Koronavirusla bağlı şübhələr neft bazarında yüksəlişi dayandırdı

243

Bu gün keçirilən hərraclarda neftin qiyməti yeni təklif gözləntiləri ilə və koronavirus dərmanlarına dair şübhələrlə bağlı aşağı düşüb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin fevral fyüçersləri ötən gün 47,79 ABŞ dollarından satıldıqdan sonra bu gün Bakı vaxtı ilə saat 10.52-də də eyni qiymətə, “WTI” markalı neftin yanvar fyüçersləri də dünən 45,71, bu gün isə 45 dollardan satılıb.

Bu həftə ərzində hər iki məhsul “Astra Zeneca” şirkətinin təqdim etdiyi koronavirus dərmanının 90 faizədək səmərəli olmasına dair xəbərlərin təsirilə orta hesabla 6 faizədək bahalaşıb. Həmçinin daha iki dərmanın da uğurlu sınaqları barədə xəbərlər yayılmışdı. Lakin bu sınaqların nəticələrinə dair elmi dairələrdə səsləndirilən şübhələr yeni dərmanlar ətrafındakı nikbin ab-hava ortadan qalxdı.

Bununla yanaşı, OPEC+ formatının iştirakçısı ölkələri hasilatın ixtisarına dair aprel ayında təsdiqlənmiş qrafikə görə, yanvarın 1-dən etibarən hasilatı 1,9 milyon barel artırmağı nəzərdə tutsa da, Nazirlər Monitorinq Komitəsinin gələn həftə keçirilməsi nəzərdə tutulan iclası ərəfəsində bunun təxirə salınacağı xəbəri yayıldı. Bu barədə üç mötəbər mənbə bildirib.

Həmçinin Liviyada neft hasilatının artması və ABŞ-da Şükran Günü ilə bağlı 6 milyonadək vətəndaşın təyyarə ilə səyahətə çıxmaları da neftin qiymətinə təsir göstərib.