KORONAVİRUS MANATIN DEVALVASİYASINA SƏBƏB OLA BİLƏR

39

Şahin Cəfərli: "Çində yayılan koronavirus Azərbaycanı da təhdid edir, söhbət virusun enerji bazarını "vurmasından" gedir"

Qubad İbadoğlu: "Bu, Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək"

Nemət Əliyev: "Düşünürəm ki, hər ehtimala qarşı hökumət ehtiyatlı olmalıdır"

Samir Əliyev: "Əgər koronavirus geniş yayılarsa, o zaman neftin qiymətinin aşağı düşməsi bir qədər də davam edəcək"

Çində koronavirusun indiyədək müəyyən olunmamış növündən (2019-nCoV) ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı isə 2,4 min nəfəri ötüb. Bu barədə report.az-da yer alan informasiyaya görə, ölüm hallarının 76-sı virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb. Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Artıq Xeyluntsyan vilayətində bir nəfər dünyasını dəyişib.

Картинки по запросу koronavirus

Qeyd edək ki, Çin hökuməti koronavirusla mübarizə üçün 43,2 milyon dollar ayırıb. Vəsaitin çox hissəsi isə ixtisaslaşmış xəstəxanaların tikilməsinə xərclənəcək. Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq. Bundan başqa, Çinin Bazara nəzarət və tənzimləmə İdarəsi, Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi koronovirusla əlaqədar vəhşi heyvanların ölkə ərazisində istənilən formada satışı və daşınmasını qadağan edib. Çin hökuməti istehlakçılara vəhşi heyvanlarının ətindən istifadənin hansı təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib, bunun dərk edilməsini zəruri sayıb və insanlara sağlam qidalarla qidalanmaq tövsiyə olunub.

"Bu cür radikal tədbir belə fikirlərə əsas yaradıb ki, real vəziyyət əslində daha pisdir"

Картинки по запросу Şahin Cəfərli

Məsələnin maraqlı tərəfi ondadır ki, Çində yayılan koronavirus artıq dünya fond birjalarına, əsasən də neftin qiymətinə də öz mənfi təsirini göstərməkdədir. "Hürriyyət" xəbər verir ki, bu barədə fikirlərini bölüşən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Çində yayılan koronavirus Azərbaycanı da təhdid edir: "Söhbət virusun (2019-nCoV) ölkəmizə sıçraması ehtimalından yox, enerji bazarını "vurmasından" gedir. Yanvarın 22-də 11 milyon əhalisi olan Vuhan şəhəri karantin zonası elan edildikdən bəri "Brent" markalı neft 4 dollardan çox ucuzlaşıb. Çin hökuməti ümumilikdə 46 milyon əhalinin yaşadığı 16 şəhərin ətraf aləmlə əlaqəsini kəsib. Bu cür radikal tədbir belə fikirlərə əsas yaradıb ki, real vəziyyət əslində daha pisdir". Şahin Cəfərlinin fikrincə, virusla neftin qiyməti arasındakı əlaqə budur ki, insanların sərbəst hərəkəti, səyahəti, gediş-gəlişi məhdudlaşır: "Nəticədə aviabenzin başda olmaqla, yanacağa tələbat azalır. Çinin gündəlik neft idxalı 9 milyon barel təşkil edir. Təsadüfi deyil ki, Çinin bəzi hava limanlarının və aviaşirkətlərinin səhmləri ucuzlaşmaqdadır. Səyahət edənlərin azalması turizmə də zərbə vurur, bu isə öz növbəsində ticarətə mənfi təsir göstərir və bütövlükdə iqtisadiyyat zərər çəkir. Bir sözlə, 2019-cu ili son 30 ilin ən aşağı rəqəmi olan 6,1 faizlik artım tempi ilə başa vuran Çin iqtisadiyyatı üçün koronavirus yaxşı xəbər deyil. Şübhəsiz ki, virus qısamüddətli problemdir və qarşısı alınacaq. Amma Çin və ümumilikdə dünya iqtisadiyyatında artım tempinin yavaşlaması fundamental problemdir. Bu, o deməkdir ki, yanacağa tələbat daha az artacaq. Digər fundamental faktor ABŞ-da hasilatın "fontan vurmağa" davam etməsidir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ilin birinci yarısı Çində yayılan atipik pnevmoniya epidemiyası (SARS) nəticəsində neftin qiyməti 34 dollardan 23 dollara qədər geriləmişdi".

"Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər"

Картинки по запросу Qubad İbadoğlu

Təxminən, eyni mövqedən çıxış edən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu da bu qənaətdədir ki, hazırda Çində yayılan ölümcül koronavirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, yalnız Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək. Onun fikrincə, ilk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq: "Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər. İkincisi, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşı Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdır. Üçüncüsü, bu proseslər son illər Çində yavaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabıliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək". ADR Hərəkatının sədri onu da bildirib ki, virusun Azərbaycana girişinin qarşısının alınması üçün Çindən ölkəmizə səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir: "Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərlərini təxirə salmağa çağırıram".

"Neftin dünya bazar qiymətlərinə təsir edən bütün səbəblər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməkdədir"

Картинки по запросу Nemət Əliyev

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən iqtisadçı ekspert Nemət Əliyev isə hesab edir ki, əgər koronavirus geniş arealda yayılarsa və bunun dünya birjalarında neftin qiymətinə təsiri olarsa, o zaman Azərbaycan iqtisadiyyatı da cərəyan edən proseslərdən kənarda qalmayacaq: "Təəssüflər olsun ki, Azərbaycan iqtisadiyyatı neftdən, hətta neftin qiymətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Çünki ixrac etdiyimiz məhsulların 90 faiz üzərində bir hissəsi neft və neft məhsullarına bağlıdır. Odur ki, gəlirlərimizin formalaşmasında bu sahənin rolu əhəmiyyətli dərəcədə böyükdür. Ona görə də neftin dünya bazar qiymətlərinə təsir edən bütün səbəblər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməkdədir. Onu da qeyd etmək lazımdır ki, neftdən gələn gəlirlər hesabına formalaşmış ehtiyatlarımız Dövlət Neft Fondu tərəfindən çox yarıtmaz şəkildə idarə olunur. Həmin ehtiyatların bir hissəsi isə elə Çin bazarlarında, o cümlədən Cənubi Koreya və Yaponiyada yerləşdirilib. Ümumiyyətlə, son illər ərzində Dövlət Neft Fondunun həmin regiona investisiya miqyası bir qədər böyüyüb. Odur ki, koronavirusun birjalarda qiymətlərə təsiri olursa, bu, avtomatik olaraq bizim ehtiyatların idarə olunmasına da öz mənfi təsirini göstərəcək. Bu səbəbdən də düşünürəm ki, hər ehtimala qarşı hökumət ehtiyatlı olmalıdır".

"Bu hadisədən sonra Çinin ixrac etdiyi məhsullar bir sıra ölkələr tərəfindən məhdudlaşdırıla bilər"

Картинки по запросу Samir Əliyev

Çinin ABŞ-dan sonra dünyada ən böyük ikinci iqtisadiyyata malik ölkə olduğunu vurğulayan iqtisadçı ekspert Samir Əliyev isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Çindən Azərbaycana qidadan tutmuş geyimə, texnikaya qədər çoxlu sayda məhsul ixrac edilir: "Bu baxımdan, Çində baş vermiş hadisə dünya bazarlarına, o cümlədən Azərbaycana təsirsiz ötüşə bilməzdi. Yəni artıq dünya fond birjalarında aləm bir-birinə qarışıb, qiymətlər düşməyə başlayır. Bu, Çinin özündə də iqtisadi problemə çevrilib. Belə ki, artıq yükdaşımalarında kifayət qədər aşağı düşmə var və turistlərin hərəkətinin məhdudlaşdırılması müşahidə olunur. Eyni zamanda, bu hadisədən sonra Çinin ixrac etdiyi məhsullar bir sıra ölkələr tərəfindən məhdudlaşdırıla bilər. Təbii ki, hər şey koronavirusun qarşısının alınma tezliyindən onun yayılma arealından asılı olacaq. Lakin hələlik proqnozlar yaxşı deyil". Ekspertin sözlərinə görə, iqtisadi aktivliyin zəifləməsi, iqtisadi artımın dayanması neftin qiymətinə də öz təsirini göstərir: "Təsadüfi deyil ki, artıq neftin qiyməti psixoloji həddən, yəni 60 dollardan da aşağı düşüb. Bu isə təxminən, ötən ilin oktyabr ayından bəri ən aşağı qiymətdir. Əgər koronavirus geniş yayılarsa, o zaman neftin aşağı düşməsi bir qədər də davam edəcək. Onu da qeyd etmək lazımdır ki, neft ixrac edən ölkələrdən biri olan Braziliya OPEC-ə daxil olmaq istəmədiyini elan edib. Bu ölkə həmçinin, OPEC-in tətbiq etdiyi hasilatın azaldılması sazişinə qoşulmaq niyyətində deyil. Belə ki, Braziliya neft ixracını artırmağı planlaşdırır. Bunun özü də bazarda nefin qiymətinin düşməsinə təsir göstərir. Odur ki, neftin ucuzlaşmasının Azərbaycana da təsiri olacaq".

Samir Əliyev hesab edir ki, əgər neftin qiyməti 50 dollardan aşağı düşərsə, bu, Azərbaycan üçün çətin vəziyyət yarada bilər: "Belə ki, iqtisadiyyatımız neftdən asılı olduğuna görə, yenidən milli valyutamızın məzənnəsi təzyiq altına düşə bilər. Bu, eyni zamanda digər məhsulların ixracında, turistlərin gəlməsində problemlər yarada bilər. Əslində, hazırda baş verənlər təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün problem olduğuna görə, 2008-2009-cu ildə dünyada baş vermiş qlobal maliyyə böhranına oxşar hadisənin baş vermə ehtimalı mümkündür. Odur ki, hər şey bu virusun yayılmasının qarşısının alınma imkanlarından asılı olacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org