KÜTLƏ

111

XX əsrin fikir nəhənglərindən biri olan Elias Kanetti Nobel mükafatına layiq görülən  “Kütlə və hakimiyyət”  əsərində bu fenomenin ən mükəmməl xarakterini açıb-tökmüşdür. Doğrudur, ondan qabaq da kütlələrin mahiyyətini açıb-tökən mütəfəkkirlər olub ki, onların da ən böyüyü fransız dahisi Qustav Le Bondur.  Onun “Xalqların və kütlələrin psixologiyası” əsəri nəinki öz dövrü üçün, ümumiyyətlə bütün dövrlər üçün həmişə aktual olan heyrətamiz fikirlərlə doludur.

Bizim də bu barədə vaxtaşırı fikirlərimiz çap olunmuş, lakin ölkələrin siyasi həyatında kütlənin rolu o qədər aşkardır ki, bu barədə dönə-dönə danışmaq lazım gəlir.

Elə ölkələr var ki, onun sakinləri demək olar ki, başdan ayağa kütlə sayıla bilər. Çünki kütlə əsasən despotik rejimlərdə formalaşır. Lakin Qərb ölklərində, xüsusən də ABŞ-da və ya Fransada kütlə daim fəal və öz gücünü nümayiş etdirməkdədir. Hər iki ölkə azadlıq, demokratiya və firavanlıq səltənəti sayılsalar da kütləvi çıxışlar, xüsusilə də ölkə gəncləri siyasi hakimiyyəti daim narahat edir. Fransada artıq bir neçə ildir, ABŞ-da da bir neçə aydır ki, yüz minlərlə gənc küçələrə axışıb hətta ağır cinayətlərdən belə, çəkinmirlər. Kütlənin hərəkətə gəlməsi üçün ən kiçik səbəb də kifayət edir.

Adını çəkdiyim ölkələrdəki bu kütləvi hərəkatlar zülm və əsarətdən deyil əksinə,  demokratiya və azadlığın  çoxluğu, bolluğu nəticəsində baş verir. Küçələrə axışan harın cavanlar özlərini nə qədər sərbəst və rahat hiss etməlidilər ki, ən kiçik bir hadisədən ötrü (bir nəfər zəncinin ölümü) ABŞ-da olduğu kimi küçədə rast gəldikləri maşınları, qabaqlarına çıxan marketləri sındırb, dağıdıb talan etməlidirlər. Əgər həmin və onlara bənzər ölkələrdə despotizm, dövlət zorakılığı və məhrumiyyət dövlət siyasətinə çevrilərsə, gör necə dəhşətli talanlar baş verər. Lakin qoca Asiya ölkələrində – Çin, İran, Şimali Koreya, yaxud da Rusiya, Belarus, Türkiyə və bütün Orta Asiya müsəlman respublikalarında demək olar ki heç bir kütləvi hərəkat baş vermir. Bəs bunun səbəbləri nədir?

Əvvələn ona görə ki, xalqın iqtisadi vəziyyəti bəzi Afrika ölkələrində olduğu kimi kütləvi aclıq səviyyəsinə gətirilmir. Çünki vəziyyət belə olanda ən qorxaq və cəsarətsiz məxluqlar da qəhrəmana çevrilir. Çox az adam evdə arvad-uşağının və ya ata-anasının aclıqdan ölməyinə dözə bilər. Lakin Rusiya, İran, Güney-Quzey Azərbaycan, Orta Asiya respublikalarında demokratiyadan demək olar ki tamamilə məhrum edilən xalq psixoloji cəhətdən elə bir həddə çatdırılıb ki, onlar artıq azadlıq və firavanlığın ən demək olduğunu unudublar. Daim çəki və ya kilkə yeməyə vərdiş edən adam losos və forelin nə demək olduğunu bilərmi?  Bütün bu ölkələrin xalqları psixoloji cəhətdən o qədər pas gətiriblər ki, onları sivilizasiya ilə nəfəs alan ölkələr sırasına daxil etmək mümkün deyil. Gecə-gündüz hüquqsuzluq bataqlığında nəfəs alan bu xalqlar artıq yuxarıların cinayətlərinə o qədər öyərşib, o qədər alışıblar ki, hətta bunu həyatın təbii gedişatı kimi qəbul edirlər.

Hələ çox illər qabaq bir pritça yazmışdım. Orda nəql olunurdu ki, uzun illər  cəhənnəmə bərabər olan belə ölkələrin birində bir gün hansı bir səbəbdənsə, tarixin hansısa bir şıltaqlığı nəticəsində qapı açılır. Cəhənnəm əhli təəccüblə baxır, amma heç biri yerindən tərpənmir. Azadlıq küləyinin musiqi sədaları cazibə ilə səslənsə belə, əsarətə alışan heç bir reaksiya vermir.

Mən bu barədə dönə-dönə yazmışam. Həyatın ən şərəfli töhfəsi olan azadlığın, qanun və firavanlığın insan həyatının yaraşığı və gözəlliyi olduğunu bəyan etmişəm. Lakin adlarını çəkdiyim ölü xalqlar bu gözəlliyin nə olduğunu bilmirlər.

Belə xalqları azadlıq və firavanlığa zorla da olsa, qovuşdurmaq lazımdır. Bunun üçün onların hədsiz dərəcədə, öz canlarından da üstün bildikləri, yolunda canların belə, qurban verməyə hazır olduqları şəxsiyyətlər lazımdır. Belə şəxsiyyət isə ya doğulmur, ya da doğulsa belə, hansısa bir səbəb nəticəsində məhv edilir. Məsələn,  Güney Azərbaycanında 1979-80-ci illərdə baş verən hadisəni misal göstərmək olar.  Bu ibrətamiz hadisə buna ən parlaq nümunə sayıla bilər. Azərbaycan – Güney Azərbaycanı azad və müstəqil ölkə olmaq imkanı əldə edə bilərdisə, qətiyyətsizlik, iradəsizlik, ən əsası isə böyük ağıl çatışmazlığı nəticəsində bu fürsəti  əldə verdilər.

Əlisa  NİCAT