KORANAVİRUSLA MÜBARİZƏDƏ YANLIŞI KİM ETDİ? – Yoluxmanı başlanğıc nöqtəyə qaytaran səbəblər

72

Hökumət ölkədəki epidemioloji vəziyyəti təhlil edib, iyunun 21-dən iyulun 5-dək ölkədə ciddi karantin rejiminə keçilməsi ilə bağlı qərar verdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verildi ki, bu tarixlər arasında Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Masallı, Yevlax şəhərlərində ciddi karantin rejimi tətbiq olunacaq və SMS icazə sistemi yenidən bərpa olunacaq. Bundan başqa, ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmətlər, bərbərxanalar, gözəllik salonları fəaliyyətini dayandırılır. 65 yaşdan yuxarı şəxslərin evdən çıxması tövsiyə olunmur. Bir sözlə, mart ayının əvvəlindən bəri hökumətin koronovirusla mübarizə istiqamətində atdığı addımlardan sonra yenidən başlanğıc nöqtəsinə qayıtdıq. Bəs görəsən, istər hökumət, istərsə də, cəmiyyət və fərd olaraq hansı səhvlərə yol verdik ki, ölkədə pandemiya sönməyə doğru gedərkən, gündəlik yoluxma 30 nəfər civarında olarkən, 300-ə qalxdı, ölkədəki xəstə sayı 10 dəfə artdı.

Cəlal İsayev

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan baş epidemioloq Cəlal İsayev vurğuladı ki, dövlət qurumları, səhiyyə sistemi heç bir səhvə yol vermədi, sadə insanlar yol verdi: “Yoluxma sayı azalan günlərdə biz istədik ki, insanlar bir qədər sərbəst həyatlarına qayıtsınlar. Koronavirus hava-damcı yolu ilə keçən infeksiyadır. Burada əsas tədbir maskadan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, gigiyenik qaydalara riayət və sosial təcriddir. Xüsusən də ictimai yerlərdə, əhalinin sıx olduğu məkanlarda buna çox diqqət yetirmək lazım idi. Bizim insanlar isə çox laqeyd yanaşdılar, hər birimizin gözünün önündə baş verdi. Bu dəqiqə ölkədə vəziyyətin gərgin olduğu halda belə, yenə də maska taxan yoxdur, supermarketdə insanların biri maska taxıbsa 5-i taxmayıb. Yenə də avtobusda, metroda sıxlıq var, insanlar maskasız ictimai nəqliyyata minirlər. Yaranmış vəziyyət insanların səhlənkarlığının nəticəsidir. Bu infeksiya azala da bilər, arta da bilər. Bizim ölkəmizdə vəziyyət fəlakətli həddə deyil, ölkə əhalinin 0,1 faizində yoluxma qeydə alınıb. Yoluxanların isə 1,2 faizində ağır nəticə var. Bu, yenə də yüksək göstərici deyil. Bizim qorxduğumuz isə odur ki, proses inkişaf edər, xəstə sayı arta bilər, bizim mövcud çarpayı fondumuz onları əhatə edə bilməz. Süni tənəffüs aparatlarımızın sayı yetərli olmaz. Bu insanları məcburi surətdə, fiziki imkanlarımızın yetərsiz olmasından itirə bilərik. Bu baxımdan yenidən məcburi qaydada sərt karantin rejiminə qayıtmağa qərar verildi. Mən də bunun tərəfdarı deyildim, ancaq çarpayı fondumuz doldu, məcburi yeni xəstəxanaları koronavirus xəstələrinə ayırmalı olduq. Ona görə də bu qərar verildi. Artıq dünyanın hər yerində təkrar sərtləşdirmə tədbirlərinə qayıtmağa başlayıblar”.

Rəşid Mahmudov

Tibb Universitetinin dosenti (ATU) Rəşid Mahmudov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, koronavirus bir neçə mərhələdə hücuma keçir: “Ölkəmizdə də bu vəziyyət hələ çox davam edə bilər. Çünki insanlarımızın çox inanmır, hətta ziyalılar inanmır ki, koronavirus var. İnsanlar bunun çox qorxulu bir xəstəlik olduğunu bilmir. Düşünürlər ki, bu da bir növ qripdir, sovrulub keçəcək. Ona görə də ölkədə koronavirus tüğyan edir. Gigiyenik qaydalara riayət etmək lazımdır, puldan da virus keçə bilər. Əlini pula vurdunsa yu, evdən çıxıb gəldinsə, yu. Maskadan istifadə çox vacibdir. Sanki qəsdən heç nəyə əməl etmirlər, özləri yoluxub hamıya yayırlar. Bu qaydalara riayət edənlər də yoluxacaq, çünki ailədən bir nəfər laqeydlik edibsə, hamını təhlükəyə atır”.

Karantin qaydalarının virus təhlükəsi tam aradan qalxmadan yumşaldılmasına münasibət bildirən Rəşid Mahmudov bildirdi ki, əslində vəziyyət yaxşı idi, lakin insanlar əməl etmədilər: “Mən bunu dəqiq deyirəm, insanların laqeydliyindən oldu. Bunu hər kəs bilməlidir ki, çox qəddar xəstəlikdir, dünyada bu günədək olmamış bir xəstəlikdir, sonunun necə olacağı bilinmir. Hələ ki, virusun nə dərmanı , nə də vaksini var. Yalnız simptomatik müalicə gedir, bununla da iş bitmir. İnsanlar əməl etməlidir, bu, bizə özəl deyil, bütün dünyaya gələn bəladır. Allah insana bu dünyada yaşamaq üçün lazım olan hər şeyi verdi, ancaq onlar top-tüfəng icad edib savaşa çıxdılar”.