“Kreml Qarabağ vasitəsilə Paşinyanın mövqelərini zəiflətməyə çalışır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

39

“Hazırkı vəziyyətdə Paşinyan daxili siyasətdə opponentlərini zərərsizləşdirməsə, onun danışıqlarda hər hansı bir güzəştə getməsi mümkün görünmür”

“Azərbaycanın son aylar cəbhə xəttinə yaxın məsafələrdə mütəmadi hərbi təlimlər keçirməsi birbaşa Ermənistan üçün ciddi mesajdır. Artıq Ermənistan tərəfi bu təlimlərdən ciddi narahatdır və müdafiə naziri David Tonoyan işğal olunmuş ərazilərə səfər edərək buradakı hərbi hissələrə baş çəkir”. Hurriyyet.org-un məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Danışıqlarda ciddi nəticənin olmadığını vurğulayan politoloq qeyd edib ki, Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın parlamentdə mərhələli və paket həll variantı üzərində dayanmasına baxmayaraq, erməni tərəfi mövcud hərbi qarşıdurmadan çəkinməyə çalışır: “Yerevan tərəfi Azərbaycanın hərbi təzyiqləri fonunda Moskvanın neytral qalabiləcəyindən narahatdır. Və bu istiqamətdə Rusiya XİN cəmləşmiş erməni qüvvələri buna aydınlıq gətirmələri üçün istifadə edirlər. Ermənistan rəhbərliyi Qarabağdakı yeni separatçı rəhbərliyi nəzarət altına alıb. Və danışıqlar prosesində praqmatik həll variantlarına gedəcək siyasi iradəyə malik deyil. Çünki Rusiya hazırda sabiq DTK sədri Vanestyanın başçılığı altında Paşinyana qarşı yeni siyasi cəbhə formalaşdırır. Və Vanestyan Paşinyana qarşı Qarabağ kartından istifadə edərək, onu Qarabağı satmaqda günahlandırır”.

Ermənistan daxilində siyasi vəziyyətin mürəkkəb olduğunu deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Kreml Qarabağ vasitəsilə Paşinyanın mövqelərini zəiflətməyə çalışır: “Paşinyan üçün çox müərəkkəb və çətin dönəm başlayır. Ölkə daxilində pandemiyanın vurduğu iqtisadi zərbələr sosial vəziyyətin ağırlaşmasına və iqtisadiyyatın defoltuna gətirəcək. Bununla da Paşinyanın siyasi vəziyyəti gərginləşəcək. Vanestyan bu situasiyadan istifadə edərək, hətta orduda bəzi generalları öz ətrafına cəlb edib, Qarabağ məsələsi ilə bağlı Paşinyana qarşı silahlı müdaxilə edə bilər. Ona görə də hazırkı vəziyyətdə Paşinyan daxili siyasətdə opponentlərini zərərsizləşdirməsə, onun danışıqlarda hər hansı bir güzəştə getməsi mümkün görünmür. Azərbaycan tərəfi Ermənistanda bu kimi hallara görə ərazilərin işğalda qalmasına səbr edə bilməz. Qeyd edim ki, Ermənistanın müdafiə nazirinin işğal olunmuş ərazilərə səfərindən sonra ermənilərin təxribatı genişlənə bilər. Azərbaycan tərəfi əvvəlki günlərdə olduğu kimi, işğalçıya qarşı artilleriyadan istifadə edib, ciddi zərbələr endirməlidir. Rusiya tərəfi də Paşinyanın bu kimi siyasətini, xüsusilə Ermənistanda baş verənləri öz regional maraqlarına təhdid kimi görür. Azərbaycan isə beynəlxalq arenada mövqelərini gücləndirir. Qoşulmama Hərəkatının konfransında Azərbaycanın nə qədər söz sahibi ölkə olduğu göründü. Diplomatik müstəvidə bir çox vacib məsələləri öz lehimizə dəyişə bilmişik”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org