Könüllülər ordudan niyə tərxis olunmur?

771

Prezidentin sərəncamının icra olunmaması ilə bağlı iddialar var…

Müdafiə Nazirliyi: “Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”

Noyabrın 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan, o cümlədən dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradından sonra hər kəsi döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı maraqlandırır. Çünki dekabrın 1-də ölkə başçısı İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

Sözügedən sərəncamda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış, üç və ya daha çox uşağı olan, himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan, himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan, ailənin tək övladı olan, ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş, döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan, yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər.

Sırağagün Hurriyyet.org saytında dərc olunan könüllülərin ordudan tərxis olunmasıyla bağlı prezidentin sərəncamının icra olunmamasıyla bağlı yazıya Müdafiə Nazirliyi tərəfindən münasibət bildirilib. Belə ki, Müdafiə Nazirliyi məsələylə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir:

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq, evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir.

Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib.Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir.

Hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək bildiririk ki, onları narahat edən məsələlərlə bağlı #müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər”.

YƏHYA

Predaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.