“Koronavirus Putinin prezidentliyini təhlükə altına qoyur” – “The Wall Street Journal”

51

“Rusiyada koronavirus pandemiyası digər ölkələrdəki yolu keçir. İnkar qorxu, hətta ümidsizliklə əvəzlənir. COVİD-19 ölkə rəhbərliyində gərginliyi dərinləşdirməklə bərabər, siyasi və iqtisadi problemləri gün işığına çıxarıb. Bu cəhətdən pandemiya Kreml üçün ən pis zamanda təşrif buyurub”.

Hurriyyet.org musavat.com-a istiandən xəbər verir ki, bu cümlə Amerika sahibkarlar institutunun Rusiya araşdırmaları üzrə bölməsinin direktoru və “Məbədə doğru gedən yol: 1987-1991 Rusiya inqilabının həqiqətləri, yaddaşı və idealları” kitabını müəllifi Leon Aronun “The Wall Street Journal” qəzetindəki məqaləsində əks olunub.

Artıq Rusiyanın lovğalıqla İtaliya, Serbiya və ABŞ-a tibbi ləvazimat dolu təyyarələr göndərdiyi vaxtlar qədimdə qalıb. Təkcə bu həftənin son gününə olan məlumata görə, Rusiyada 60 mindən çox yoluxma (hər gün 5 mindən çox-red.) 600-ə qədər ölüm hadisəsi qeydə alınıb. Rusiyanın “Həkimlər alyansı” adlı müstəqil tibb birliyi isə hökumətin hələ əsl rəqəmləri gizlətdiyini, bu səbəbdən ən pis vəziyyətin qabaqda olduğunu yazıb.

“Rusiya koronavirus böhranına özünün ən zəif vaxtlarında girdi. Ölkə çağdaş tarixinin ən uzunömürlü iqtisadi durğunluq dövrünü (2009-dan bəri) yaşayır. 2019-cu ilin 3-cü rübünə olan məlumata görə, 18 milyondan çox rusiyalı, yəni əhalinin 12%-i minimal yaşayış həddindən aşağı gəlir əldə edir. Bütün bunlar bəs etmirmiş kimi, Kreml mart ayının əvvələrində səudiyyəlilərlə fəlakətli neft müharibəsinə girişib, növbəti aylarda koronavirusun gətirəcəyi ağırlıq sayəsində 8 milyon rusiyalı iş yerini itirə bilər”,-deyə Leon Aron qeyd edir.

Müəllifin fikrincə, bəzilərinin proqnozlaşdırdığı kimi, ən yaxın vaxtda Rusiyada sistemin dağılması və ya 1917-ci ilə qədər olan siyasi titrəmələrin yaşanacağı az ehtimal olunur. Çünki mövcud sistem kifayət qədər möhkəmdir, insanlar isə küçələrə çıxmaq yerinə yalnız öz gələcək həyatlarının dərdindədir. Lakin bu Vadimir Putinin 20 illik prezidentlik dövründə həll etməli olduğu ən çətin vəzifə kimi görünür.

“Son rəy sorğuları da Rusiya əhalisinin, demək olar ki , yarısının bu ilin mart ayının əvvələrində Dövlət Dumasındakı çıxışı ilə özünün tacqoyma mərasimini keçirən Vladimir Putini (onun prezidentlik müddətinin sıfırlanması ilə bağlı çıxışı nəzərdə tutulur-red.) 2024-cü ildən sonra Kremldə görmək istəmədiyini göstərib”,-deyə Leon Aron bildirir.

Amerikalı ekspert dövlət başçsının vilayət qubernatorlarına hər şeyi tapşıraraq, lakin onlara bunun üçün nə səlahiyyət, nə də maliyyə imkanları vermədən Moskvanı tərk etdiyinə diqqət çəkib.

“Bütün bunlar ölkə əhalisində tərk edilmişlik duyğusu və inciklik oyadır. Artıq Putinə başqa böhranlarda kömək edən, televiziya, təbliğat, ictimai rəyi formalaşdıranlara rüşvət verilməsi kimi bəzi vasitələr çətin ki əvvəlki kimi effekt göstərsin. Rusiyalıların yalnız yarısı dövlət televiziyalarında söylənilənlərə inanır. Hətta Putin könülsüz də olsa böhranı dəf etmək üçün Milli Rifah fondu və qızıl ehtiyatlarını cəlb etsə belə, bu iqtisadiyyatı dərin durğunluğa yuvarlanmaqdan qorumayacaq”,-deyə yazıda vurğulanıb.

Leon Aron V.Putinin sadiq tərəfdarlarının da artıq ona qarşı yönələ biləcəyini iddia edir. “Rusiyanın aparıcı siyasi iqtisadçısı Yevgeni Qontmaxerin sözlərinə görə, onlar artıq öz sözlərini uca səslə dilə gətirməyə çalışacaqlar. Zorakılığın tətbiqi yolu ilə müşayiət olunacaq insidentlər isə ümumilli, hətta Putini qorumaq üçün qurulan 340 minlik milli qavardiyada belə böhrana səbəb yarada bilər.

“Putin hər halda özünü və rejimini xilas edə biləcək. Lakin ona qarşı qəzəb qalacaq və bu 2024-cü ildəki seçki saxtakarlığında özünü daha da göstərəcək. COVİD-19 Putinin prezidentlyini məhv edə bilməsə də, Rusiya lideri artıq indidən onun partlaması üçün bombanı qoyub”,-deyə məqalənin sonunda bildirirlir.