“Korrupsiyaya görə koronavirusun əhatə dairəsi genişlənir, müddəti uzanır” – QUBAD İBADOĞLU

45

“Korrupsiya dövləti içindən yeyir, kimlərinsə korrupsiyasına görə hazırda virus evlərdə can alır, insanlar ömürlərini verir”

“Xatırlayırsınızsa yazmışdım ki, Azərbaycanda koronavirus bitəcək, amma korrupsiya yox. Amma yanılmışam, korrupsiyaya görə koronavirusun əhatə dairəsini genişlənir, onun müddəti də uzanır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, bir tərəfdən koronavirus korrupsiya yaradır, digər tərəfdən də korrupsiyaya görə koronavirusun təsiri də artır: “Diqqət edin. Aprelin 7-də İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 2020-ci il dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. Təsəvvürünüzə klassik xəstəxana binası gəlməsin, bu birmərtəbəli xüsusi konstruksiyalardan quraşdırılmış çadır evi xatırladır. Amma sərəncamdan 2 ay 9 gün ötməsinə baxmayaraq, indiyə qədər cəmisi 4 modul tipli modul tipli xəstəxana quraşdırılıb. Onların birincisi mayın 7-də, yerdə qalan 3-ü isə iyunun 9-da təhvil verilib”. Qubad İbadoğlunun fikrincə, gözlənilir ki, birinin smeta dəyəri orta hesabla 2 milyon 466 min manat olan 200 çarpayılıq modul tipli xəstəxanadan 10 ədəd quraşdırılsın: “Odur ki, aidiyyatı orqanlara aşağıdakı sualları ünvanlayıram: Yerdə qalan 6 modul tipli xəstəxananı quraşdırmaq üçün bu hökümətə nə qədər vaxt lazımdır? Əgər həmin xəstəxanalar bu gün xəstələrə xidmət etməyəcəksə, pandemiya bitəndən sonra kimə lazım olacaq? Nədən bu xəstəxanalar vaxtında quraşdırılıb istifadəyə verilmədi ki, bu gün evdə qalmasın? Nədən bu bahalı layihəni icra edən şirkətin adı gizli saxlanılır? Nədən açıq və rəqabətli müsabiqə ilə bu xəstəxanları vaxtında və keyfiyyətlə təhvil verən şirkət seçilmədi? Bütün bu sualların bir cavabı var, korruspiyaya və pis idarəetməyə görə. Nə qədər ki, korruspiya hər yerdə var, bir o qədər də bu ölkə düzəlməyəcək. Çünki korrupsiya dövləti içindən yeyir, kimlərinsə korrupsiyasına görə hazırda virus evlərdə can alır, insanlar ömürlərini verir. Bunun məsuliyyətini kim üzərinə götürüb, hesabatını nə zaman verəcək?”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org