“Kreml Paşinyanın yerinə öz adamını otuzdurana qədər münaqişəni alovlandıracaq”

114

Natiq Cəfərli: “Gəncə, Tovuz, Qazax istiqamətinə təhdidlər davam etdikcə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən bütün boru, kommunikasiya xətləri təhlükə altında olur ki, bu da Kremlə çox lazımdır”

Samir Əliyev: “Bütün qüvvələri səfərbər etməliyik, xüsusilə Rusiyanın müzakirə meydanlarında boşluqlarımız var”

Erkin Qədirli: “Ermənilər Gəncəyə hücumla bağlı planlarını heç zaman gizlətməyiblər, bu isə onu beynəlxalq cinayətə çevirir”

Ramid Hüseynov: “Ermənistanın ona verilmiş bu son şansı düzgün dəyərləndirə bilməməsi və yenidən müharibəyə can atması onu deməyə əsas verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarını müharibə ilə geri qaytarmaqdan başqa yolu qalmır”

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Moskvada Rusiya Xarici İşlər Nazirliyində (XİN) bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Təxminən, 11 saat davam edən görüşdə, əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə humanitar atəşkəsin əldə edilməsi barədə razılığa gəlinib. Lakin Ermənistan tərəfi bu dəfə də ənənəvi ampluasından çıxış edərək, əldə olunmuş razılaşmaya əməl etməyib.

Belə ki, düşmənin silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutmaşa davam edib. Oktyabrın 11-i gecə saat 02 radələrində isə Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutub. İlkin məlumatlara görə, nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Məhz bu faktın özü Ermənistanın siyasi və hərbi rəhbərliyinin beynəlxalq qanunlara əməl etmədiyini bir daha təsdiqləməklə yanaşı, Paşinyan hakimiyyətinin Kremlin dəstəyi ilə əldə olunan humanitar atəşkəsə də məhəl qoymadığını sübut edir.

“Kreml sanki Avropaya mesaj verir ki, qeyri-sabit boru xəttinə güvənməyin, “Şimal Axını-2″ layihəsinə mane olmayın, yoxsa qış gələn kimi soyuqdan donacaqsınız”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli də məhz bu prizmadan çıxış edərək, Rusiyanın hələ istədiklərini almadığı üçün raketlərin atıldığını, müharibənin davam etdiyini vurğulayıb: “Hamını indi bu suallar düşündürür: Əgər Ermənistan atəşkəs istəyirdisə, Gəncəni niyə vurur? İstəmirdisə, niyə yalvarıb hamıya zəng edirdilər? Moskvada 10 saatlıq görüşün anlamı nə idi?! Xatırlayın, Moskva görüşündən öncə İsveçrədə XİN rəhbərlərinin görüşü olmalı idi, bizim nazir ora uçdu, görüşdə oldu, amma Ermənistanın XİN rəhbəri ora getmədi. Niyə?! Çünki yiyəsi, Kreml qoymadı. Moskva çox narahat idi ki, Qarabağla əlaqəli hansısa sənəd onun nəzarəti altında deyil də, Qərbin patronajlığı ilə imzalana bilər. Ona görə də Ermənistan nazirini ora getməyə qoymadı. Əvvəlcədən 12 oktyabra təyin edilən görüşü ayın 9-na saldı, hər iki naziri Moskvaya gətirdi ki, atəşkəslə bağlı sənədi imzaladıb dünyaya bəyan etsinlər ki, girməyin bura, Cənubi Qafqaz mənim arxa bağçamdır, buranın ağası mənəm, Türkiyə və Qərbi bura buraxmayacam. Mesaj verdilər ki, ancaq biz – Kreml hər iki ölkəyə təsir edə bilərik, ancaq bizim sözümüz keçir. Moskvada imzalanan kağız parçası ancaq bu məqsədə xidmət edirdi, amma Rusiya hələ istədiklərini almayıb deyə, raketlər də atılır, müharibə də davam edir”. Moskvanın bir neçə istədiyi və hədəfinin olduğunu qeyd edən politoloqun sözlərinə görə, onlardan birincisi Nikol Paşinyan və komandasının getməsinə nail olmaqdır: “O təlxək heç öz ordusuna belə, nəzarət edə bilmir, raketlərin kodları rusiyalı zabitlərin nəzarətindədir, onların bilgisi və ya əmri olmadan Ermənistandan quş da uça bilməz. Ona görə də Kreml Paşinyan gedənə, onun yerinə öz adamını otuzdurana qədər münaqişəni alovlandıracaq”.

REAL-ın icra katibi hesab edir ki, Rusiyanın Azərbaycandan tək istəyi var: “O da Türkiyə ilə bu qədər yaxınlaşmayın, “sülhməramlı” adı altında Rusiya qoşununu Azərbaycana buraxın. Hər iki tələb qəbuledilməzdir, nəinki Qarabağa, Azərbaycanın müstəqilliyinə təhdiddir. Üçüncüsü, bölgədə münaqişə alovlanıb Gəncə, Tovuz, Qazax istiqamətinə təhdidlər davam etdikcə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən bütün boru, kommunikasiya xətləri təhlükə altında olur ki, bu da Kremlə çox lazımdır. Onlara “Cənub Qaz” dəhlizinin qeyri-sabit olduğunu, Avropaya qazın təminatında problemlər yaranacağını sübut etmək lazımdır. Buna görə Tovuz, Gəncə atəş altındadır, məhz buna görə BTC hədəfə gəlir, bu təhdidi yaratmaqla Rusiya “Şimal Axını-2” layihəsinə təzyiqləri azaldır, o layihəyə sanksiyaların tədbiqini mümkünsüz edir. Sanki mesaj verir ki, qeyri-sabit boru xəttinə güvənməyin, “Şimal Axını-2″ layihəsinə mane olmayın, yoxsa qış gələn kimi soyuqdan donacaqsınız”. Politoloq onu da bildirib ki, Moskvada 10 saat davam edən danışıqların mənasını məhz yuxarıda qeyd olunan məsələlərdə axtarmaq lazımdır: “Artıq işğalçı Ermənistanla yanaşı, onların yiyəsinin də rolunu qabartmağın vaxtı çoxdan çatıb. Şimaldan gələn ciddi təhdidi Türkiyə üzrəndən gəlməsi mümkün olan güclə – NATO ilə neytrallaşdırmağın vaxtı çatıb. Yubanmadan Azərbaycan-Türkiyə Hərbi Tədris Mərkəzlərinin açılması ilə bağlı müqavilə omzalanmalı, Türkiyənin ölkəmizdə tam hüquqlu iştirakının önü açılmalıdır. Başqa yol görmürəm, artıq bu bizim üçün Vətən savaşı, həm də müstəqilliyimizin qorunması mücadiləsidir!”

“Dünya güclülərin tərəfindədir, amma indiki zamanda bu güc qol qüvvəti yox, ağıl gücüdür”

“Hürriyyət”in məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev isə bu qənaətdədir ki, artıq Qarabağla bağlı vahid strategiya hazırlanmalıdır: “Bütün qüvvələri səfərbər etməliyik. Ordu öz işini gördü və mümkün qədər irəliləməyə çalışacaq. Ancaq ordu həm də beynəlxalq təzyiqlərdən qorunmalıdır. Vəziyyət çox mürəkkəbdir. Bölgədə iri dövlətlərin hərbi, siyasi və iqtisadi maraqları mövcuddur. Politoloqlar və beynəlxalq şərhçilər prosesi daha dəqiq təsvir edə bilər. Təəssüf ki, haqlı olduğumuz halda bunu dünyaya tam çatdıra bilməmişik. “Dünya hər şeyi bilir” fikri kökündən yanlışdır. “Dünya ədalətsizdir” fikri də bizi irəli getməyə qoymur. Bizim əsas işimiz haqlı olduğumuzu hər gün sübut etmək olmalıdır. Bircə gün bunu edə bilməsək ötürülmüş günün bərpası üçün həftələr, bəlkə də aylar tələb olunacaq. Emosiyaların və eyforiyanın dozasını azaldıb soyuqqanlı düşünmək lazımdır. Keçmiş tariximizi müvəqqəti arxa plana keçirib gücümüzü bu günümüzə səfərbər etməliyik. Müzakirə meydanlarını boş qoymaq olmaz. Xüsusilə Rusiyanın müzakirə meydanlarında boşluqlarımız var. Dünya güclülərin tərəfindədir. Amma indiki zamanda bu güc qol qüvvəti yox, ağıl gücüdür”.

“BMT Təhlükəsizlik Şurasına müracət etməliyik, oradakı dövlətlərin biri vasitəsilə məsələni gündəliyə yazdırmağa çalışmalıyıq”

Gəncəyə son hücumların təəccüb doğurmadığını vurğulayan Milli Məclisin deputatı Erkin Qədirli isə ermənilərin bununla bağlı planlarını heç zaman gizlətmədiklərini bildirib. Onun fikrincə, hücumun planlı olması onu beynəlxalq cinayətə çevirir: “Ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Nizamnaməsinin iştirakçısı olmadığına görə, biz oraya müraciət edə bilmərik. Eyni səbəbdən də BCM ittihamçısı bizim ərazidə törədilən cinayətlərlə bağlı araşdırmaya başlaya bilməz. Amma BMT Təhlükəsizlik Şurası BCM Nizamnaməsinin iştirakçısı olmayan dövlətlərin ərazisində törədilən cinayətlərlə bağlı durumu BCM-yə yönəldə bilər. Onun belə bir səlahiyyəti var. Bu halda bizim iştirakçı dövlət olmamağımız BCM ittihamçısına mane olmayacaq. BMT Təhlükəsizlik Şurasına müracət etməliyik, oradakı dövlətlərin biri vasitəsilə (Estoniya ola bilər, ya da başqası) məsələni gündəliyə yazdırmağa çalışmalıyıq. BMT Təhlükəsizlik Şurasının bununla bağlı istədiyimiz qərarı verəcəyi ehtimalı aşağı olsa da, biz bu imkanı sınamalıyıq. Qoy imtina etsinlər. “Yox” da cavabdır, onu danışıqlarda əlavə arqument kimi istifadə edə bilərik”.

“Ermənistan humanitar atəşkəsi pozmaqla, Azərbaycanın mülki obyektlərinə, dinc əhalisinə raket hücumları etməklə özünün terrorçu, məkirli, riyakar niyyətindən dönmədiyini, beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmədiyini daha açıq göstərir”

Politoloq Ramid Hüseynov isə qeyd edib ki, Azərbaycan humanitar atəşkəs çağırışına müsbət cavab verməklə, ölkəmizin problemin müharibə yolu ilə deyil, sülh yolu, beynəlxalq hüquq normaları çərçivəsində həllinə sadiqliyini bəyan edib: “O cümlədən, Azərbaycan ordusu da müharibədə çox sürətlə irəliləməsinə, peşəkarcasına düşməni məğlub etməsinə, işğal edilmiş torpaqları ard-arda azad etməsinə baxmayaraq, özünün humanist davranışını da bir daha dünyaya göstərdi. Lakin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 10.10.2020-ci il saat 12-dən sonra əldə edilmiş humanitar xarakterli atəşkəsi Ermənistan yenidən pozmaqla, əsasən Azərbaycanın mülki obyektlərinə, dinc əhalisinə raket hücumları etməklə özünün terrorçu, məkirli, riyakar niyyətindən dönmədiyini, beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmədiyini daha açıq göstərir. Habelə havadarlarına arxalanmaqla, vaxt qazanaraq qeyri-qanuni yolla silahlanmasını həyata keçirməyə çalışır. Bu, əsl erməni xislətinin, insanlığa və bəşəriyyətə qarşı terrorunun bariz nümunəsidir”. Politoloqun fikrincə, Ermənistanın ona verilmiş bu son şansı düzgün dəyərləndirə bilməməsi və yenidən müharibəyə can atması onu deməyə əsas verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarını müharibə ilə geri qaytarmaqdan başqa yolu qalmır: “Düşünürəm, bu, tarixi bir şansdır, Azərbacan bu şansdan düzgün istifadə etməklə özünün işğal edilmiş torpaqlarını ən son qarışına kimi qaytarmaq və qələbəni təmin etmə haqqına malikdir”.

Vazeh BƏHRAMOĞLU