“Koronavirusa yoluxma sayının çoxalmasında xarici faktorların da rolu olmamış deyil” – İLQAR ALTAY

54

“Rusiya və İranda yoluxma sayı kəskin artan vaxtdan bizdə də artım başlayıb”

“Son zamanlar yoluxma sayı gözlənilməz artıb. Bu məsələdə ən arzuedilməz cəhət cəmiyyəti, xalqı, sıravi vətəndaşın əksəriyyətini qınamaqdır. Çünki karantin məhdudiyyətinin ən ağır fəsadı olan, mənəvi-psixoloji qapalı hərəkətsiz hal və həm də maddi sıxıntı sıravi xalq üzərinə düşür. Amma ən arzuedilməz yoluxma və ölüm halını nəticələndirən heyf ki, hökumətin və orqanların tədbir, təşkili, maarifləndirmə halları ilə bərabər, vətəndaşların da məsələdə nöqsanlı olmasıdır. İnsanlarımızın öz xatirinə bunu açıq deməliyik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altaya məxsusdur.

Hüquqşünas bildirib ki, virus təhlükəsizliyi qaydalarına riayət vacibliyi, bu gizli virus-qatilin ölümlü ola bilməsi reallığı, etinasızlığın özünün və başqaların həyatına son qoya bilməsini dərk etmək çox vacibdir: “Bu olmasa, insan öz sağlamlığını, həyatını qoruma tədbirini görməsə, hökumətin, həkimin istənilən tədbiri effektsiz və faydasız olacaq. Bunu bilək. Düşünərək, məsuliyətli olaq, özümüzü qoruyaq! Qaldı ki, pandemiya yoluxma sayının çoxalması halını tək daxili, hökumət tədbirləri və xalqın intizamına bağlamaq, fikrimcə kifayət deyil. Burada xarici faktorların da rolu olmamış deyil. Müşahidələrim göstərir ki, təxmini mayın əvvəli, 2-nə kimi, bizim ölkədəki gündəlik yoluxma sayı 25-35 qədər idi. Qonşu Rusiya və İran kimi böyük ölkələrdə, yoluxma sayı kəskin artan vaxtdan bizdə də bu artım başlayıb. Və bu artım bizdə, çox qəribədir ki, əhali sıx olan Bakı kimi mərkəzdə deyil, bölgələrdə və hətta, kənd yerlərində başladı. Bu, necə olur? Və o rayonlar, bölgələr, kəndlərdə ya, İrana yaxın yerləşirlər, ya da Rusiyada ticarət-alver edənləri çoxluqdur. Bu cür xarici faktor diffuzu variantı isə fikrimcə, iki ehtimalla mümkün ola bilər. Ya bu iki qonşu ölkə ərazisindəki, vətənə kəskin keçid ehtiyaclı vətəndaşlarımız qeyri-leqal yolla yoxlamasız və karantinsiz ölkəyə daxil olub, ailələri, qonşuları və o ətraf bölgəni yoluxdurublar, özləri də bunu bilmədən. Ya da ki, ən ifrat tərəfini götürsək, bu, xarici qüvvələrin təxribatı da ola bilər. Oralarda virusa yoluxmuş vətəndaşlarımızı onları vətənə qeyri-leqal yolla keçirtmə köməkliyi adı ilə bunu etmək. Hər halda məncə bölgələrdə birdən-birə virus yoluxmanın kəskin artımı halında yoxlama araşdırma aparılsaydı pis olmazdı”. İlqar Altay onu da qeyd edib ki, dünya üzrə koronavirusa yoluxma tendensiyası zəifləyir: “Əmin olaq ki, öz səhvimiz, ya kənar müdaxilədənmi yaranan “2-ci dalğa”nı da dövlət və xalq anlaşma, birliyi ilə ölkəmiz bu dəfə də, ən az itki ilə aşa biləcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org