Koronavirus neftin 40 dollardan aşağı düşməsinə imkan verməyəcək- PROQNOZ

39

Dünya neft bazarında ötən həftədən başlayan qiymət volatilliyi davam edir. Bu gün səhərdən qiymətlər son iki ayda ən aşağı həddə qədər ucuzlaşıb. Belə ki, Bakı vaxtı ilə saat 12:36-da Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 1.55 faiz azalmaqla 41,36 dollar, Nyu-Yorkun NYMEX elektron birjasında WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 3,42 faiz dəyərsizləşməklə 38,41 dollara satılıb. 

Azərbaycan nefti də müvafiq olaraq dəyər itirməkdədir. Ölkəmizin istehsalı olan “Azeri Light” (CIF) markalı neftin 1 bareli 0,76 dollar və ya 1,77 faiz ucuzlaşaraq 42,32 dollar təşkil edib.

Dünya bazarındakı volatilliyin iki əsas səbəbi qeyd olunur. Bunlardan birincisi ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının Asiya və ABŞ-dakı alıcılar üçün oktyabr ayından ciddi qiymət endirimi elan etməsidir. Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Səudiyyə Asiyada neftini 1,4 dollar, ABŞ-da isə 0,5 dollar endirim elan edib.

Bu isə bazar iştirakçılarında dünyada neftə olan tələbatın yaxın aylarda azalacağı ilə bağlı rəy formalaşdırıb.

Ekspert bildirir ki, neftin ucuzlaşmasının digər səbəbi koronavirus pandemiyasının bir sıra bölgələrdə yenidən sərt karantin tədbirlərinə gətirməsidir: “Pandemiyanın ikinci dalğası ilə bağlı Fransa, İspaniya, Almaniyada karantin tədbirləri yenidən sərtləşdirilir. Bu isə bazarda volatilliyə səbəb olur”.

Qeyd edək ki, dünya bazarına mənfi təzir edən digər amil ABŞ-da benzinə tələbatın artmasını şərtləndirən yay mövsümünün sona çatmasıdır. Digər tərəfdən, Səudiyyə Ərəbistanının etdiyi endirimlər alıcı sayında, alınacaq həcmlərdə ciddi dəyişikliyə gətirməyib.

“Bloomberg” agentliyinin Asiyada sorğu verdiyi 10 nəhəng neft emal şirkətindən yalnız 4-ü bildirib ki, qiymət endirimindən istifadə edərək daha çox həcmdə neft alacaq. Bu isə Asiyada neftə olan tələbatın artmayacağı deməkdir.

Koronavirusun Hindistanda yayılma sürəti azalmasa, tələbatın azalması da ehtimal olunur. Belə ki, Hindistan Asiyanın ikinci ən böyük neft istehlakçısıdır. Bu ölkədə koronavirus böyük sürətlə yayılmaqdadır və hökumət ayrı-ayrı ştatlarda sərt karantin tədbirləri tətbiq etməyə başlayıb. Tədbirlər bütün ölkə ərazisində tətbiq olunsa, hərəkət məhdudiyyəti neft məhsullarına olan tələbatı kəskin azaldacaq.

Neft bazarını həyəcanlandıran başqa bir amil isə şübhəsiz, OPEK+ ölkələrinin hasilatı tədricən artırmağa başlamalarıdır.

Lakin analitik mərkəzlərdə hesab edirlər ki, hazırkı volatilliyə baxmayaraq, neftin yenidən uzun müddətə 40 dollardan aşağı düşməsi gözlənilmir. Bunun əsas səbəbi isə koronavirusa qarşı peyvəndlərin hazırlanması istiqamətində əldə olunan nəticələrdir. Belə ki, artıq Rusiya və Çində peyvəndlərin tətbiqinə başlanılıb.

Avstraliya peyvəndi yanvarda əldə edəcəyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, ölkəsinin koronavirusa qarşı peyvəndi oktyabra hazır ola bilər. Bu barədə o, iki gün əvvəl Ağ Evdə açıqlama verib.