Kondisionersiz imtahan otaqları – DİM sözçüsü günəşin qarşısını pərdə ilə kəsdiklərini deyir

    21

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakıda və respublikanın 28 rayonunda IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə ərzində davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

    İmtahanlar ölkə üzrə anormal isti hava şəraitinin hökm sürdüyü bir vaxtda keçirilir. Bu gün Bakıda və əksər rayonlarda 40-44 dərəcə isti olacağı, bəzi yerlərdə temperaturun hətta 46 dərəcəyə çatacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müntəzəm olaraq xəbərdarlıq edir ki, bu cür kəskin istilərdə açıq havada qalmasınlar, günvurmadan qorunmaq üçün tədbirlər görsünlər. Habelə əmək qanunvericiliyinə əsasən açıq havada iş dayandırılmalıdır. Bəs belə havada şagirdlər imtahan verməsi üçün lazımi şərait yaradılıbmı? İmtahan keçirilən zallar kondisionerlərlə təchiz olunubmu?

    DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə özü də hazırda imtahanın gedişini izlədiyini, imtahan keçirilən zalların kondisionerlə təchiz olunmadığını dedi: “İmtahanların keçirildiyi mərkəzlər məktəblərdə yerləşir. Məkrəblər də, bildiyiniz kimi, kondisionerlə təchiz olunmayıb. Amma zalların hamısında günün qarşısını almaq üçün pərdələr var”.

    X. Xanlarzadə həmçinin bildirib ki, imtahan keçirilən bütün mərkəzlərin qarşısında təcili tibbi yardım və yanğınsöndürmə avtomobilləri var. Səhhətində problem yaranan olarsa, ona dərhal həkimlər tərəfindən müdaxilə olunur: “Hələ ki, səhhətində problem olan şagirdlərlə bağlı bizdə məlumat yoxdur. Çünki imtahan bitəndən sonra, axşam saatlarında protokollar açılacaq və ondan sonra belə halların olması və səhhətində problem yaranan şəxslərin sayı haqqında məlumat almaq mümkün olacaq”, – deyə DİM rəsmisi qeyd edib.

    DİM-in yaydığı məlumata görə bu gün umumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət və tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamətüzrə imtahan keçirilir və ümumilikdə 57625 şagirdin imtahan verməsi nəzərdə tutulur.

    İmtahanların idarə olunması üçün həmçinin DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur./virtualaz.org/