“Kreml “Qarabağ klanı”nın siyasi səhnədən getməsinə dözümsüzlük göstərir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

15

"Əgər işğal olunmuş ərazilərdə Paşinyanın adamı rəhbərliyə gələrsə, Rusiya Qarabağ siyasətində separatçıları dəstəkləməyə bilər"

"Rusiya hökuməti Qarabağ separatçılarına ölkə ərazisinə girişi qadağan edib. Bu qərar heç də Rusiyanın Qarabağ separatçılarına qarşı sanksiyalar tətbiqi deyil. Qeyd edim ki, qondarma rejiminin "xarici işlər naziri" Masis Mailyana qarşı sanksiyanın tətbiqi onun Paşinyanın adamı olmasıdır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Mailyanın qondarma seçkilərdə əsas namizədlərdən biri olduğunu vurğulayan politoloqun sözlərinə görə, Kreml bu qərarı verməklə Paşinyana mesaj verir ki, onun nümayəndəsi qalib gələrsə, Rusiyanın ərazisinə buraxılmayacaq: "Həmçinin bununla "Qarabağ klanı"na dəstək vermiş olur. Göründüyü kimi, "Qarabağ klanı"nın siyasi səhnədən getməsinə Kreml dözümsüzlük göstərir. Və bununla münaqişənin həllində maraqlı olmadığını ortaya qoyur. Əgər işğal olunmuş ərazilərdə Paşinyanın adamı rəhbərliyə gələrsə, Rusiya Qarabağ siyasətində bundan sonra separatçıları dəstəkləməyə bilər. Yəni Rusiyanın Azərbaycanla müəyyən məsələdə razılaşması mümkündür. Qarabağda növbəti dəfə "İrəvan klanı" ilə "Qarabağ klanı" arasında siyasi böhran yeni mərhələyə keçir. Məhz Koçaryanın həbsi, Sarkisyan və Ohanyanın istintaqa dəvət edilmələri göstərir ki, Paşinyan bu klanı Qarabağdan da silməyi qarşına məqsəd qoyub. Bu, həm də Rusiya siyasətini neytrallaşdırmaqdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org