Lənkərandakı olayların arxasında təxribat elementləri varmı?

276

Osakücə kənd sakini Fərəcov Əflatun Mir Cahangir oğluna “şəhid” statusu verilməməsi məqsədli olub?

Fazil Musatafa: “Bu məsələdə kimisə qınamaq, kimisə ittiham etmək doğru deyil”

Bəhruz Bayramov: “Müharibə şəraitində həyatını itiribsə belə, şəhid statusu verilməlidir”

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Lakin bu şanlı qələbəyə kölgə salmağa çalışanlar da tapılır.

Belə ki, Lənkəran rayonu Osakücə kənd sakini, ata və anadan yetim olan Fərəcov Əflatun Mir Cahangir oğlu İkinci Qarabağ savaşında şəhid olub. Onun nəşini doğma kəndinə təvil verilən zaman, onun avtoqəzada öldüyü deyilib. Və şəhər rəhbərliyi bunu əsas tutaraq, ona şəhid statusunun verilməyəcəyini bildirib. Sonradan kənd sakinləri meyiti nəzərdən keçirən zaman şəhidin nəşinin üzərində güllə yarası aşkarlayıblar. Bəlli olub ki, əsgər həqiqətən də şəhid olub. Bundan sonra əsgərin haqqına girilməsindən hiddətlənən kənd sakinləri meyiti maşına qoyaraq, onu piyada müşaiyət etməklə Rayon İcra Hakimiyyətinə doğru yürüş ediblər.

Yolda gedən zaman, polislərlə kənd sakinləri arasında gərginlik də yaşanıb. Nəticədə kənd sakinlərinin qarşısına gələn Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələri əsgərin şəhid statusunun təsdiqlənəcəyini vəd ediblər.

Xoşagəlməz hadisənin niyə məhz Lənkəranda törədilməsinin səbəbi araşdırılmalıdır. Yoxsa, “beşinci kalon” Azərbaycanın tarixi qələbəsini hələ də həzm edə bilmir? Bəlkə, talış millətindən istifadə edərək, bilərəkdən süni təxribatın törədilməsinə cəhd edilir?!

Lənkəran İcra Hakimiyyəti yayılan iddiaları təkzib edib:

“Cəbhə bölgəsində döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osaküçə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir”.

Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi, ümumiyyətlə, şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan, şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır:

“İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən, döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib. Dəfn mərasimləri zamanı şəhidlərin valideynlərinə, doğmalarına başsağlığı verən İcra başçısı hər bir şəhid atasına üçrəngli dövlət bayrağını şəxsən təqdim edib, şəhidlərin ruhlarına dualar oxunub. Bütün bunlara baxmayaraq, bəzi sosial şəbəkə istifadəçilərinin düşünmədən belə yanlış informasiyaları tez-tələsik yayması acı təəssüf hissi doğurur və yalnız düşmən dəyirmanına su tökməyə xidmət edir.

Bu informasiyaları yayanlar unutmamalıdırlar ki, onların hərəkətləri rayonda hökm sürən yüksək vətənpərvərlik ruhuna, xalqın şəhidlərə göstərdiyi hörmət və ehtirama heç vaxtı xələl gətirə bilməz”.

Məsələylə bağlı, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Musatafayla əlaqə saxladıq. O, “Hürriyyət”ə açıqlamasında bu məsələdə kimisə qınamağın və ittiham etməyin doğru olmadığını bildirib:

“Hazırda vəziyyət elədir ki, meyitlərin tanınması və başqa problemlər də bəzən ortalığa çıxa bilər. Şəhidləri müyyən edilməsində çətinliklər yaranır. Buna görə də bu məsələdə kimisə qınamaq, kimisə ittiham etmək doğru deyil. Bunu məsuliyyətsiz addım kimi də qınamaq olmaz. Sadəcə, çatdırmaq məsələsi var. Müəyyən bir şeyi dəqiqləşdirmək və yoxlamaqla bağlı çətinliklər ola bilər. Bu da obyektiv çətinliklərdir. Müharibənin yaratdığı çətinliklərdir. Belə işlərdə pis niyyət axtarmaq lazım deyil. Ola bilsin ki, tam dəqiqləşdirmə apara bilmədiklərinə görə, bir az gecikmə olub. Məsələ öz həllini tapıbsa sevindirici haldır. Çalışmaq lazımdır ki, bu kimi məsələlərdə insanların həssaslığını nəzərə almaq lazımdır”.

Bəs, hadisə niyə məhz Lənkəranda baş verib?

Millət vəkili bu haqda fikirlərini belə açıqladı: “Əslində, hadisəni məhz Lənkəranla bağlamaq da düzgün deyil. Bu başqa bölgədə də ola bilərdi. Konkret niyə Lənkəranda olmasının səbəbini deyə bilmərəm. Bütün hallarda bu cür məsələlərə diqqətlə yanaşmaq lazımdır. Bu hadisə altı ay sonra olsaydı, burda başqa bir niyyət axtarmaq olardı. Amma indiki vəziyyətdə elə bir gərginlikdir ki, insnları buna görə qınamaq doğru deyil”.

Türkiyə qanunlarına görə, hərbi xidmətə çağırıldığı ilk gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən əsgər də Şəhid statusu alır. Lənkəranda baş vermiş hadisədə ekspertiza, ata və anadan yetim olan Əflatun Fərəcovun avtoqəza nəticəsində öldüyünü bildirib. Daha sonra isə, ona şəhidlik statusunun veriləcəyi deyilib. Belə olan halda saxta arayışın verilməsiylə bağlı cinayət işi açılmalıdırmı?

Mövzuyla bağlı “Hürriyyət”ə danışan hüquqşünas Bəhruz Bayramov şəhidlik statusunun verilməsində Lənkəran rayon İcra Hakimiyyətininin rolunun olmadığını bildirib. O, ekspertizanın yalan rəy verməsi təsdiqini tapacağı təqdirdə, saxta arayışın verilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı cinayət işinin açılmalı olduğunu deyib:

“Bu işi Səfərbərlik İdarəsi və Müdafiə Nazirliyi həyata keçirir. Bundan əlavə hərbi hissənin rəsmi olaraq, müvafiq arayışı təqdim olunur. Burda İcra Hakimiyyətinin rolu yoxdur. Çünki hərbi hissədən və hərbi səfərbərlikdən müvafiq sənəd verilməlidir. Çünki bu sənəddə xəsarət dərəcəsi və ekspertiza rəyi olur. Ekspertizanın niyə yanlış rəy verməsini də mediadan oxumuşuq. Yenə də işin mahiyyətinə baxmaq lazımdır. Bildirirlər ki, avtoqəza nəticəsində həyatıı itirib. Müharibə şəraitində həyatını itiribsə belə, şəhid statusu verilməlidir”.

Ekspertizanın yalan rəy verməsi təsdiqini taparsa, qanuna müvafiq olaraq cinayət işi açılacaqmı?

B.Bayramov sualımızı belə cavablandırdı: “Əgər ekspertizanın yalan rəy verməsi təsdiqini taparsa, bu da saxta arayışın verilməsi deməkdir. Buna görə də 320-ci maddəylə cinayət işi açılmalıdır. Bundan əlavə vəzifə səlahiyyətlərini aşma maddəsi də əksini tapır. Ümumilikdə, işin faktiki hallarından aslıdır. İşini mahiyyətini bilmədən, kiməsə qarşı mühakimə yürütmək də düzgün deyil. Amma, saxta sənəd verilibsə, 320-ci maddəylə cinayət işi açılmalıdır”.

Ali Baş Komandan İlham Əliyev, yaralı əsgərlərlə görüşü zamanı, tezliklə şəhid ailələrinin problemlərinin həllini tapacağını bildirib. Eyni zamanda ölkə başçısı, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstəriləcəyini və onların uçotunun aparıldığını deyib.

Bu qədər həngamənin yükü niyə məhz Lənkəran İcra Hakimiyyətinin çiyinlərinə atıldı?… Bəs, bu olanlar niyə baş verdi və kimin maraqlarına xidmət etmək üçün baş verdi?… Əslində, baş verməyə də bilərdi…

Xatırladaq ki, sosial şəbəkələrdə guya Xoşqədəm Hidayətqızının Xəzər TV-nin efirindən Talış xalqı haqqında xoşagəlməyən ifadə işlətməsiylə bağlı informasiyalar da yayılmışdı. Daha sonra bu xəbərin yalan olduğu, düşmən tərəfindən yayılan təxribat olduğu bilinib.

Ermənistan bizimlə yalnız səngərdə müharibə aparmır. Onların uzun illərdi apardığı ideoloji və informasiya mübarizəsinin kökündə duran amillərdən biri də Azərbaycan daxilində etnik faktoru qabartmaqla qarşıdurmaya nail olmaqdır. Bilmək lazımdır ki, talış milləti bu cür təxribatlara getmir və heç vaxt da getməyəcək. Bunu da bilmək lazımdır ki, igid talış oğullarını müharibəyə heç kim göndərməyib. Ermənilər təcavüzə başlayan gündən, Azərbaycanın hər yerindən minlərlə vətənpərvər övlad kimi talışların da qeyrətli nümayəndələri döyüşlərdə iştirak edib.

YƏHYA