Könüllülük təsisatları və ictimai maraqların uzlaşdırılması – LAYİHƏ

87

Avropada, o cümlədən, Azərbaycanda geniş istifadə olunan “Linkedin” sosial şəbəkəsi tərəfindən həyata keçirilmiş sorğu əsasında məlum olub ki, müəssisə rəhbərlərinin 40 faizi könüllülük təcrübəsini iş təcrübəsinə bərabər olan fəaliyyət növü kimi qəbul edirlər. Milli və İctimai Xidmət Korporasiyası (Corporation for National and Community Service) tərəfindən həyata keçirilən sorğuya əsasən isə könüllülük təcrübəsi olan gənclərin işə qəbul olmaq şansı könüllülük təcrübəsi olmayanlara nisbətdə 27 faiz daha yüksəkdir. “Deloitte Volunteer Impact Survey”in sor ğusuna əsasən, könüllü olaraq təmənnasız çalışan gənclər işəgötürənlərin 81 faizi tərəfindən müsbət namizəd kimi dəyərləndirilir. Xarici təcrübəyə istinadla qeyd edə bilərik ki, mötəbər universitetlər, işə götürən qurumların böyük hissəsi gənclərin könüllü fəaliyyəti ilə məşğul olmasına önəm verirlər. Azərbaycandakı özəl şirkətlər arasında da könüllülərlə işləmək təcrübəsi yayılmaqdadır. Onlardan “Azercell Telecom”, “Bakcell”, “Veyseloğlu”, “Gilan Holding” və digər şirkətlər könüllülərlə bağlı çoxsaylı layihələrə imza atıb. Seçilən gənclərin işlə təmin olunması ilə nəticələn bu layihələrdə minlərlə tələbə iştirak edib və böyük təcrübə qazanıb. Könüllülər hərəkatının genişləndiyi sektorlardan biri də ictimai sektordur. İctimai birliklərin ilk illərində bu cür təsisatlar meydana çıxırdı, daha sonra isə qanunların qəbulu zamanı aparılan təkmilləşdirmələr zamanı QHT sektoru yalnız ictimai təsisat formasında qəbul edilməyə başladı. Daha sonralar QHT‐lər qrant aldılar, layihələr yazdılar, bir sözlə, könüllüllər əməkhaqqı, qonorar alan işçilərə çevrildilər. Amma təbii ki, bu məsələlər QHT sektorunda könüllülük institutunun formalaşmasına mane olmadı. Əksinə, insanlar özlərini ifadə etmək, şəxsi inkişaf məqsədi ilə QHT sektorunda könüllü kimi çalışmağa başladılar. QHT sektorunda könüllülüyün üstün cəhətlərindən biridə bu oldu ki, bu sektorda işləyən bir çox insan təqaüd proqramları vasitəsilə xaricdə təhsillərini davam etdirdilər. Təqaüdlə təhsil almış QHT nümayəndələri daha sonralar, hətta QHT statusunda Amerika Azərbaycan Məzunlar Assosiasiyası, Britaniya Məzunlar Assosiasiyası kimi təşkilatlar yaratdılar. Bu sırada Gənclər və İdman Nazirliyinin yarandığı gündən könüllü əsaslarla işləyən gənclər təşkilatlarına böyük dəstək verdiyini də qeyd etmək lazımdır. Daha sonra Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri‐Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Şura könüllülərlə bağlı bir çox layihələri dəstəklədi. Könüllülər hərəkatının yaranması məqsədilə layihələr təqdim etdi. Şura gənclərin, könüllülərin müxtəlif beynəlxalq konfranslarda və təlimlərdə iştirak xərclərini öz üzərinə götürməklə, bir çox şəxsi könüllü təşəbbüslərinə də fərdi qaydada dəstək verib. Gənclər təşkilatları ilə bağlı könüllülük fəaliyyətinin təbliğində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun işi də diqqətəlayiqdir. Gənclər Fondu 4 il ərzində 7 qrant müsabiqəsi keçirib, 233 layihəyə dəstək verib. Dəstəklənən layihələrdən üçdə ikisi fərdi, üçdə biri isə gənclər təşkilatlarının layihələri olub. Fərdi layihələr əsasən gənclərin inkişafına, maarifləndirilməsinə və könüllülük fəaliyyətinin inkişafına yönəldilib. Layihələrin dəstəklənməsi ilə yanaşı, icrasına da bir çox könüllülər cəlb edilib. Könüllülük hərəkatının genişləndirilməsi, ölkədə institut səviyyəsinə yüksəldilməsi üçün dövlət tərəfindən, eyni zamanda, müvafiq dövlət orqanları tərəfindən davamlı iş aparılır.

Tələbə hərəkatının cəmiyyətə inteqrasiyası və sabahın peşəkarları

Belə ki, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq kadr hazırlığının təmin edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən “SABAH qrupları” yaradılıb. Tələbələr bu qruplarda birləşərək öz könüllülük platformalarını yaradıblar. “SABAH‐ın könüllüsü” proqramı “SABAH qrupları” tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də, tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. 2016‐cı ildə “SABAH qrupları”nda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti olmaqla 7 ali təhsil müəssisəsinin 34 ixtisası üzrə 755 tələbəni əhatə edib. Əlbəttə ki, könüllülüyün inkişafı gənclərin həvəs və istedadı ilə yanaşı onların təşkilatlanması və idarə edilməsindən də çox asılıdır. Sistemli idarəetmə fəaliyyətin effektivliyini yüksəldir, az vaxtda daha çox iş görməyə təşviq edir. Gənclərin daha çox öyrənməsi və könüllülükdə keçən vaxtdan düzgün istifadə etməsi üçün dünya praktikasında istər dölət, istər özəl, istərsə də ictimai təşkilatların təklif etdiyi proqramlar vardır. Azərbaycan könüllülər hərəkatı bu təcrübədən yararlanmaqdadır. Bu sırada fərdi qaydada könüllü kimi çalışanları da unutmamaq lazımdır.

“ASAN könüllüləri” hərəkati

Ölkə başçısının 9 iyun 2009‐cu il tarixində imzaladığı “Könüllü fəaliyyət haqqında” qanun Azərbaycanda könüllülər hərəkatının daha da genişlənməsinə münbit zəmin yaradıb. Bu qanun qəbul edildikdən sonra Azərbaycan könüllüləri ölkəmizdə keçirilən kütləvi idman, siyasi, mədəni tədbirlərin idarə edilməsi proseslərinə könüllü qismində cəlb edildilər. Məhz bu qanun sayəsində dövlət orqanı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ‐  “ASAN xidmət” könüllüləri fəaliyyətinə cəlb edən ilk dövlət orqanlarından biri kimi tarixə düşdü. 1 saylı “ASAN kommunal” mərkəzinin açılışında prezident İlham Əliyev könüllülərin “ASAN xidmət”dəki rolunu yüksək qiymətləndirirdi: “Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar.

Hazırda bütün bu mərkəzlərdə 700‐dən çox könüllü fəaliyyət göstərir. İki il bundan əvvəl mən könüllülərin birinci toplantısında onlarla görüşmüşdüm”.

Prezident  İlham Əliyev 16 dekabr 2014‐cü il tarixində keçirimiş forumdakı çıxışında da könüllülük hərəkatına necə dəyər verdiyini aydın şəkildə ifadə edir: “Şadam ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi vardır. “ASAN xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN

xidmət”də işləmiş, təcrübə toplamış və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimaisiyasi vəziyyət, gözəl ab‐hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır”.

Qeyd edək ki, “ASAN xidmət” işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə 2016‐cı il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb. Bu gün Azərbaycanda artıq bir könüllü brendi var.
– “ASAN Könüllüləri” Təşkilatı. Ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatının öncüllərindən olan bu qurum öz sıralarında minlərlə gəncə yer verib. Hazırda təşkilatın 12 500 könüllüsü var. Onların iştirakı ilə 700 təlim və 300 layihə həyata keçirilib. “Facebook” sosial şəbəkəsində 47600 izləyici ilə könüllü təşkilatları arasında rekordsmendir.

“ASAN Könüllüsü” olmaq istəyinin motivlərini gənclər özləri belə qeyd edirlər:

– cəmiyyətə faydalı olmaq;

– həyatında yenilik etmək;

– özünü cəmiyyətə yararlı bir şəxsiyyət kimi hiss etmək;

– özünü inkişaf etdirmək;

– lider olub prosesi idarə etmək;

– təcrübə toplamaq;

– yeni dostlar qazanmaqla müxtəlif insanlarla

tanış olmaq;

– özünü ifadə edə bilmək;

– vaxtını səmərəli keçirmək;

– öyrənmək.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.