Korrupsioner məmurların xaricdəki pullarını ölkəyə necə qaytarmaq olar?

27

Və yaxud Eldar Mahmudovun 100 milyon avroluq əmlakının Britaniya hökməti tərəfindən müsadirə olunması nə dərəcədə ədalətli qərardır?

İntiqam Əliyev: “Bu ölkədə korrupsiya təkcə varlanmaq vasitəsi deyil, həm də idarəçilik sistemidir”

Namizəd Səfərov: “Bu pullar mütləq Azərbaycana qaytarılmalıdır”

Aslan İsmayılov: “Britaniya hökuməti Azərbaycan hökuməti deyil”

Bir neçə gündür ki, mətbuatda keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin Avropada 100 milyon avroluq biznes qurması, dəyəri milyonlarla ölçülən əmlakları müzakirə olunur və bu əmlakların Böyük Birtaniyanın xeyrinə müsadirə olunacağı qeyd olunur. Maraqlıdır, əgər Böyük Britaniya hökuməti hesab edirsə ki, bu var-dövlət korrupsiya yolu ilə əldə edilib, onun Britaniya hökuməti tərəfindən müsadirə olunması nə dərəcədə ədalətlidir?

 “Avtoritar idarəçilik sistemi yüz minləri bilərəkdən bu çirkaba batırır ki…”

İntiqam Əliyev roman yazdı: ''MEYDAN'' · Human Rights Club

Məsələ ilə bağlı fikirlərini bölüşən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev “Hürriyyət”ə deyib ki, Azərbaycanda aşağıdan yuxarı məmurların əksəriyyəti korrupsiya zincirinin iştirakçısına çevrilib: “Bu ölkədə korrupsiya təkcə varlanmaq vasitəsi deyil, həm də idarəçilik sistemidir. Bu yolla avtoritar idarəçilik sistemi yüz minləri – müəllimi, həkimi, hakimi, prokuroru, naziri (siyahını uzun-uzadı davam etdirmək olar) bilərəkdən bu çirkaba batırır ki, gözü kölgəli, ağalarının itaətində olsunlar. Balaca ağa bir az böyüyünün, o da ondan yekəsinin və beləcə, bu ölkədə bütün məmurlar lap iri ağaların-bu sistemi yaradanların, onu qoruyanların qarşısında “boğazdılar”. Bizim məmurların xaricdəki milyardları barədə az yazılmayıb. Yazanlar həm özümüzünkülər, həm də beynəlxalq araşdırmaçılardır. Özümüzünkülərin yazdıqlarına reaksiyası davamlı olaraq onları tutub damlamaq (kimisinə də həyatı bahasına başa gəlib), şəxsi həyatına burun soxmaq, ləkələmək, ölkədən didərgin salmaq olub. Özgələrinə əlləri çatmadığı üçün ya reaksiya verməyiblər, ya da ağ yalan olduğunu deyiblər”.

“Niyə vaxtında izinə düşməyiblər?”

İ.Əliyev sual edir ki, İngiltərə və başqa Avropa ölkələr indi ayılıblar: “Azərbaycanlı, rus, o biri bizə oxşar ölkələrdən olan oğrular bu milyardları on illərdi bu ölkələrə daşıyırlar. Niyə vaxtında izinə düşməyiblər, sorğulamayıblar, pullarını müsadirə etməyiblər – sualı meydana çıxır. Həm də ona görə etməyiblər ki, bu demokratik adlanan hakimiyyətlər öz “BP”-ləri, “Şevron”-ları, “Ekson”-ları, “Statoyl”-ları vasitəsilə korrupsiyaçı hakimiyyətlərə dəstək veriblər, onlarla işbirliyində olublar. Onların qurduqları ATƏT-lər, BMT-lər, Avropa Şuraları bu ölkələrdə korrupsiyadan yazan jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının həbsinə göz yumublar. Son vaxtlar dünyada baş verən mürəkkəb gəlişmələr fonunda həmin ölkələrin cəmiyyəti öz ölkələrində demokratiya, qanunun aliliyi və bir çox sahələrdə baş verən geriləmələri həm də bu işbirliyinin fəsadları kimi görməyə başlayıb”.

“Susmalarının səbəbi bəllidir”

İ.Əliyevin sözlərinə görə, bizimkilər hələ susurlar: “Susmalarının səbəbi bəllidir. Burada yığdıqlarını elə yeyənlərlə, oralara daşıyanlar ayrıdır. Birinciləri damlamaq da və bunu bəzəyib-düzəmək topluma korrupsiya ilə amansız mübarizə kimi təqdim etmək də nisbətən rahatdır (beşi inanmayanda üçü inanacaq, dəstəkləyəcək); o birilərlə bağlı daha qəlizdir. Çünki bu sxemin bir ucu çox yuxarılara gedib çıxır, o bağları (sənədləri, məlumatları, şahidləri və s.) tam məhv etmək olmur. Ona görə, belə hallarda susmağa üstünlük verirlər”.

İ. Əliyev qeyd edib ki, xarici ölkələrdə qaldırılan cinayət işləri nəticəsində çirkli, cinayət yolu ilə əldə olunduğu sübut olunan varidatın taleyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkir: “Amma oğurlanan pullar ölkəyə qaytarılacağı halda, onun böyük hissəsinin yenidən oğurlanıb, bir hissəsinin dünyanın daha təhlükəsiz ölkələrinə daşınıb, çirkli pulların yuyulması ilə məşğul olan banklara yatırılmayacağına, yüzlərlə milyonluq əmlaklara, on milyonlarla alış-verişə, ərəb şeyxlərinin də həsrət aparacağı eyş-işrətə xərclənməyəcəyinə bu ölkədə kimsə vətəndaşa təminat verə bilməz. O vətəndaşa ki, ağır günündə hökumətin ona verdiyi qiymət cəmi 190 manatdır”.

“Xalqın min bir zəhmətlə əldə etdiklərini aparıb xaricə yığırlar”

Namizəd Səfərov Milli Şuradan istefa verib

Hüquqşünas Namizəd Səfərov isə təəssüf edir ki, hər gün sosial şəbəkələrdə bu və ya başqa məmurun, onun övladlarının adına Avropada, Amerikada milyonlarla dəyəri olan villaların aşkar olduğu, bankarda külli miqdarda pullar saxlandığı barədə məlumatlar yayılır: “Azərbaycan xalqı o məlumatları artıq oxuyub qəzəblənməkdən cana gəlib. Artıq belə məlumatlara rast gələndə çox adam oxumayıb keçir. Çünki hamı da belə bir rəy yaranıbdır ki, bu rejim yalnız oğrulardan və quldurlardan ibarət təşkil olunub. Ranqından, vəzifəsindən asılı olmayaraq, bütün məmurlar heç nədən çəkinmədən utanmadan, yerə girmədən oğruluqlarını davam etdirirlər, xalqın min bir zəhmətlə əldə etdiklərini aparıb xaricə yığırlar. Bu, artıq faktdır. Dəfələrlə beynəlxalq təşkilatlar da, istintaq aparan Beynəlxalq Araşdırmalar Mərkəzi də faktları aşkar edibdir. O cümlədən bizim araşdırmaçı jurnalistlər, bloqerlər bu məsələləri dəfələrlə aşkara çıxarıblar, təkzib olunmaz sübutlarla yayıblar, lakin heç bir nəticə çıxarılmır. Hakimiyyət tərəfindən bu məlumatlara heç bir cavab verilmir, aydınlıq gətirilmir. Bəli, son məlumatlarda belə yayıldı ki, Britaniya hökuməti onun ərazisində aşkar edilmiş, yəni oğurlanmış, çirkli pulların ora yerləşdirilməsini müəyyən edib və həmin pullar, əmlaklar üzərinə həbs qoyub, Britaniyanın mülkiyyəti kimi mülkiləşdirilib. Hesab edirəm ki, bu, düzgün deyil. Britaniya hökuməti çox gözəl bilir ki, bu şəxslərə məxsus olan aşkar olunmuş o əmlaklar, villalar, var-dövlət, külli miqdarda pullar Azərbaycan dövlətinə, xalqına məxsus olan vəsaitlərdir. Bunlar aşkar olunduqda, üzərinə həbs qoyulduqda, yəni bu pulların korrupsiya ilə əldə edildiyi sübuta yetirilirsə (birmənalı şəkildə belədir, heç bir şübhə yoxdur), bunların hamısı Azərbaycan dövlətinə, xalqına qaytarılmalıdır. Həmin pulların, əmlakların, var-dövlətin müsadirə olunub, Britaniya hökumətinin mənafeyinə keçirilməsi düzgün deyil. Bu, həm beynəlxalq qanunlara, həm də ölkə qanunvericiliyinə ziddir. Hamı bilir ki, keçmiş milli təhlükəsizlik nazirinin maaşı, illik qazancı nə qədərdir. O maaşla o var-dövləti yığmaq üçün qarğa kimi 300 il yaşamalıdır. Demək bilinir ki, bu pullar oğurluq, korrupsiya ilə əldə edilmiş pullardır və o nöqteyi-nəzərdən də qanunvericilik həmin pulların dövlətə, xalqa qaytarılması haqqında qərar qəbul etməlidir. Bunun həmin dövlətin ərazisində gizlədilməsindən asılı olmayaraq, həmin dövlətə aidiyyatı yoxdur və həmin dövlət bu pulları müsadirə edib, özünün hesabına keçirə bilməz”.

“Bu pullar heç bir dövlətə keçə bilməz”

N. Səfərovun fikrincə, əgər Britaniya dövləti bu var-dövlətin hesabına keçirilməsi ilə bağlı qərar qəbul edərlərsə, onda belə çıxır ki, Britaniya dövləti bilərəkdən həmin pulların korrupsiya yolu ilə əldə olunduğunu bilib, o pullara orada mülklərin alınmasına, banklarda yerləşdirilməsinə imkan verib ki, gələcəkdə müsadirə etsin və bunu öz dövlətinin mənafeyinə keçirsin: “Bu nöqteyi-nəzərdən hesab edirəm ki,  yenə də bu, qanunsuzdur. Yəni sabah o dövlətin özünü ittiham edərlər ki, sən bilə-bilə ki, Azərbaycanın milli təhlükəsizlik nazirinin və yaxud xarici işlər nazirinin bu qədər var-dövləti ola bilməz, amma sən imkan yaratmısan ki, sənin ölkəndə yerləşdirib, çirkli pulları yuyub. İndi də bu pullar hesabına alınmış əmlaklarını müsadirə edib, öz dövlətiinin hesabına keçirirsən.  Bu, qanunsuzdur. Belə bir qərar verərlərsə, bu artıq onların qeyri-səmimi münasibətinin təzahüru olar. Ona görə də fikirləşirəm ki, bu pullar heç bir dövlətə keçə bilməz, mütləq Azərbaycana qaytarılmalıdır”.

“Bəli, Azərbaycan dövləti maraqlı olmalıdır ki, rəsmi qaydada tələb irəli sürsün”

“Azərbaycan hökuməti bu pulların dövlət büdcəsinə keçməsi üçün müraciət etməlidirmi” sualına N. Səfərov belə cavab verib: “Çox təəssüf ki, Azərbaycan dövləti müvafiq halda, elə o cinayətləri törədən bir subyekt kimi çıxış edir. Azərbaycan dövləti indiyə kimi aşkar olunmuş korrupsiya faktları barəsində harada bir  məsələ qaldırb ki? Əksinə, üstünü ört-basdır etməyə çalışıblar. Dəfələrlə xaricdə üstü açılan məsələlər barədə Azərbaycanda rəsmi məlumat verməyiblər, həmin şəxsləri məsuliyyətə cəlb etməyiblər, özlərinin bütün fizionomiyası ilə sübuta yetiriblər ki, Azərbaycan dövləti əslində, bu cinayətkarların tərəfindədir, bu cinayətkarları təqib etmir, müdafiə edir. Əlbəttə ki, normal hakimiyyət, maliyyə strukturları olsa, tələb etməlidir ki, həmin pullar oğurluq, korrupsiya ilə əldə edilmiş pullardır, bu pullar vətənə qaytarılmalıdır. Bu şəxslər bu pulları dövlətdən, büdcədən, xalqdan oğurlayıblar, ofşor firmalara keçirib, o çirkli pulları yuyublar. Bəli, Azərbaycan dövləti maraqlı olmalıdır ki, rəsmi qaydada tələb irəli sürsün. Çox təəssüf ki, dediyim səbəblərdən Azərbaycan dövləti bunu tələb etmir. Çünki həmin oğurluqlarda bilavasitə iştirak edib.

“Nəyə görə bu pullar geri tələb olunmur?”

N. Səfərov nəzərə çatdırıb ki, 14 milyard dollar “Beynəlxalq Bank” vasitəsilə ofşor firmalara köçürülüb: “Bunu maliyyə naziri dəfələrlə deyib. Bu, mənim, müxalifətin dediyi deyil. Nəyə görə bu pullar geri tələb olunmur? Bu pull itməyib, yel aparmayıb ki? Bu pullar ofşor firmalara keçirməklə, məlum şəxslərin bank hesablarındadır. Sual verirəm, dövlət niyə geri istəmir? Elə bir dənə elan etməklə, 14 milyard dollar xaricə ofşor firmalara köçürülüb, mənimsənilib, bu iş bitmir. Bunu qaytarmaq, geri tələb etmək lazımdır”.

“Əgər sübut olunarsa da, qaytarılar”

Aslan İsmayılov (hüquqşünas) — Vikipediya

Hüquqşünas Aslan İsmayılov isə qeyd edib ki, o pulları, əmlakları Britaniya hökumətinə sübut etmək lazımdır ki, bu, Azərbaycan xalqından oğurlayıb: “Əgər sübut olunarsa da, qaytarılar. Britaniya hökuməti Azərbaycan hökuməti deyil. Ona görə də o özünün atdığı hər bir addımı öz xeyrinə etməlidir və edir də”.

Şamo EMİN, Hurriyyet.org