Lənkəranda dəhşətli olay

222

Mənzildə baş verən yanğında 2 uşaq öldü

Baş Prokurorluq yanğınla bağlı açıqlama yaydı

Lənkəranda fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi dünən səhər saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsi, ev 8 ünvanında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı içəridə köməksiz vəziyyətdə qalan ev sakinlərindən 3 nəfər uşaq xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya gətirilən uşaqlardan ikisinin – 2014-cü il təvəllüdlü Milada Aleksandroviç Quds və 2019-cu il təvəllüdlü Emil Cəsarət oğlu Qudsun həyati əlamətləri olmayıb. Onların meyiti aidiyyəti üzrə təhvil verilib.

2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds isə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Baş Prokurorluq yanğınla bağlı məlumat yayıb.Bildirilib ki, faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

KƏNAN