“Koronavirus dərmanı” favipiravir – Qiyməti baha, effektivliyi təsdiq olunmayıb / VİDEO

432

“Favipiravir” adlı dərmanı 750 manata satırlar”. Bunu iqtisadçı alim Qubad İbadoğlu koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının çatışmazlığından danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizədə istifadə olunan dərmanların bəzilərini qara bazarda tapmaq olur:

“Dərman çatışmazlığından, qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatları nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. “Favipiravir” adlı dərmanı 750 manata satırlar”.

Favipiravir və favipiravir tərkibli dərmanlar hələ koronavirusun birinci “dalğa”sı zamanı istifadə olunurdu. Bir çox ölkənin alimləri bu preparatların koronavirusa qarşı effektli olmadığını bəyan ediblər. Belə ki, “Kiodo” agentliyinin məlumatına görə, “Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.

Ümumiyyətlə insanlar bilməlidir ki, hazırda koronavirusu məhv edən effektivliyi tam sübut olunmuş antiviral (virus əleyhinə) preparat yoxdur. Əgər belə preparat olsaydı bunu Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib bu dərmanı koronavirusun müalicəsi zamanı istifadə etməyi tövsiyə edərdi. Lakin ÜST əksinə daim qeyd edir ki, hazırda koronavirusa qarşı heç bir effektli dərman mövcud deyil. Koronavirusun müalicəsində istifadə olunan preparatlar isə əslində koronavirusla deyil, onun ağırlaşmaları ilə (tromblaşma və s.) mübarizə aparır.

Beləliklə, hal hazırda nə favipiravir, nə də hər hansı digər preparatın koronavirusa qarşı effektivliyi sübut olunmayıb.

Yadınızdadırsa, koronavirusun 1-ci dalğası zamanı “arbidol” ətrafında da belə ajiotaj yaranmışdı – apteklərdə tapılmırdı, “qara bazarda” 1 qutusu 100-150 manata satılırdı (öz qiyməti 6-7 manatdır). Noldu arbidol? “Aşkar olunub” ki, koronavirusa qarşı, sən demə, effektli deyil.

Şübhəsiz ki, favipiraviri də eyni tale gözləyir. Bir müddətdən sonra “aşkar olunacaq” ki, o, koronavirusu müalicə etmir. Lakin o vaxta qədər kim isə çox yaxşı qazanacaq…

Aldanmayın və effektivliyi sübut olunmamış dərmanları alıb həm orqanizminizə, həm də cibinizə ziyan vurmayın.

Aşağıdakı video-larda alimlərin favipiravir haqqında fikirləri ilə tanış ola bilərsiniz.

Marina İsayeva

Saglamolun.Az