Kreml nikahları – dövlət xadimlərinin qudalıq büsatı çox vaxt uğursuz nəticələnib

7

SSRİ dövründə siyasi elitadakı qruplaşmalar heç kim üçün sirr deyil. Leninin ətrafı, Stalinin silahdaşları, Xruşovun komandası, Brejnevin Ukrayna klanı haqqında əvvəlki saylarımızda yazmışıq. Həmçinin qısa müddətli hakimiyyətlərində Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçov da bu ənənəni davam etdirə biliblər. Amma siyasilərin qarşılıqlı münasibətləri təkcə komanda yaratmaqla yekunlaşmayıb, yeni qohumluq münasibətləri onları müvəqqəti də olsa bir-birinə daha da yaxınlaşdırıb. Qısa ifadə etsək, SSRİ-də qohumbazlıq dəb və ənənəyə çevrilib.

Stalinin oğlu Vasili sovet dövrünün ən nüfuzlu hərbiçilərindən biri olan marşal Semyon Timoşenkonun qızı Yekaterina ilə ailə qurub. Bu, Vasilinin ikinci nikahı olub. Timoşenko Stalinlə yaxın dost münasibətlərində olmasına baxmayaraq, bu izdivacın əleyhinə olub. Ailələr Soçidə istirahət edərkən, Vasili Yekaterinanı gecəylə qaçırıb. Səhərisi gün onlar rəsmi nikaha daxil olublar, axşamı isə nikah haqqında şəhadətnaməni marşala “təqdim” ediblər. Çütlüyün ailə həyatı çox da uzun sürməyib. 1953-cü ildə İosif Stalin vəfat edtikdən sonra Vasili həbs olunub. Həbsdən sonra Yekaterinanı Xruşovun ən yaxın adamı olan Bulqaninin yanına dəvət ediblər. Ona ərindən boşanma haqqında ərizə yazmaq təklif olunub. Əks halda onun da həbsxanaya gedəcəyi xəbərdar edilib. Yekaterina nikahın pozulması üçün rəsmi ərizə yazıb.

Beş dəfə nikahda olan Stalinin qızı Svetlana da bir müddət ən yüksək vəzifələrdə çalışan dövlət məmurlarının birinin evində gəlin olub. Bu nikah atasının xahişi ilə baş tutub. Stalin qızına vaxtilə yaxın silahdaşı olmuş, Mərkəzi Komitənin katibi Andrey Jdanovun oğlu Yuri ilə evlənməyi məsləhət görüb. Svetlana atasının sözündən çıxmayıb. Onlar ailə qursalar da, bu nikah da uzun çəkməyib.

Anastas Mikoyan öz oğlunu 1937-1953-cü illərdə Ermənistanın birinci katibi olan Qriqori Arutinovun rəsmi qızlığa götürmüş qardaşı qızı Nami Arutinova ilə evləndirib. Bu nikah birinci katiblə Mikoyanın arasında olan münasibətləri daha da yaxınlaşdırıb. Amma bu izdivacın sonu da tərəflərin hər ikisinin razılığı ilə boşanma ilə sonunclanıb.

Stalin hakimiyyəti dövründə SSRİ metallurgiya sənayesi naziri, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışan İvan Tevosyan marşal Aleksandr Vasilevski ilə quda olub, onun qızı tanınmış müharibə marşallarından biri olan Vasilevskinin oğlu İqorla ailə həyatı qurub.

Marşal Vasilevskinin digər oğlu, aviasiya general-mayoru Yuri isə marşal Georgi Jukovun qızı Era ilə evlənib.

Lavrenti Beriyanın qəti etirazına baxmayaraq, oğlu Serqo Maksim Qorkonuin nəvəsi Marfa ilə ailə həyatı qurub.
Beyiyanın məktəbli Drozdovadan dünyaya gələn qızı Marta isə uzun illər Moskvanın birinci katibi olmuş Viktor Qrişinin gəlini olub. Qrişinin tanınmış tarixçi oğlu Aleksandr Qrişin Beriyanın nikahdankənar qızı Marta ilə evlənib.

Stalin hakimiyyətinin ən tanınmış siyasi simalarından biri olan Vyaçeslav Molotovun bir qızı olub. Svetlana atasının xeyir-duası ilə “Kommunist” jurnalının redaktoru Aleksey Nikonovla ailə həyatı qurub.

Mircəfər Bağırov SSRİ-nin ən məşhur cərrahlarından biri sayılan, Kreml xəstəxanasını baş həkimi, 1953-1960-cı illərdə SSRİ Tibb Elmləri Akademiyasının prezidenti olan Aleksandr Bakulyevlə qohum olub. Birinci katibin oğlu ilə akademikin qızı ailə həyatı qurublar. Bu izdivacın da ömrü uzun sürməyib.

Uzun illər SSRİ-də yüksək vəzifələr, müdafiə naziri, Nazirlər Sovetinin sədri kürsülərində əyləşən Nikolay Bulqanin də qohumbazlıq yarışmasından geri qalmayıb. O, yeganə qızı Veranı hərbi dəniz komissarına (nazirinə) verərək, admiral Nikolay Kuznetsovla qohum olub.

28 il SSRİ-nin Xarici İşlər Nazirliyinə rəhbərlik edən Andrey Qromıko da tanınmış bir ailə qohumluq edib. O, Nürnberq məhkəməsində SSRİ tərəfindən dövlət ittihamçısı qismində iştirak edən, SSRİ prokurorluğu sistemində kifayət qədər böyük vəzifələr tutan, ədliyyə polkovniki Sergey Piradovla quda olub. Nazirin qızı Emilya prokurorun diplomat oğlu Aleksandrla ailə həyatı qurub.

14 SSRİ-nin mədəniyyət naziri vəzifəsində işləyən Yekaterina Furtseva da qohumbazlıq məsələsində kişi həmkarlarından geri qalmayıb. Furtseva yeganə qızı Svetlananı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Frol Kozlovun oğlu Oleqə verib. Təntənəli toy mərasimində Nikita Xruşov və Leonid İliç Brejnev də iştirak ediblər. Ancaq bu təntənəyə baxmayaraq, cütlük bir neçə ildən sonra ayrılmağa qərar verib.

SSRİ siyasilərinin qohumbazlıq əlaqələrinin siyahısını çox uzatmaq olar. Hər şey əvvəlcə gözəl olsa da, toy mərasimləri təntənəli keçsə də, yeni qohumlar bir birlərinin mövqelərinin möhkəmlənməsində rol oynasalar da, sonda aydın görünən bir fakt var – uğusuz nikah. Səbəbi isə aydındır. Çünki bu nikahlar siyasi maraqlar üzərində qurulub. Təbii ki, gözqamaşdıran təmtəraqlı nikahların sonunda işıqların sönəcəyi bir gün də olur./musavat.com/