Koronavirusa kimlər daha tez yoluxur?

54

Professor: “Koronavirusa tutulmamaq üçün ilk növbədə karantin qaydalarına əməl etmək lazımdır, lakin…”

“COVİD-19″ sözünü artıq dünyada eşitməyən çox az adam qalıb. İndiyədək dünyada 49 milyondan çox adam koronavirusa yoluxub. Yoluxanların 1 milyon 241 mindən çoxu ölüb. 35 milyondan çox insan isə koronavirusdan yaxa qurtarıb, sağala bilib.

Vaksini olmasa da müxtəlif yollarla müalicə edilən bu xəstəliyin son zamanlar yayılması daha da sürətlənib. Hazırda bir günə yoluxanların sayı 600 min nəfərdən çoxdur. Bu isə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Yəni koronavirusa yoluxmanın pik həddi yaşanır. Ölüm sayı da artır. Günlük 7.5 mindən çox adam koronavirus səbəbindən dünyasını dəyişir ki, bu göstəricidə virus meydana çıxandan bu günə qədər ən yüksək göstəricidir.

ÜST də xəbərdarlıq edərək bildirir ki, dünya pandemiya ilə bağlı kritik dönəmə girib. Qeyd edilir ki, qarşıdakı bir neçə ay bir çox ölkələr üçün çox ağır olacaq. ÜST də təsdiqləyir ki, virusun yayılma tempi artıb.

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, bu dönəmdə sağlam qidalanmaq önəmlidir: “İstər ət ye, istər vegetarian ol. Bunun fərqli yoxdur. Sağlam qidalanmaq lazımdır. Bu zaman immunitet güclü olur. Vitaminli qidalarla qidalanarsaq, orqanizm xəstəliklərə qarşı dözümlü olar. Ancaq konkret olaraq spesifik bir profilaktika yoxdur ki, onu etməklə koronavirusun qarşısını almaq mümkün olsun. Profilaktika birinci növbədə karantin qaydalarına əməl etməkdir. Təbii ki, normal qidalanma, fiziki aktivliyin saxlanması, təmiz havada gəzmək, məsafə saxlamaq kimi məsələlərə əməl etmək lazımdır. Virus kontakt yolu ilə sürətlə yayılır. Bunun qarşısını almaq üçün karantin qaydalarına əməl edilməlidir. Çalışmaq lazımdır ki, koronavirus ön cəbhəyə yayılmasın”.

Həkim bildirib ki, koronavirusu keçirib sağalan adamlar da diqqətli olmalıdır: “Keçirən adam bir-iki aydan sonra yenə də diqqətli olmalıdır. Çünki onun təkrar yoluxması mümkündür. Kimsə koronavirusu gizli keçirib, sağaldığını düşünürsə bunu test verməklə yoxlaya bilər. Belə ki, qandan analiz verməklə yoxlamaq mümkündür ki, şəxs koronavirus olub, yoxsa olmayıb”.

Əli RAİS,
“Yeni Müsavat”