“Konstitusiya xalqa parlamenti seçmə hüququ tanıyır, amma siyasi iqtidar bu hüquqa hörmət qoymur” – FƏRHAD MEHDİYEV

3

"Ölkəmizdə siyasi iqtidarın konkret bir qrupun əlində toplanması yazılı hüquq qaydalarının inkar edilməsinə səbəb olur"

"Sabitlik siyasətdə deyil, hüquqda olmalıdır. Hüquqda sabitlik (müəyyənlik) deyə bir prinsip var, amma siyasətdə belə bir prinsip yoxdur. Başqa bir sözlə, hüquq qaydaları uzun müddətli olur, ancaq cəmiyyətdəki təkamül nəticəsində onlar da dəyişə bilər, təcridən. Halbuki siyasi iqtidarlar isə məhdud olur (olmalıdır), eyni zamanlarda onlar dəyişməlidir, çünki siyasi rəqabətin var olduğunun sübutu elə iqtidarların dəyişməsidir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.

Onun sözlərinə görə, ölkəmizdə siyasi iqtidarın konkret bir qrupun əlində toplanması və siyasi rəqabət qaydalarına hörmət etmədən onu əlində saxlaması, yazılı hüquq qaydalarının inkar edilməsinə səbəb olur: "Məsələn, konstitusiya xalqa parlamenti seçmə hüququ tanıyır, amma siyasi iqtidar bu hüquqa hörmət qoymur. Eyni şeyi mülkiyyət hüququ, birləşmək hüququ barəsində demək olar. Qanunlarımız kağızda yazılmış ola bilər, amma siyasi maraq araya girəndə qanunlar nihilist bir şəkildə inkar edilir, hətta ali və konstitusiya məhkəməsi tərəfindən. Elə bir zamana girmişik ki, qanun və xalq qarşısında hesabatlılıq olmadığı üçün iqtidar sahibləri hətta çəkinmədən və qorxmadan, açıq formada qanunu poza bilirlər və əmindirlər ki onların bu qanunsuzluğuna dur deyəcək məhkəmələr yoxdur. Zatən, bu olmasın deyə məhkəmələri bu tərzdə formalaşdırıblar. Konstitusiya daxil olmaqla, qanunlar tez-tez dəyişir. Hüquq prinsipləri oturuşa bilmir, hüquqa hörmət də qalmır, çünki məhkəmələr hüququ pozduqları kimi, korrupsion yollarla hər kəs üçün hüququ dolanmaq rahat olur".

Fərhad Mehdiyev hesab edir ki, bu gün ölkəmizdə həm cinayət işlərinə, həm də inzibati işlərə baxan məhkəmələrdə müstəqil və bütün işlərdə qərəzsiz, vicdanla qərar verə biləcək bir tək hakim belə yoxdur: "Ədalət mühakiməsi hüquqla deyil, telefonla idarə olunur. Hüquqa qarşı bir apatiya, nihilizm yaranır. Bu da cəmiyyətdə xilas kimi qeyri-hüquqi yolların arayışına səbəb olur. Bunlara aiddir ilahi ədalət, qarğış, söyüş, intihar, özünü yandırma kimi anomaliyalar. Bir gün bunlara başqa təhlükələr də əlavə oluna bilər; məsələn kamikadzə terroru kimi, Pakistan və İraqda gördüyümüz kimi. Çıxış yolu nədir? Doğrusu, buna hazır cavabım yoxdur. Hüquq və qanundan uzaqlaşmış böyük bir məmur, hakim, polis kütləsi var. Seçkilərdə məktəb müəllimlərinin törətdikləri qanun pozuntusunun dərəcəsi bir çoxumuzu da şoka saldı. Bu göstərir ki, yuxarıdan gəlsə belə, ciddi və köklü reformlara getmək resurs baxımından mümkün deyil. Çünki insan "kapitalsızlığı" da ortadadır. Hakimiyyətin məmur və dövlət qulluqçularını bu dərəcədə yozlaşdırdığı üçün təbii ki təqsiri var, amma ASAN xidmətin gətirdiyi müsbət bir dəyişiklikdən başqa, əksər digər sahələrdə ölkədə ciddi bir staqnasiya gözlənilir. Məsələn, seçkilərdə dərindən qabıqdan çıxmış və YAP-ın namizədini seçdirmiş məktəb direktoru, hansısa qanunsuluq törətsə, məktəbi talan etsə, hansı nazir ya da icra baççısı ondan hesab istəyə bilər? Heç kəs, dövlətin təməlləri də bax belə laxlamağa başlayacaqdır. Neft qiymətlərinin 40 dollardan aşağı düşmədiyi bir mühitdə, bu staqnasiya davam edəcək. Düşərsə, pul ilə sədaqətini satın aldığı xeyli kimsələrin loyallığını saxlamaq çətinləşəcəyi kimi, onların büdcə talamasına da göz yummaq mümkün olmayacağına görə rəqabətçil bir bazarın və onun digər tələblərinin – tərəfsiz məhkəmələrin, mülkiyyət hüququnun üstünlüyünün, sərbəst ticarətin zəruriliyi başa düşüləcək və həyata keçiriləcəkdir. İndi isə bizə dişimizi sıxaraq, lakin hüququn üstünlüyünə inancımızı itirmədən yolumuza davam etmək düşür. Bunu unutmayaq, bu ümidi yaşadaq və bu ümidi bir-birimizdə cücərməsinə dəstək olmalıyıq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org