Korrupsiyaya qarşı mübarizəni necə təkmilləşdirməli – TƏKLİFLƏR

225

2003-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdədir. Bu müddət ərzində korrupsiya ilə mübarizə sahəsində 1 dövlət proqramı, 1 strategiya və 2 milli fəaliyyət planı təsdiq olunub və reallaşdırılıb (hazırda 3-cü fəaliyyət planı icra edilməkdədir). Bu müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımların nəticələrinin qiymətləndirilməsi, əldə olunan irəliləyişlərin, habelə hansı sahələrdə ümumiyyətlə vəziyyəti dəyişə bilməməyimizin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının ekspertləri tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqat və rəy sorğusunu aparılması” layihəsi çərçivəsində hökumətin antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilib və analitik hesabat hazırlanıb. Layihə çərçivəsində həyata keçirilən araşdırma və tədqiqatların nəticəsi olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönələn 7 istiqamətdə cəmi 45 tövsiyə işlənib hazırlanıb. Tövsiyələri təqdim edirik:

1. Korrupsiyaya qarşı mübarizə siyasətinin hazırlanması və icrası üzrə:
1.Korrupsiyaya qarşı mübarizə sahəsində indiyədək həyata keçirilən bütün tədbirlərin nəticələrinin qiymətləndirilməsi, habelə indiki şəraitdə ölkədə korrupsiya riski yaradan amillərin müəyyən edilməsi üçün zərui hərtərəfli tədqiqatın (korrupsiyanın diaqnostikasının) aparılması;
2.Diaqnostikanın nəticələri əsasında aydın və dəqiq (ölçülə bilən) məqsədlərə malik hərtərəfli əsaslandırılmış vahid korrupsiyaya qarşı mübarizə siyasətinin (dövlət proqramının və onun həyata keçirilməsi strategiyasının) hazırlanması;
3.Korrupsiyaya qarşı mübarizə siyasətinin icrasının dövrü olaraq monitorinqi və qiymətləndirilməsi, habelə tərəqqinin izlənilməsi mexanizminin hazırlanması və tətbiq edilməsi;
4.Müstəqil ekspertlər cəlb edilməklə müntəzəm olaraq korrupsiyanın vəziyyəti ilə bağlı tədqiqatların, habelə mövcud korrupsiya risklərinin və problemlərin sistemli təhlilinin aparılması;
5.Daha çox korrupsiyaya meylli sektorların ünvanlı məlumatlandırılması üzrə fəaliyyətin təşkili;
6.Milli Məclisin müzakirələrinə təqdim edilən bütün qanun layihələrinin korrupsiya risklərinin qiymətləndirilməsi və belə qiymətləndirmə sənədinin layihə ilə birlikdə parlamentə təqdim edilməsi tələbinin hüquqi norma halına salnması;
7.Qanun yaradıcılığı və qanunların təsirlərinin qiymətləndirilməsi üzrə mütəxəssis kadrların hazırlanması üçün ali məktəblərdə müvafiq ixtisasların yaradılması.

2. Korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində:

1.Qanunsuz varlanmanın, yəni dövlət vəzifəli şəxsin əmlakının onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandıra bilmədiyi xeyli artımının cinayət hüquqpozması kimi təsnif edilməsi;
2.Vəzifəli şəxslər tərəfindən əmlak və gəlirlər bəyannaməsinin təqdim edilməsi və həmin bəyannamələrin ictimaiyyətə açıqlanmasının qanunvericilik tələbi kimi müəyyən edilməsi;
3.Dövlət qulluqçuları və vəzifəli şəxslər üçün maraqlar toqquşmasının qarşısını alan aydın və hərtərəfli normaların və qaydaların işlənilməsi;
4.Siyasi və peşəkar vəzifə və xidmətlərin ayrılmasının qanunvericilik əsaslarının hazırlanması və qəbul edilməsi;
5.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunlarına kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların açıqlanmasını qadağan edilməsi ilə bağlı 12 iyun 2012-ci il tarixli dəyişikliklərin ləğv edilməsi;
6.“Hasilat sənayesində benefisiar sahibliyin açıqlanması üzrə Yol Xəritəsi” çərçivəsində həyata keçirilən layihə əsasında benefisiar sahibliyin açıqlanması üçün qanunvericiliyə təklif olunan tövsiyələri nəzərə almaqla ölkədə benefisiar sahibliyin açıqlanması üçün hüquqi əsasların hazırlanması.

3. İqtisadi sahədə korrupsiya risklərinin azaldılması sahəsində:

1.Rəqabət (antiinhisar) Məcəlləsinin hazırlanması və qəbul edilməsi;
2.Antiinhisar tənzimlənməsini həyata keçirən, zəruri səlahiyyət və məsuliyyətlə yüklənmiş müstəqil qurumun yaradılmasının təmin edilməsi;
3.Təbii inhisarların tənzimlənmə mexanizminin təkmilləşdirilməsi;
4.İnhisar sahəsində sui-istifadəyə şərait yaradan halların aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
5.Özəlləşdirmə prosesində şəffaflığın artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirmə sisteminin təkmilləşdirilməsi;
6.İnvestorların hüquqlarının təminatının və kapital qoyuluşunun müdafiəsi sisteminin təkmilləşdirilməsi;
7. Mülkiyyət hüquqlarının dəqiqləşdirilməsi, xüsusilə dövlət, bələdiyyə, icma (çoxmərtəbəli binalara məxsus mülkiyyət hissələri də daxil olmaqla) və mənzil kooperativləri üzrə mülkiyyət hüquqlarının dəqiq müəyyən edilməsinin təmin olunması;
8. Dövlət əmlakının (bütün maddi və qeyri-maddi aktivlər əhatə edilməklə) reyestrinin yaradılması, habelə dövlət əmlakının icarəyə verilməsi qaydaları və şərtlərinin təkmilləşdirilməsi, icarəyə və başqa formada istifadəyə verilən dövlət əmlakı barədə ətraflı məlumatların (icarə haqları da daxil olmaqla) vahid reyestrinin yaradılması və ictimaiyyət üçün açıq olması;
9.Dövlət torpaq sahələrinin ayrılması və istifadəsi ilə bağlı qaydaların təkmilləşdirilməsi, bu torpaqlardan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi və s..

4. Dövlət maliyyəsində açıqlığın və şəffaflığın artırılması sahəsində:

1.Dövlət investisiya xərcləri üzrə bütün investisiya layihələrinin siyahısı, hər bir layihə üzrə maliyyələşmə həcmləri (büdcə və kənar maliyyələşmə göstərilməklə), onların icrası vəziyyəti və nəticələri barədə məlumatların ictimaiyyətə açıqlanması;
2.Dövlət büdcəsinin və büdcədənkənar fondların icrasına dair hesabatların Milli Məclisdə təsdiq edilmiş büdcə layihəsinin formatına uyğun hazırlanması;
3.Ayrı-ayrılıqda bütün şəhər və rayonlar üzrə gəlirlərin tədiyyə növləri və xərclərin funksional, təşkilati və iqtisadi təsnifatı üzrə əhatəli məlumatların büdcə zərfinə daxil edilməsi;
4.Dövlət qurumlarının büdcədənkənar gəlirləri (bütün mənbələr üzrə göstərilməklə) və xərcləri (bütün istiqamətləri əhatə etməklə) ilə bağlı ayrıca hesabatların hazırlanması və ictimailəşdirilməsi;
5.Prezidentin və hökumətin ehtiyat fondlarından istifadəyə dair ayrıca hesabatların hazırlanması və ictimailəşdirilməsi;
6.Məqsədli büdcə fondlarının büdcə fəaliyyətinə dair ayrıca hesabatın hazırlanması və yayılması;
7.Büdcə təşkilatlarının satınalma müqavilələrinin tam mətninin online qaydada ictimailəşdirilməsi;
8.Bütün vergilər, rüsumlar və ödənişlər üzrə azadolmaların, güzəştlərin və bütün digər preferensiyaların vahid reyestirinin hazırlanması, bunlardan faydalanan hüquqi və fiziki şəxslərin siyahısı və faydalanma məbləğlərinin müəyyənləşdirilməsi, habelə bu məlumatların ictimaiyyətə açıqlanmasının təmin edilməsi.

5. Elektron satınalma sisteminin təkmilləşdirilməsi sahəsində:
1.Elektron satınala portalının texniki və institusional potensialının gücləndirilməsi, təqdim etdiyi xidmətlərin çeşidinin artırılması;
2.İctimai monitorinq üçün elektron satınalma saytının texniki imkanlarının əlevrişli vəziyyətə gətirilməsi, yeni funksiya və məlumat bazalarının əlavə edilməsi;
3.Satınalma sənədlərinin, o cümlədən texniki şərtlərin ictimaiyyət üçün açıq olması;
4.Satınalma müsabiqələrinin iştirakçısı olan bütün biznes qurumlarının reyestrinin və benefisiar sahibləri barədə məlumatların açıqlanması;
5.Satınalma planlarının, elanların, texnki şərtlər dəstinin, bağlanmış müqavilələrin və icrası bitmiş müqavilələrin elektron sistemdə kodlaşdırılması;
6.Təchizatçıların şikayətlərinə baxılması üzrə qərarların onlayn qaydada ictimailəşdirilməsi;
7.Satınalmalar üzrə səlahiyyətli dövlət qurumunun və ali audit orqanının satınalamlar üzərində onlayn kameral yoxlama-monitorinq funksiyalarını təmin edən mexanizmlərin yaradılması.

6. İri dövlət şirkətlərininin fəaliyyətində korrupsiya risklərinin azadılması sahəsində:
1. Dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqinin süətləndirilməsi;
2.Dövlət şirkətlərinin dövlətlə maliyyə münasibətlərini tənzimləyən və onların maliyyə axınlarına (o cümlədən, mənfəətin istifadəsinə) nəzarət imkanı verən mexanizmlərin işlənilməsi;
3.Dövlət şirkətlərinin bütün qeyri-profil funksiyalardan azad edilməsi, onların tərkibindəki müvafiq strukturların özəlləşdirilməsi prosesinin sürətləndirilməsi;
4.Dövlət şirkətlərinin kvazifiskal xərclərlə yüklənməsi təcrübəsinə son qoyulması;
5.Dövlət şirkətlərinin həm tənzimləmə, həm də kommersiya funksiyalarını icra etmələri təcrübəsinə son qoyulması, tənzimləmə funksiyalarının onlardan alınaraq müvafiq nazirliklərə ötürülməsi;
6.Dövlət şirkətlərinin beynəlxalq standartlara uyğun maliyyə hesabatlılığı sisteminə keçirilməsi işinin qısa müddətdə başa çatdırılması və onların maliyyə hesabatlarının dərc etmələri ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmələrinə görə məsuliyyətin gücləndirilməsi.

7. Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunun və iştirakçılığının artırılması sahəsində:

1.QHT qanunvericiliyinə və qrant fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxmaqla Vətəndaş Cəmiyyətinin sərbəst fəaliyyətinə olan hüquqi maneələrin aradan qaldırılması;

2.Anti-korrupsiya siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, habelə monitorinq və qiymətləndirilməsində vətəndaş cəmiyyətinin əhəmiyyətli və açıq iştirakının təmin edilməsi.

Hesabatın tam mətni : http://nhmt-az.org/frontend/pages/corruption-inner.php?id=178