Kruiz gəmilərinin pandemiyadan sonrakı “taleyi” 

39

Koronavirus pandemiyası ucbatından Türkiyənin “Aliağa” limanı kruiz gəmilərinin “qəbiristanlığına” çevrilib.

Dünyada koronavirusun ilk yayılma halları kruiz gəmilərində müşahidə edilirdi. ABŞ səhiyyə təşkilatı kruiz səfərlərinin təşkilini qadağan etdikdən sonra bu sahədə müəyyən çətinliklər yaranır. Bu səbəbdən gəmilərin təkrar emalçılığı sahəsində artım müşahidə olunur. Pandemiyadan öncə gəmilərin kəsimi ilə məşğul olan zavodlar yalnız quru yük və konteyner gəmiləri qəbul edirdilər. Hazırda həmin zavodlar lüks kruiz gəmilərinin kəsimi ilə məşğuldurlar.
Gəmi emalçıları birliyinin məlumatına görə, pandemiyadan əvvəl kruiz gəmiləri nadir hallarda doğranmaya gətirilirdi. Lakin doğranmaya gətirilmiş kruiz gəmilərinin sayı çox olduğundan onlar “Aliağa” limanına ötürülür. Sözügedən limanda 8 nəhəng kruiz gəmisinin olduğu bildirilir.

2500 nəfərin çalışdığı zavodda Böyük Britaniyadan, ABŞ-dan və İtaliyadan gətirilmiş gəmilər doğranır. Bir gəminin doğranmasına 6 ay vaxt sərf edilir. Cari ilin yanvar ayında zavod təkrar emal üçün 700 min ton polad qəbul edib. Dekabr ayına qədər bu rəqəmin 1.1 milyona çatacağı gözlənilir.