“Koronavirus çempionatda ən çox bizə təsir edib”

156

“Sevincli, tarixi günlər yaşayırıq.Torpaqlarımızın qayıtması hamımızı sevindirir. Xüsusilə “Qarabağ” klubunu təbrik edirəm. Ev oyununu “İmarət”də keçirmək üçün gözəl fürsət yaranıb”.

Bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XI turunda evdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər iki komandada ciddi itkilər var: “Koronavirus çempionatda ən çox bizə təsir edib. Bu gün əsas heyətin 4 futbolçusu meydana çıxa bilmədi. İtkilərə baxmayaraq, bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. İlk hissədə yaxşı qol imkanımız olsa da, istifadə edə bilmədik. İkinci yarıda fərqlənsək də, təzyiqə davam gətirə bilmədik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəzərə alaq, son vaxtların ən yaxşı komandası ilə oynadıq. İnanıram ki, yuxarı sıralara yüksələcəyik”.

Baş məşqçi “Qarabağ”ın hücum potensialı çox yaxşı olduğunu söyləyib: “Bəzən rəqib səni müdafiə olunmağa məcbur edir. Necə müdafiə olunacağımızı yaxşı bilirdik. Yəqin razılaşarsınız ki, bu gün ancaq müdafiədə oturmadıq. “Qarabağ”ın üstün cəhətlərini analiz edib futbolçularıma başa salmışdım”.

Hacıyev Amil Yunanovun çıxışından razı qaldığını vurğulayıb: “O, azsaylı yerli hücumçulardandır. Bu gün oyunundan razı qaldım. Amma daha yaxşı oynaya bilər. Öz üzərində çox çalışır. İnanıram ki, formasını qısa zamanda bərpa edəcək”.