Laçın dəhlizinin alınması hərbi və siyası baxımdan nə vəd edir?

294

Sülhəddin Əkbər: “Hərbi baxımdan baxsaq, müharibənin gedişində dönüş nöqtəsi ola bilər”

İbrahim Rüstəmli: “Düşmən Xankəndinin bütün silah-sursat və digər maddi təchizatını məhz bu yolla həyata keçirir”

Düşmən onu “qida borusu” və ya “həyat yolu” adlandırır. Uzun illər fəaliyyət göstərən bu yol Ermənistanın Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Söhbət Laçın dəhlizindən gedir. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etdi. həmin vaxtdan Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. Hazırda isə Azərbaycan ordusu tarixi ərazilərimizi düşmən tapdağından azad edir. Artıq Laçının, Şuşanın, Kəlbəcərin və digər ərazilərin azad olunmasına günlər, bəlkə də saatlar qalır.

Bəs düşmənin əldən vermək istəmədiyi Laçın dəhlizinin hansı hərbi-strateji əhəmiyyəti var?

1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri olan Sülhəddin Əkbər deyir ki, Laçın dəhlizinin alınmasının hərbi əhəmiyyətiylə yanaşı, siyasi əhmiyyəti də var:

“Təbii ki, Laçın dəhlizinin alınmasının çox böyük əhəmiyyəti var. Buna hərbi baxımdan baxsaq, müharibənin gedişində dönüş nöqtəsi ola bilər. Çünki Laçın dəhlizinin alınması cənubdan irəliləyən qoşunlarımızla şimaldan irəliləyən qoşunlarımızın birləşməsi taktiki olaraq, Azərbaycan ərazisində qalan işğalçı erməni birləşmələrinin mühasirəyə düşməsi demək olacaqdır. Hazırda Laçınla bərabər Şuşada döyüşlər gedir. Əslində, bizim hərbi birliklərimiz xeyli vaxtdır ki, Şuşanın daxilindəydilər. Şuşanın da azad olunmasıyla, birbaşa Xankəndiyə gedən yol açılır. Belə olan halda düşmən ya işğal etdiyi Azərbaycan ərazilərində məhv edilməli, ya da təslim olmalıdır. Eyni zamanda, Laçın dəhlizinin alınmasının siyasi əhəmiyyəti də var. Çünki danışıqlar prosesində Azərbaycanın mövqeyini çox gücləndirəcək və ölkə başçısı danışıqlar prosesində daha qətiyyətlə hərəkət edəcək. Xalqın və ordunun dəstəyini alan dövlət başçısı artıq meydanda da qələbənin bir addımlığında olduğunu görəcək”.

Sülhəddin Əkbər bildirdi ki, Laçın koridorunun alınması təkcə düşmənə deyil, eyni zamanda düşmənin havadarlarına da böyük zərbə oldu:

“Laçın koridoruna görə, düşmən çox şiddətli müqavimət göstərəcək. Koridor alınandan sonra, düşmən koridoru yenidən nəzarəti altına alması üçün hücumlar edəcək. Bu baxımdan, Laçın koridorunun alınması təkcə düşmənə zərbə deyil, eyni zamanda düşmənin havadarlarına da böyük zərbədir. Mənə elə gəlir ki, ən şiddətli döyüşlər bu istiqamətdə gedəcək. Azərbaycan bu hücumların qarşısında dura bilərsə, müharibənin taleyi həll olunmuş olacaq”.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın dəhlizinin əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsi  başlanğıclarını Laçın dəhlizindən götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik  enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür.

Laçın dəhlizinin alınması üçün 1905-1907-ci və 1918-1920-ci illərdə ermənilərin hücumlarının olduğunu deyən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli, təkcə bu döyüşlərdə Sultan bəy Sultanov tərəfindən düşmənin 2000-dən çox ordusunun məhv edildiyini qeyd edib:

“Laçın və Laçın koridoru birlikdə Azərbaycanın strareji ərazilərindən sayılır. Bizim üçün əsas əhəmiyyətli xüsusiyyəti ondan ibarətdir ki, bu ərazi çox güclü təbii ehtiyyatlara və sərvətlərə malikdir. Digər tərəfdən, Zəngəzur silsiləsinin bütün yüksəklikləri öz başlanğıcını Laçın dəhlizindən götürür. Laçın dəhlizi Qarabağla Zəngəzur arasında etibarlı körpü sayılır. Bura sahiblik edən şəxs Laçın dəhlizinin daxilindədirsə, Qarabağa və Zəngəzura diqtə edən şəxs sayılır. Eyni zamanda, bura Gorus, Şuşa, Kəlbəcər və Qubadlı rayonları arasında yerləşən coğrafi ərazidir. Ermənilər uzun müddət Laçın dəhlizini almaq üçün cəhd göstəriblər. 1905-1907-ci və 1918-1920-ci illərdə onlar bu dəhlizi almaq üçün çox böyük güc göstəriblər. Hələ o zaman, Andranikin dəstəsi Gorusdan və Laçından Qarabağa sızaraq, dəhlizi ələ keçirmək istəyib. Bundan xəbər tutan Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov onları mühasirəyə alır və düşmənin 2000-dən çox ordusunu məhv edir. Andranikin həmin məhv olunduğu yer hazırda da el arasında “qanlı dərə” adlandırılır. Yəni, Laçın dəhlizi Azərbaycan ordusu üçün son dərəcə strateji əhəmiyyət kəsb edir. Mən buranın əhəmiyyətini dolaysıyla qeyd etdim. Amma Azərbaycan üçün nə qədər stateji əhəmiyyət daşıyırsa, ermənilər üçün bu iki dəfə daha artıq strateji əhəmiyyət kəsb edir. Çünki ermənilər birinci Qarabağ savaşında Laçın dəhlizini “qida borusu” və ya “həyat yolu” adlandırardılar. Xankəndini İrəvanla birləşdirən ən yüksək yol burdan keçir. Yəni, düşmən Xankəndinin bütün silah-sursat və digər maddi təchizatını məhz bu yolla həyata keçirir. Yol demək olar ki, ilin bütün fəsillərində işlək vəziyyətdə olur. Azərbaycan Laçın dəhlizini ələ keçirərsə, demək olar ki, ermənilərin “qida borusu” və “həyat yolu” adlandırdıqları yolu bağlamış olacaqlar. Bununla da cənub cəbhəsində Ermənistanın fəaliyyəti dondurulur. Eyni zamanda, onların şimal cəbhəsində olan qüvvələri də mühasirə vəziyyətinə düşür. Şuşanın alınması dolaysıyla həm də Laçının yarım mühasirə vəziyyətinə düşməsi deməkdir. Laçının alınması isə Şuşanın tam alınması deməkdir. Eyniylə düşmən 1992-ci ildə Qarabağ savaşında bu strateji taktikadan istifadə edib”.

Dağlıq Qarabağı Ermənistana bağlayan məhz Laçın dəhlizidir. Hazırda bu dəhliz uğrunda ağır döyüşlər gedir. Bəzi məlumatlara görə, Laçın dəhlizi də faktiki Azərbaycan ordusunun nəzarətinə keçməkdədir. Bu dəhlizi itirməklə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri onsuz da tükənən hərbi güclərini möhkəmləndirə bilməyəcək və onların təslim olmaqdan başqa heç bir çarələri qalmayacaq. Əks halda, Azərbaycan ordusunun ağır bombardımanı altında məhv olub gedəcəklər. Görünən odur ki, Azərbaycan ordusu üzərinə düşən vəzifələri gərəyincə və uğurla yerinə yetirir. Odur ki, dediyim kimi, bunun uğurlu siyasi nəticələri yaxın günlərdə mütləq olmalıdır. Çünki ermənilərin təslim olmaqdan başqa yolu yoxdur…

 

YƏHYA