Kulevi neft terminalının yaxınlığında yanğın olub

63

Bu gecə Gürcüstanın Xobi bələdiyyəsinin Kulevi kəndində yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Məlumata əsasən, alov kolluq və ot örtüyünü əhatə edib. Amma Kulevi neft terminalına heç bir təhlükə yaranmayıb.

Əraziyə 5 yanğınsöndürmə briqadası, həmçinin yanğınsöndürmə qatarı cəlb olunub. Yanğının aradan qaldırılması istiqamətində işlər aparılır.

Xatırladaq ki, ötən həftə də Kulevi kəndində yanğın olub. Alovun söndürülməsində 9 yanğınsöndürmə texnikası, 60 yanğınsöndürən və xüsusi qatar iştirak edib.

Kulevi terminalı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. SOCAR terminalın ərazisini 2006-cı ildə alıb, 2008-ci ildə obyektin tikintisini başa çatdırıb. Terminal neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.