“Kreml Belarusa şərtlərini diqtə etməyə çalışır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

24

"Rusiyanın enerji dominantlığına imkan verilməsə, onda Azərbaycan Avropanın enerji bazarında xüsusi əhəmiyyət kəsb edən ölkə statusunu qazanacaq"

"Rusiya əlində olan neft və qazdan daim siyasi rıçaq kimi istifadə edib. Bunu qonşu ölkələrə, həmçinin Avropa İttifaqına qarşı zamanla reallaşdırıb. Qeyd edim ki, Moskva Belarusa neft tədarükündə qiymətləri qaldıraraq, bu ölkəyə qarşı təzyiqləri artırır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, Rusiyanın enerji şantajından istifadədə məqsədi Belarusla birgə ittifaq yaradaraq, bu ölkənin müstəqilliyindən vaz keçməsinə nail olmaqdır: "Ona görə də Belarusu ağır iqtisadi böhrana yuvarlamaqla güzşətə məcbur edir. Bu günə qədər Belarus Rusiyadan ucuz xam neft idxal edərək emal edib, Avropaya ixrac edib milyardlarla dollar vəsait əldə edir. Bu da ölkənin büdcəsinin formalaşmasında mühüm faktordur. Rusiya Belarusu bu imkandan məhrum edərək şərtlərini diqtə etməyə çalışır. Hətta Qazaxıstandan Belarusa neft nəqlinə imkan vermir. Göründüyü kimi, Kremlin Avropanın enerji bazarında hakim olmasına qarşı ABŞ-ın apardığı siyasətin məntiqi var. Hazırda Moskva "Şimal axını-2" və "Türk axını" qaz kəmərləri vasitəsilə Avropaya qaz ixrac etməyi planlaşdırır. ABŞ sanksiyalarla bu boru kəmərlərinin qarşısını almasa, Rusiya Avropanın enerji bazarının 70 faizini nəzarətinə alacaq. Bununla da Avropa Rusiyanın enerji şantajı riski ilə qarşı-qarşıya olacaq. Bu da müəyyən perspektivdə Rusiyanın Avropa üzərində dominatlığına gətirəcək".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Moskvanın bu gün Belarusa tətbiq etdiyi ssenarini Avropaya yaşatmayacağına heç kim zəmanət verə bilməz: "Artıq Belarus enerji şaxələndirilməsi siyasətini reallaşdırmaqla Azərbaycan daxil olmaqla, bir neçə ölkədən neft idxalında maraqlıdır. Əgər Belarus əhəmiyyətli şəkildə Rusiyadan enerji aslılığına son qoyarsa, o zaman bu, ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə gətirəcək. Bundan sonra prezident Aleksandr Lukaşenko yeni strategiya ortaya qoyaraq Moskva ilə məsafəli xətt siyasət aparacaq. Belarusla Rusiya arasında yaşanan bu problem digər ölkələr üçün presedent olmalı, Rusiyadan tam enerji asılılığına getmək ölkənin milli təhlükəsizliyinə zərbə vurmuş olar. Vaşinqton Belarusa dəstəyini göstərməklə Avropanı eyni səhvi təkrarlamağı göstərmiş olacaq. Baş verənlər Vaşinqtonun nə qədər haqlı olduğunu göstərir. Əgər Rusiyanın Avropada enerji dominantlığına imkan verilməsə, onda Azərbaycan Avropanın enerji bazarında xüsusi əhəmiyyət kəsb edən ölkə statusunu qazanacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org