər sakini avtoyürüşlə rayonun azad olunmasını bayram törəninə çevirib. Yürüşdən sonra Şəhidlər Xiyabanı ziyarət edilib. Laçın Rayon İcra Hakimiyyətinin yerləşdiyi Ağcabədi rayonunda və digər bölgələrimizdə də qələbə bayramı keçirilib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”