“Konstitusiya Məhkəməsi 9 fevral seçkilərinin nəticələrini təsdiq etməməlidir” – NATİQ CƏFƏRLİ

6

Natiq Cəfərli: "Hər kəsin istəyi odur ki, Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin tamamının ləğvi ilə bağlı qərar verərək, yeni seçkilərin təyin olunmasına yol açsın"

"Hazırda hakimiyyət daxilində monolit bir fikir yoxdur, parlament seçkilərinə münasibətdə də bunu açıq-aşkar görmək mümkündür"

"Görünən odur ki, hələlik Rusiyayönümlü qüvvələrin inzibati, maliyyə və insan resursu kifayət qədər güclüdür"

Bugünlərdə Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi, seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunmasını müzakirəyə çıxarıb. Qeyd edək ki, müzakirələrdən protokol tərtib edilib və MSK üzvləri tərəfindən imzalanıb. Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib. Beləliklə, növbədənkənar parlament seçkilərinə dair müvafiq fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub. Konstitusiya Məhkəməsinin Plenumu isə öz növbəsində, martın 5-i saat 10:00-a təyin edilən iclasında müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

"Bu, ölkə üçün çox ciddi pozitiv imicin formalaşmasına səbəb ola, siyasi müstəvinin sağlamlaşmasına zəmin yarada bilər"

Nəzərinizə çatdıraq ki, siyasi şərhçilərin, o cümlədən partiya rəhbərlərinin bir çoxu bu qənaətdədir ki, Konstitusiya Məhkəməsi 9 fevral seçkilərinin nəticələrini təsdiq etməməlidir. Onların fikrincə, bu, həm müxalifətlə, həm də cəmiyyətin narazı hissəsi ilə dialoq və barış körpüsünün qurulmasına yol aça biləcək addım ola bilər. Məsələyə məhz bu prizmadan yanaşan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən millət vəkilliyinə keçmiş namizəd Natiq Cəfərli mövzu ilə bağlı "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Konstitusiya Məhkəməsinin 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiq etməməsi hər kəsin istəyidir: "Yəni hər kəsin istəyi odur ki, Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin tamamının ləğvi ilə bağlı qərar verərək, yeni seçkilərin təyin olunmasına yol açsın. Bu da Azərbaycanda sağlam təməllər üzərində siyasi müstəvinin yaranmasına, ölkədə yeni bir səhifənin açılmasına şərait yarada bilər. Bundan sonra hakimiyyət isə 9 fevral seçkilərində buraxdığı səhvlərdən nəticə çıxardaraq yeni və daha demokratik seçkilərin keçirilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirər. Qeyd edim ki, bu, ölkə üçün çox ciddi pozitiv imicin formalaşmasına səbəb ola, ölkədəki siyasi müstəvinin sağlamlaşmasına zəmin yarada bilər. Lakin açığı, belə bir ehtimalın çox aşağı olduğunu düşünürəm".

"Konstitusiya Məhkəməsi bəzi dairələr üzrə seçkinin nəticələrini ləğv edə bilər, çox güman ki, bununla da seçkini yekunlaşdıracaqlar"

Respublikaçı Alternativ Partiyasının icra katibi onu da qeyd etdi ki, bir neçə dairə ilə bağlı qərarın verilməsi ehtimalı da var: "Yəni Konstitusiya Məhkəməsi bəzi dairələr üzrə seçkinin nəticələrini ləğv edə bilər. Çox güman ki, bununla da seçkini yekunlaşdıracaqlar. Lakin təəssüf ki, bu seçkilər Azərbaycan cəmiyyətində yeni formalaşan parlamentə inamın artmasına səbəb olmayacaq. Belə ki, dövlətin var olmasında, onun ayaqda qalmasında vacib rol oynaya biləcək parlament kimi önəmli bir institutun xalqın nəzdində gözləntilərin yenidən aşağı düşməsinə səbəb olacaq. Bu isə ümumən dövlət üçün heç də yaxşı bir şey deyil. Çünki parlamentin ciddi nüfuzu və cəmiyyətə verəcəyi mesajların xüsusi çəkisi olmalıdır. Çox təəssüf ki, bu şəkildə formalaşan parlamentin cəmiyyət arasında ciddi bir nüfuza malik olmayacağını indidən demək mümkündür".

Hazırda hakimiyyət daxilində monolit bir fikrin olmadığını vurğulayan Natiq Cəfərli hesab edir ki, növbədənkənar parlament seçkilərinə münasibətdə də bunu açıq-aşkar görmək mümkündür: "Ona görə də iqtidardaxili çəkişmənin olduğu ehtimalı yüksəkdir, belə bir ehtimal var. Amma iqtidardakı yeni komandanın, yeni təmsilçilik qazanan insanların növbədənkənar parlament seçkilərinin tamamının ləğv edilməsinə gücünün çatıb-çatmaması, siyasi iradəsinin buna yetib-yetməməsini demək çətindir. Görünən odur ki, hələlik Rusiyayönümlü qüvvələrin inzibati, maliyyə və insan resursu kifayət qədər güclüdür. Belə ki, onların bir çoxu rəsmi vəzifələrindən uzaqlaşdırılsa da, hələ də  əllərində olan rıçaqlar vasitəsiylə proseslərə təsir etmək imkanları var".

"Bu gün iqtisadiyyatda atılmağa cəhd edilən istənilən pozitiv addım zay idarəetmə sistemi ilə toqquşub çilik-çilik olur"

Bundan başqa, özünün "facebook" səhifəsində post-seçki dövrü ilə bağlı fikirlərini bölüşən 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən millət vəkilliyinə keçmiş namizədin sözlərinə görə, orta, ortadan da bir pillə üst məmurlar arasında REAL-a simpatiya ilə baxan insanlar çoxdur: "Bizim əsas hədəf qrupumuz orta sinif olduğundan, mövcud sistemdə də orta sinif əsasən məmurlardan formalaşdığından bizim ideoloji və siyasi xətt onlara yaxındır. Seçkidən əvvəl o çevrələrdən gələn optimist ssenari belə idi: Seçkilər normal keçirilir, 10-15 arası müxalif, əsl müstəqil, peşəkar insanların parlamentə seçilməsinə mane olmurlar – nəticədə ölkənin önü açılır, məmləkəyin sivil yolla dəyişməsi üçün parlament əsl müzakirə, iqtidar-müxalifət dialoqunun mərkəzinə çevrilir, boykotçular həm mənəvi və siyasi məğlubiyyətlə üzləşərək marqinallaşır, siyasi səhnədə ciddi zəifləyirlər. Parlament nüfuz mərkəzinə çevrilir, ilk olaraq QHT, Siyasi Partiyalar haqqında yeni qanunlar qəbul edilir, daha sonra Konstitusiyaya mütərəqqi dəyişikliklər təklif olunur, proporsional seçki sistemi yenidən tədbiq edilir, referendum keçirilərək indiki idarəetmə sistemi dəyişdirilir. Çünki bu gün iqtisadiyyatda atılmağa cəhd edilən istənilən pozitiv addım zay idarəetmə sistemi ilə toqquşub çilik-çilik olur. Bu sistem islahatları mümkünsüz edir. Həm də yeni parlament Qarabağ danışıqlarında ölkəyə edilən təzyiqləri neytirallaşdırmalı, dövlətin imicini yaxşılaşdırmalı idi. Bu optimist ssenarini səsləndirənlər dediklərinə inanırdılar, çünki məntiq və siyasi gedişat da bunu diktə edirdi".

"Əgər gözləntilər doğrulmadısa, deməli seçkini İlham Əliyev uduzdu, onun yeni komandası siyasi təcrübəsizliyi və dişsizliyi ilə kök atmış köhnə komandaya məğlub oldu"

REAL-ın icra katibi "Əgər doğrudandan da belə bir ssenari var idisə, nədən baş tutmadı?" sualına cavab olaraq bildirib ki, əgər gözləntilər doğrulmadısa, deməli seçkini İlham Əliyev uduzdu: "Onun yeni komandası siyasi təcrübəsizliyi və dişsizliyi ilə kök atmış köhnə komandaya məğlub oldu. Çünki üst qatı təmizləmək azdı, orta və aşağı qat hələ də yeni komandanın nəzarətində deyil. Prezidentin 17 ildə çox səhvi olub, amma ən böyük səhvlərindən biri o oldu ki, 2003-2015-ci illərdə böyük neft pullatı dövründə ərtafından asılı olduğu üçün onların şişməsinə, böyük nüfuz, kapital yığmasına, hərəsi öz dövlət vəzifəsini şəxsi biznesinə çevirməsinə imkan verdi. Hər bir bu gün vurulmuş kimi görünən iri məmurun böyük kapitalı, dövlət vəzifələrində birbaşa ona tabe olan, onun sözünü dinləyən öz yaxın adamları var. İndi onları vəzifədən uzaqlaşdırmaq azdı, onların kök atmış, dövlət orqanlarına, müxalifətə, sivil topluma, mediaya yerləşdirdikləri adamları da qazıb üzə çıxartmaq lazımdır. Bu isə riskdir. Köhnələrin pulu, hər yerdə öz adamları olduğundan yeni komandaya ən böyük təhlükə də məhz onlardan gəlir.
Beləliklə, əgər doğrudan da qeyd etdiyim optimist ssenari baş tutsaydı, bu köhnə oyunçuların (iqtidar-müxalifət) sonu olacaqdı. Buna imkan vermədilər, verə bilməzdilər. Nnəticədə "islahat nağılı" bitdi, cəmiyyətin bir çox kəsmində iqtidara inamsızlıq artdı, seçki yolu ilə dəyişikliyin mümkünsüzlüyü tezisi, boykotçuların arqumenti gücləndi, ölkənin radikallaşması baş verdi, sivil dəyişikliklərin önü tıkandı. Deməli, udan hələ ki, ölkəni köhnə qayda ilə idarə etmək istəyənlər oldu. Gücləri göstərdilər, prezident də heç nə etmədi, ya da edə bilmədi". Natiq Cəfərlinin fikrincə, son iqtidar-müxalifət dialoqu söhbəti seçkilərdə baş verənlərin düzəldilməsi cəhdidir: "Yeni komanda ayılıb təşəbbüs göstərmək istəyir, səmimi və qətiyyətli olsalar bəlkə nəsə edə bilərlər. Bunun üçün 27 ildi "Sprut" kimi kök atmış əsgi sistemi qazımağa özlərində güc tapmalıdırlar, "osminoqun" əl-ayaqlarını kəsməyə siyasi gücləri və qərarlıqları olmalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org