Koronavirus əleyhinə ilk vaksinlər İspaniyaya yanvarın əvvəlində çatacaq

264

“Pfizer” və “BioNTech” şirkətlərinin COVID-19 əleyhinə ilk vaksinləri İspaniyaya yanvarın 4-də və ya 5-ində çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Salvador İlya məlumat verib. Vaksinlər İspaniyaya Avropa Dərman Agentliyi (EMA) onların tətbiqini təsdiqlədikdən sonra çatdırılacaq.

İspaniyalı nazirin sözlərinə görə, vaksinlər hamı üçün nəzərdə tutulub və onların sayı buna kifayət edəcək. Müvafiq qurumlar vaksinləmə kampaniyasına yanvarın 10-dək başlamağı planlaşdırsa da, konkret təqvim EMA-nın yekun nəticələri təsdiqləməsindən asılıdır.

İspaniya 140 milyon dozalıq vaksin ala biləcəyinə ümid edir ki, bu da Avropa İttifaqının ümumi vaksin tədarükünün 10 faizini təşkil edir. Bu Pireney Krallığında yaşayan əhalidən iki dəfə çox olan 80 milyon insanı vaksinləməyə kifayət edəcək.

Vaksinləmə planı üç mərhələdən ibarətdir. Birinci mərhələdə vaksinlə ilk növbədə ən çox ehtiyacı olanlar təmin ediləcək. Birinci üç ayda peyvəndlər yalnız tibbi personala, qocalar evində yaşayan yaşlı insanlara və onlara xidmət edən sosial işçilərə, eləcə də kənar yardıma ehtiyacı olan, lakin öz evində yaşayan qocalara çatdırılacaq. Səhiyyə Nazirliyinin hesablamalarına görə, bu dörd qrupa 2,5 milyon nəfər daxildir.