Laçın dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA

279

“Ermənistan dövlət sərhədində Rusiya sülhməramlıları dayana bilməz, Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır”.

Üçtərəfli razılaşmaya əsasən, sabah, dekabrın 1-nə qədər Laçın rayonu boşaldılıb, Azərbaycana təhvil verilməlidir. Amma razılaşmaya görə, bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin də Laçın rayon mərkəzinə düşəcəyi gözlənilir…

Mövzu ilə bağlı “Turan” agentliyinə açıqlama verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli də deyib ki, qarşı tərəfin Laçın rayonundan çıxması Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatında yer alır.

Onun fikrincə, həm də bu məsələdə “ağsaqqallığı” Rusiya öz üzərinə götürüb: “Burada baş verən hər hansı cüzi anlaşılmazlıq Rusiya tərəfinin ya özünün içindən gələ bilər, ya da ona qarşı hörmətsizlik olar. İndi Rusiya tərəfi bu işə hansı qəribə düşüncələrlə girişsə, özünü nüfuzdan salar, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirər”.

Onun fikrincə, bu məsələdə hər hansı yubanma olsa idi, (Kəlbəcərin boşaldılması 10 gün yubadılmışdı-red) yəqin, indiyə kimi elan edilərdi və Azərbaycan tərəf də bilərdi ki, bu çıxış yubanır: “Artıq günün yarısı gedib, yarım gün qalır. Belə məlumat yoxsa, günün yarısı (noyabrın 30-u-red) gedib. Odur ki, erməni tərəfi Laçından çıxacaq. Laçından çıxmaqları razılaşmada əksini tapıb, digər boşaldılan rayonlar kimi, Laçın da boşaldılmalıdır”.

Sədr müavininin fikrincə, perspektivdə isə Azərbaycan-Ermənistan dövlət sərhədlərinin müəyyən olunması prosesi başlamalıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə mövzu ilə bağlı “Azadlıq” radiosuna açıqlamasında dəhliz amili üzərində xüsusi dayanıb. Ekspert deyib ki, bu, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizdir, ona da razılaşmaya əsasən, Rusiya sülhməramlıları nəzarət etməlidir.

Ekspert qeyd edib ki, bu dəhliz Laçın rayon mərkəzinin, Zabux və Su kəndlərinin içindən keçir. Ekspertin fikrincə, buna görə də Azərbaycan qoşunları Laçın şəhərinə də getməlidir.

İ.İsmayıl hesab edir ki, digər ən vacib məsələ sərhədlərin müəyyən olunmasıdır. Onun vurğulamasına görə, Laçın dəhlizinin başlandığı yer Azərbaycan-Ermənistan dövlət sərhədinin başlanğıc nöqtəsidir: “Odur ki, burada ancaq Rusiya sülhməramlıları dayana bilməz. Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır. Laçın əraziləri Azərbaycana tam təhvil verilir, amma köçürülmə müvəqqəti, ermənilər üçün yeni yol çəkilənə qədər dayanır, yeni yolun çəkilməsi də üç il çəkəcək”.

Laçın rayonu işğal edilənə qədər orada eyniadlı alayın komandiri olmuş Arif Paşa isə hesab edir ki, bu işdə də yubanma ola bilər.

A.Paşa deyib ki, Azərbaycan qalib tərəfdir. O hesab edir ki, dəhlizin yerini də Azərbaycan müəyyən etməlidir. \\Konkret