Kostyum və qalstukda şəkil çəkdirib…

558

AMEA-nın Rəyasət Heyətinin uzun illər İtaliya ilə elmi tədqiqat sahəsi üzrə olan əməkdaşlıq layihələrinin fonunda əsərə qarşı tamamilə biganəliyin səbəbi nədir?!

Son günlərdə AMEA-nın rəsmi saytında rast gəldiyim bir xəbərlə (http://science.gov.az/news/open/15321) bağlı susub keçə bilməyəcəyəm. 9 dekabr 2020-ci il tarixində AMEA ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Elmi və Texnoloji Əməkdaşlıq üzrə müqavilə imzalanıb. Gözəl! AMEA-nın prezidenti Ramiz Mehdiyev isə ağız dolusu İtaliya-Azərbaycan dostluq münasibətlərindən, “elm, təhsil, mədəniyyət sahələrində güclü tərəfdaşlıq”dan bəhs edib.

Açıqlamadan məlum olur ki, Bakıda İtaliya–Azərbaycan Universitetinin yaradılması gözlənilir və artıq binanın inşası, fakültələr və s. bəllidir. Qeyd edilir: “İtaliyada gənclərin elmə, təhsilə böyük önəm verdiklərini deyən Manlio Di Stefano Əməkdaşlıq üzrə İcra Proqramının imzalanmasının dostluq münasibətlərimizi zənginləşdirəcəyini bildirib”. Buna da əhsən! Nə deyirik?! Çox gözəl! Ancaq görünən odur ki, bütün bu “bəzəkli-düzəkli, al-əlvan görüntü” elə görüntüdən, gözə kül üfürməkdən başqa bir şey deyil. Maraqlıdır ki, “dostluq münasibətlərindən” dəm vuran AMEA rəhbərliyi hələ bir neçə ay öncə işıq üzü görən və məhz İtaliya-Azərbaycan dostluq münasibətlərinə həsr olunan dərin məzmunlu elmi-araşdırma nəticəsində geniş həcmli tədqiqat işi kimi çap olunan 1620-ci il nadir əlyazma nümunəsi, İtaliya incisi haqda bu italyan qonağa məlumat veribmi? Və ya bir nüsxə hədiyyə edibmi? Axı öz ölkəsində belə indiyədək işıq üzü görməyən orta əsr italyan aristokrat və tarixçisinin (Pietro della Valle) qələmə aldığı bu nadir əlyazmanın 400 ildən sonra məhz bu il işıq üzü görməsi və müfəssəl tədqiqata cəlb olunaraq tərcümə olunması AMEA rəhbərliyinin pafosla gündəmə gətirdiyi “elmi əməkdaşlıq və dostluq münasibətləri”nə birbaşa töhfə deyilmi? (Söhbət prof. İdris Abbasovla həmmüəllifi olduğum Pietro della Vallenin “Türk dilinin qrammatikası” Azərbaycan dilinin orijinal qrammatikası 1620. Tərcümə, tədqiq və şərh 2020 monoqrafiyasından (Bakı: Zərdabi Nəşr MMC, – 2020. – 1096 səh.) gedir. Əsər haqqında kifayət qədər məlumat getmiş, müvafiq saytlarda işıqlandırılmışdır.

İstər professor İdris Abbasovun, istərsə də mənim rəsmi səhifələrimizdə dəfələrlə işıqlandırıldığını nəzərə alsaq, aydın olur ki, AMEA-nın, həm də digər aidiyyəti elm və təhsil qurumlarının müvafiq şəxsləri bu haqda məlumatlıdırlar. Bütün bunlardan belə bir sual doğur ki, belə bir nadir əlyazmanın nəşri haqda məlumat aldıqdan sonra müvafiq qurumların məsul şəxsləri nəyə görə kitabla maraqlanmamışdır. Xüsusilə AMEA-nın Rəyasət Heyətinin uzun illər İtaliya ilə elmi tədqiqat sahəsi üzrə olan əməkdaşlıq layihələrinin fonunda əsərə qarşı tamamilə biganəliyin səbəbi nədir?! Məsələ onun müəlliflərinin “elit dairələrə aid olmaması”dırmı? Bəlkə əsər heç bir elmi əhəmiyyət daşımır? Nəyə görə ən azından əsərin elmi dəyəri və ya əhəmiyyəti ilə bağlı heç bir müvafiq qurum rəhbərləri maraqlanmayıb? Yoxsa “2005-ci ildə qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında təhsil, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş””- kostyum və qalstukda şəkil çəkdirib, hədiyyələr mübadiləsi etməkdən ibarətdir? Və ya bu illər ərzində AMEA və İtaliya Respublikası CNR ilə “tədqiqatçıların mübadiləsini nəzərdə tutan müştərək layihə”lərdə hansı əhəmiyyətli işlərə imza atıblar?

Günel Bayramova,

İtalyanşünas, filologiya üzrə fəlsəfə doktoru